"Vətənpərvər məktəblilər" layihəsi başlayıb - FOTO

16:50 15.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

”Vətənpərvərlik hamımız üçün ən ülvi hissdir, doğma yurda olan sonsuz sevgimizdir, el-obaya bağlılığımızdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyevin "Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun" şüarı əsas götürülərək vətənpərvərlik layihəsi məktəbdən başlamalıdır. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə söylədiyi fikirləri rəhbər tutaraq məcburi köçkün məktəblərində “Vətənpərvər məktəblilər” layihəsinin həyata keçirilməsi ilə bağlı təşəbbüslə çıxış etdik:

Parlamentin Gənclər və idman komitəsinin Təhsil Nazirliyi ilə birgə həyata keçirəcəyi “Vətənpərvər məktəblilər” pilot layihəsinə ilk olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində müvəqqəti yerləşən və məcburi köçkün məktəbi olan Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbindən başlanılıb.

Layihə çərçivəsində Milli Məclisin Gənclər və idman komitəsi “Elmi araşdırmalar ictimai birliyi” ilə birlikdə Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan 210 nəfərdən artıq məktəbliyə üzərində Azərbaycan Respublikasının dövlət bayrağı həkk olunmuş, işğal edilmiş rayonumuzun adı yazılmış yay və qış geyim forması, vətənpərvərlik rəmzləri təqdim edilib.

Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan şagirdlərə  müəyyən edilmiş dərs vaxtlarına riayət etməklə, vətənpərvərliklə bağlı zəruri  biliklərin, o cümlədən hər bir azərbaycanlının yüksək vətənpərvərlik duyğuları ilə yaşamaq, Vətənin hər birimizin müqəddəs səcdəgahı, pənah yeri olaraq ona ilahi bir sevgi ilə bağlanmaq kimi fikirlərin aşılanması nəzərdə tutulub.

Təsadüfi deyil ki, Hovuslu kənd tam orta məktəbinin 210-dan çox təhsilalanı,  valideynlər və müəllimlər belə bir mühüm layihənin həyata keçirilməsini razılıqla qarsılayıblar.

Layihə çərçivəsində təhsilalanlarla tez-tez görüşlərin keçirilməsi, onların vətənpərvər ruhda tərbiyə edilməsi ilə yanaşı, informasiya resurslarından səmərəli istifadə edilməsi, mütəmadi olaraq ölkəmizin ziyalıları ilə görüşlərin təşkili, şagirdlərin oxumağa və xarici dil biliklərinin artırılmasına təşviq edilməsi nəzərdə tutulur.

Bütün təhsilalanları, müəllimləri və valideynləri 15 sentyabr “Bilik günü” münasibəti ilə səmimi qəlbdən təbrik edərək bildirmək istəyirəm ki, mövcud pandemiya şəraitinin təhsil sistemində də çətinliklər yaratmasına baxmayaraq, ölkəmiz distant təhsilə qısa müddət ərzində inteqrasiya edib. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində aparılan sistemli islahatların ana xəttini insan kapitalının formalaşdırılması təşkil edir.

Ölkə gənclərinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyalarına sadiq olması, gənc nəslin təhsilli və vətənpərvər ruhda yetişdirilməsi, milli-mənəvi dəyərlərə uyğun tərbiyə edilməsi günün tələbidir. Layihənin həyata keçirilməsi üçün məcburi köçkün məktəblərinin seçilməsində əsas məqsədlərdən biri  işğal altında olan ərazilərimiz, torpaqlarımızın müdafiəsi zamanı şəhid olan qəhrəmanlarımız barədə gənc nəslə daha geniş məlumatların verilməsidir.

Oxunma sayı 2349