"Xəstəxanalarda virusa yoluxmuş şəxslərə diqqət yüksək səviyyədədir"- Tanınmış həkimdən AÇIQALAMA

15:12 30.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxan xəstələrin müalicəsi dövlət hesabına aparılır. Bunun üçün Bakı şəhərində klinikalar ayrılıb. Həmçinin Prezident İlham Əliyev regionlarda da bu şəraitin yaranması üçün xüsusi tapşırıqlar verir. Yaxın günlərdə Gəncədə modul tipli xəstəxananın açılışında da iştirak etdi.

Lakin sosial şəbəkələrdə bir qrup insanlar xəstəxanalarda müalicənin yaxşı aparılmaması kimi məsələləri qabardırlar. Həqiqətən bu və ya digər problemlər hazırki vəziyyətdə varmı?

Bu barədə hafta.az-a danışan tibb elmləri doktoru Nuran Abdullayev bildirdi ki, təəssüf ki, atılan addımlara baxmayaraq, virusa yoluxanların və ölənlərin sayı artır:

"Yəqin ki, bu tədbirlər həyata keçirilməsəydi, yoluxma və ölüm hallarının sayı fantastik rəqəmlərlə müşahidə olunardı. Bu, bir daha onu göstərir ki, tətbiq edilən xüsusi karantin rejimi və məktəblərin bağlanılması nəticəsində virus daha da geniş yayıla bilməyib. Təbii ki, yoluxma və ölüm hallarının indiki artımı da müvafiq preventiv tədbirlərin səmərəsizliyindən irəli gəlmir. Bu, bütün dünyada belədir. Əgər insanlar məsuliyyətdən yayınıb şəxsi gigiyena qaydalarına əməl etməsələr, məsafə saxlamasalar, tibbi maskadan istifadə etməsələr, o zaman COVID-19-un yayılma sürəti də həyata keçirilən istənilən qabaqlayıcı tədbiri üstələyə biləcək. Virusun zərərsizləşdirilməsi isə peyvənd tapılana və ya insanlar immunitet qazanana qədər qeyri-mümkündür", - deyə Nuran Abdullayev qeyd edib.

Həkim yayılan söz-söhbətlərə fikir bildirərkən qeyd etdi ki, dövlətin virusun yayılmasının qarşısının alınmasına qarşı həyata keçirdiyi tədbirlərə cəmiyyət tərəfindən də lazımi dəstək verilərsə, bu zaman virusun yayılma sürəti kifayət qədər azalar:

"Lakin təəssüflər olsun ki, son günlərdə vətəndaşların laqeyd münasibəti və etinasızlığı, təcrid qaydalarına riayət olunmaması nəticəsində yoluxma halları daha da artır. Yaxın keçmişə nəzər salsaq, aprel və may aylarına nisbətən hazırda ölkəmizdə yoluxma hallarının necə sürətlə yayıldığını görürük. Bu sürətin artım tempinə ölkəmizdə koronavirusun geniş yayıldığı rayon və şəhərlərin sakinlərinin digər rayon və şəhərlərə istirahətə yollanması da müəyyən mənada köməklik göstərib. Təsəvvür edin ki, simptomsuz virus daşıyıcısı koronavirusun yayılmadığı rayon və şəhərə istirahətə gedirsə, bu, getdiyi ərazidə nə qədər insanı yoluxdurması deməkdir. Beləliklə, bir nəfərin məsuliyyətsizliyi ucbatından daha bir rayon və ya şəhər təhlükə altına düşmüş olur".

Oxunma sayı 1809
Sosial rubrikasından digər xəbərlər