"Yerli seriallar rəqabətə davamlı deyil"- PROFESSOR

12:38 14.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan teleməkanında bir neçə ildir ki, xarici serialların yayımlanması dayandırılmışdı. Dünən isə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan ərazisində fəaliyyət göstərən bütün yerüstü yayımçıların televiziya proqramlarında əcnəbi teleserialların yayımının bərpa olunması məsələsi də müzakirə olunub. Artıq 1 sentyabr 2020-ci il tarixdən etibarən Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.

Hafta.az-a xarici serialların yerli telekanallarda yayımlanması qərarına münasibət bildirən teletənqidçi, professor Qulu Məhərrəmlinin fikrincə, bir müddət öncə xarici serialların yayımlanması həm yerli serial istsehsalının imkanlarını məhdudlaşdırırdı, həm də inkişaf etməyə qoymurdu:

“Bu qadağaların əsasları var idi. Hesab edirəm ki, ən yaxşı əcnəbi seriallar Azərbaycan dilində göstərilməlidir. Məsələn, “Muhteşem Yüzyıl” serialı kimi filmin yayımlanması təqdirə layiqdir. Çünki bu, bir tarixdir, bir mədəniyyətdir. Elə ciddi serialların verilməsində problem görmürəm. Keçən bu müddət ərzində məlum oldu ki, yerli seriallar rəqabətə davamlı deyil. Yüksək məhsullar istehsal edə bilmir. Tamaşaçıların rəğbətini qazana bilmədiyi üçün, reklam bazarı da zəifləyir. MTRŞ-nın qəbul etdiyi bu qərarı doğru sayıram”.

Professor Türkiyə istehsalı olan filmlərin də Azərbaycan dilinə tərcümə edildikdən sonra yayımlanmasının tərəfdarıdır:

“Azərbaycanda yüksək dublaj ənənəsi var. Məsələn, kinostudiyada çox gözəl nümunələri yaradılıb. Amma təəssüf ki, o cür peşəkarların sayı azdır, dublajı bilən aktyorlar azdır. Mədəniyyət Nazirliyinin nəzdində mərkəzləşdirilmiş dublaj studiyası yaratmaq təşəbbüsü var idi. Çünki bütün peşəkarlığa baxmayaraq, dublaj tam şəkildə olmalıdır. Vaxtı ilə türk seriallarının Azərbaycan televiziyalarında yayımlanmasının tərəfdarı idik, indi də dəstəkləyirəm. Amma bu Azərbaycan dilinin hüquqlarını tapdalamamaq şərti ilə olmalıdır. Türk dilində yayımlanan seriallar Azərbaycan dilinin formalaşmış daxili strukturuna təsir edir. Bu baxımından türk serialları da dublaj olunmalıdır”.

Oxunma sayı 5279
Mədəniyyət rubrikasından digər xəbərlər