“100 çinli turistdənsə 10 azərbaycanlı turistin gəlməsi daha yaxşıdır” – İrfan Çiftçi

10:00 15.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın turizm baxımından ən inkişaf etmiş altıncı ölkəsi olan qardaş Türkiyə daha çox turist çəlb etməyə və təbii ki, paralel olaraq gəlirlərini artırmağa çalışır. Amma təəssüf ki, illərdir qonşu Suriyada gedən müharibə və sair kimi olaylar turistlərdə müəyyən qədər tərəddüd yaradır. Bu baxımdan sözügedən amillər Türkiyəyə turist axınına necə təsir göstərir, qardaş ölkənin bu müstəvidə nə kimi plan və proqramları var və sair. Elə Türkiyə Səfirliyinin Turizm və Tanıtma müşaviri İrfan Çiftçi ilə görüşümün özəl səbəbi də bu suallara cavab tapmaq idi. Uzun uzadı söhbətləşdik, nələri danışdıq, buyurun oxuyun:

- Suriyada yaşanan hərbi olaylar heç də Türkiyədə turizmin inkişafına mənfi təsir göstərməyib. Bunu son iki ildə ölkəmizə gələn turistlərin sayındakı böyük artım da təsdiqləyir. Hesab edirik ki, bu ilin sonuna Türkiyəyə gələn turistlərin sayı 50 milyonu keçəcək.

- Turistlər adətən hərbi gərginlik olan region ölkələrinə getməkdən çəkinirlər. Sizcə onları nə çəkir Türkiyəyə?

- Yəqin türk xalqının mehribanlığı, qonaqpərvərliyi təsir edir. Məncə dünyanın hər yerində aktiv olan sosial medianın da rolu böyükdür. Baxın, canını götürüb qaçan mühacirlər Avropada itlərin qabağına qatılıb qovulur, demək olar hər gün Aralıq dənizində qaçqınlar batıb həlak olur. İnsanlar bütün bu vicdansız davranışları da görür, təxminən 6 milyon qaçqına ev sahibliyi edən, onlara yaşamaları üçün ən münasib şəraiti yaradan, onları yedirib-içirən, uşaqlarına təhsil almaları üçün şərait yaradan Türkiyəni də. Məsələn, bu günlərdə yunanıstanlı bir müxbirin Avropaya səs salan məqaləsi dərc olunub. O, Yunanıstanda məskunlaşan 40 min mühacirin vəziyyətini Türkiyədə sığınacaq tapan 6 milyon mühacirə yaradılan şəraitlə müqayisə edir. Nəticə olaraq yazır ki, sitat: Türkiyədəki qaçqın düşərgələrinə beş ulduz verərəm, Yunaıstandakı düşərgələrdə isə insan yaşamaz. Buna görə də yunan olduğum üçün utanıram... Düşünürəm ki, Türkiyənin ən yüksək insani davranışı dünyanın hər yerində rəğbət doğurur və bu da turistlərin sayının ildən-ilə artmasına səbəb verir. Bu gün Türkiyə illik turist qəbuluna görə dünyada altıncı böyük turist ölkəsidir. 

- Bildiyim qədər bu ilin 9 ayı ərzində Türkiyəyə 40 milyondan çox turist gəlib. Maraqlıdır, onlar ölkənizin daha çox hansə bölgələrinə gedirlər, belə bir araşdırma aparılırmı?

- Türkiyədə turizm sənayesinin inkişafına rəhmətlik Turqut Özal dövründə başlanılıb. Otellər çox az idi. O ilədək Antalya bölgəsində rəsmi qonaq evləri də daxil cəmi 1100 yataq sayı həyata keçirilən proqramlar sayəsində beş il ərzində bir milyonu aşdı. İlk olaraq Aralıq və Egey dənizi sahilləri turizm bölgələri elan edildi. O vaxtdan adıçəkilən bölgələrdə turizm sənayesi sürətlə inkişaf etməkdədir. Amma son 10 ildir ki, Türkiyənin digər bölgələrində də böyük turizm təsisatları yaradılmaqdadır. Bunun üçün turizm sahələri çeşidləndirilir. Məsələn, son 5 ildir Qara dəniz bölgəsində yaylaq turizmi inkişaf etdirilməkdədir. Çünki ərəb dünyası və digər isti ölkələrdən olan turistlər yaylaq turizminə böyük maraq göstərirlər. Şimal insanları, xüsusilə də Rusiya və şimali Avropa ölkələri üçün Aralıq dənizi bölgəsi əsas istirahət yeridir. Çünki onların yaşadıqları ölkədə görə bilmədikləri günəş, isti dəniz suları və sair Aralıq dənizi bölgəsində var. Günəşi bol, amma dənizi nisbətən ilıq olan Egey bölgəsi – bura Marmaris, Bodrum və sair daxildir – daha çox zəngin və orta-yuxarı təbəqənin nümayəndələri üçün əlverişlidir. Bundan əlavə, son illər dünyanın hər yerindən Kapadokiyaya gəlməyə başlayıblar. Oradakı uçan şarlarda səyahət etmək üçün həftələrlə növbə tutmaq lazımdır. Daha sonra, cənub-şərqi Anadoluda yerləşən Urfa ətrafında arxeoloji qazıntılar zamanı Göbəklitəpə antik şəhərin xarabalığı aşkarlanıb. Bu abidə dünya tarixini dəyişəcək əhəmiyyətə malikdir. Çünki orada yaşı təxminən 13 min il olan məbəd mövcuddur və əldə olunan dəlillər bu məbəddə təkallahlılığa sitayiş olunduğunu göstərir. Hansı ki, indiyədək təkallahlılığın 3 min əvvəldən - Musa peyğəmbərdən başladığı məlum idi. Belə maraqlı tapıntı öz-özlüyündə dünyanın hər yerindən turistlərin diqqətini çəkməyə başlayıb. Eyni zamanda, cənub-şərqi Türkiyədə PKK terroruna son qoyulması bu bölgədə də turizmin inkişafına səbəb olub. Amma bu yerlərdə təbii və tarixi abidələrdən daha çox mədəniyyət turizmi əhəmiyyətə malikdir. Ümumiyyətlə, günümüzdə Türkiyədə yalnız dəniz-qum deyil, qastronomik, tibbi, konqres, ekoloji, mədəniyyət, inanc və sair turizm sahələri kifayət qədər inkişaf ediblər.

- Hər turizm sahəsinin öz müştərəiləri olsa da, dəniz-qum turizmi daha çox insanı özünə çəkir. Bəlkə də buna görədir ki, Antalyaya daha çox turist gedir...

- Antalyada ilin sadəcə üç ayında –dekabr, yanvar və fevralda turistlərin sayında nisbətən azalma hiss olunur. Amma bunun da əvəzini doldurmaq üçün son beş-altı ildir ki, bölgədə konqres turizmi genişlənməkdədir. Yəni bölgədə çox sayda beynəlxalq və regional tədbirlər keçirməklə turistlər “ölü sezon” deyilən bu zaman kəsiyində də Aralıq dənizi sahillərinə gəlməyə həvəsləndirilir.

- Heç kimə sirr deyil ki, Anadolunun daxili və şərq hissələri, eləcə də Qara dəniz sahilləri yamyaşıl meşələrlə örtülüdür. Burada meşələr, göllər, çaylar, şəlalələr – turistin heyranlıqla zövq alacağı hər şey var. Amma nədənsə illər uzunu dəniz turizminin inkişafı bu yerləri yada salmağa imkan verməyib...

- Siz deyən təbii gözəlliklər mövcuddur, amma həmin yerlərin inkişafı üçün infrastruktur yaradılmayıb. Yollar salınmayıb, otellər tikilməyib. Bu infrastruktur son dövrlərdə tədricən yaradılmaqdadır və bu da dağ-meşə turizmini canlandırmaqdadır. Nəticədə isə həmin bölgələrdə sənayenin, kənd təsərrüfatının inkişafını sürətləndirəcək, yeni işləri yaranacaq, yerli əhalinin rifahı yaxşılaşacaq.

- Anadolunun şərqində də turizmin daha zəif inkişaf etdiyini görürük. Baxmayaraq ki, bu ərazi İranla həmsərhəddir, hətta Qafqaz ölkələrinin də iki addımlığındadır. Yəni bölgədə turizmin inkişafı qonşu ölkələrdən xeyli turist çəkə bilər. Nəzərə alaq ki, iri və əsrarəngiz gözəl Van gölü də buradadır...

- Bilirsiniz, turizmin daha çox Aralıq və Egey dənizi sahillərində inkişaf etdirilməsi götürüləcək gəlirlərin həcminə bağlıdır. Bu yerlərdə ilin 8-9 ayı dənizə girmək mümkündür, otellər turistlərlə dolu olur. Qara dənizdə isə turist sezonu 5, maksimum 6 ay sürür. Van gölü ətrafında turist sezonu isə cəmi 3 aydır.  İndi baxın: Antalyada sezon 12 ay olduğu halda Van gölünün 3 aylıq sezonu üçün xərc çəkməyə dəyərmi? Əlbəttə ki, Antalyada turizmi daha da genişləndirməklə daha çox gəlir götürmək mümkündür..

- Amma Van gölü bölgəsində üç aylıq yay sezonu başa çatandan sonra uzun qış turizmi sezonu başlayacaq və bu sahəni inkişaf etdirməklə bölgədə il boyu gəlir əldə etmək olar...

- Qış turizmi də inkişaf etməkdədir və bəlli bölgələrdə bu sahədə böyük infrastruktur yaradılmaqdadır. Əvvəllər Türkiyədə qış turizmi deyəndə yalnız Uludağ xatılanırdısa, bu gün Ərzurumda Palandökən, Qarsda Sarıqamış və sair də xeyli inkişaf edib. Son beş ildir ki, Kayseridəki Ərciyəz bölgəsi qış turizm sezonunda turistlərlə dolub daşır. Hətta Azərbaycandan da ora gedənlər çoxdur. Yenə deyirəm, bütün bu bölgələrin turizm potensialından istifadəyə artıq başlanılıb. Məsələn, yay bitsə də, turistlərin azaldığı qışın ölü sezonunda da bu yerlərdə ekoturizmi, konqres turizmini inkişaf etdirməklə təbiətin gözəlliyindən maksimum faydalanmağa səy göstərilir. Yeni yollar çəkilir, otellər tikilir, infrastruktur yaradılır. Hansı ki, 10 il əvvəl bu yerlərin dağlarında müəyyən sayda qonaq evləri vardı. Onlar da ki, qızdırıcı sistemi zəif idi deyə qışın soyuğunda turistləri razı salmırdı. Amma ildən-ilə bütün bu çatışmazlıqlar aradan qalxır. Ümid edirəm ki, yaxın gələcəkdə şərqi Anadolu və Qara dəniz sahili də turizm mərkəzlərinə çevriləcək. Çünki Türkiyə dövlətinin hədəfi 2023-cü ildədək dünyada turizmin ən güclü inkişaf ediyi ölkələrin siyahısında ilk üçlükdə yer almaqdır.

- Bəs turizmdən götürülən gəlirlər məsələsində Türkiyənin yeri necə görünür? Yəni bildiyimə görə, məsələn, İtaliya, Yunanıstan və ya Fransada bir turist həftə ərzində istirahətə xərclədiyi vəsaitin yarısını sərf etməklə Türkiyənin daha məşhur olan Antalya məkanında eyni müddətdə dincələ bilər...

- Doğrudan da, Türkiyədə istirahət etmək Avropadakından xeyli ucuz başa gəlir. 2018-ci ilin yekunlarına görə, Türkiyə turizmdən 29,5 milyard dollar gəlir götürüb. 2019-cu ildə turistlərin sayında hiss olunan artımı nəzərə alsaq, bu il turizmdən gəlirlərin həcminin 40 milyard dolları keçəcəyini ehtimal edirik. Hazırda Türkiyə dövləti turizmdən gəlirləri artırmaq üçün yeni proqramlar üzərində çalışır. İstəyirik daha çox pul xərcləyən turistləri ölkəmizə cəlb edək. Yəni daha çox turist qruplarında gəzib-görmək istəyənlər deyil, xüsusi alış-veriş məqsədilə səyahət edənlər gəlsin. Bu gün dünyanın hər yerində xüsusi qruplar var ki, özəl alış-veriş edənlərin səyahətini təşkil edir. Onlar arzuladıqları eksklüziv məhsulları almaq üçün ölkələrə səfərlər edir və yaxşı da pul xərcləyirlər. Məhz bu yolla daha az turist cəlb etməklə daha çox gəlir götürmək kimi niyyətimiz var.

- Əhalisinin sayı çox olan ölkələrdən – Çin, Hindistan, İndoneziya, Pakistan, Braziliya və sairdən daha çox turist gətirmək üçün Türkiyənin nə kimi planları var? Heç kimə sirr deyil ki, bu gün Çin dünyanın ən çox turist göndərən ölkələrindəndir. İndoneziya da həmçinin...

- Çinlə bir sıra proqramlar həyata keçirilməkdədir və hesab edirəm ki, Türkiyəyə gələn çinli turistlərin sayında da artım nəzərə çarpmaqdadır. Eyni cür Yaponiya ilə də iş aparılmaqdadır. Amma mən bu məsələdə bir az fərqli düşünürəm. Əhalinin çox olması heç də turist ehtiyyatının böyük olması anlamına gəlmir. Tutaq ki, Çinin milyard yarım əhalisi var, amma onun ortalama 15 faizinin – 200 milyon nəfərinin gəzib səfər etmək üçün maddi imkanları çatır. Qalan qism harasa səfər etməyi ağlına da gətirmir...

- Məsələ ondadır ki, 200 milyon səfər etmə imkanlı çinlinin sayı Avropa İttifaqı əhalisinin yarısına bərabərdir. Məncə Türkiyə bu mənbədən yararlanmalıdır. Həmin 200 milyonun cəmi 1 faizini cəlb edə bilsəniz, bu 2 milyon turist demək olacaq. Bu qədər turist isə ölkənizdə ortalama 1,4 – 2 milyard dollar xərcləyəcək...

- Əslində Türkiyəyə kifayət qədər çinli turist gəlir. Amma biz daha çox pul xərcləyən turistlərə üstünlük verərdik. Məsələn, Amerikadan gələnlər daha çox pul xərcləyir və istərdik ki, amerikalı turistlərin sayı artsın. Yaxud da, məsələn, çinli 100 turistin gəlməsindənsə azərbaycanlı 10 turistin gəlməsi daha məqsədəuyğundur. Çünki azərbaycanlı turistlər daha çox pul xərcləyirlər. Əlbəttə, gələn turistlərin sayının çox olması siyasəti bir müddət davam edir, sonra isə kəmiyyəti keyfiyyət əvəz etməyə başlayır.

- Kəmiyyətdən söz düşmüşkən, bu gün əksər ölkələrdə, o cümlədən Azərbaycanda, elə Türkiyədə də 1 və 2 ulduzlu ucuz otellərin sayı çox azdır. Çünki ölkəni gəzib-görmək, tanımaq üçün səfər edən turistə bahalı oteldə gecələmək lazım deyil. Onlar daha az pul xərcləməklə daha çox ölkəni gəzmək istəyirlər. Bu müstəvidə Türkiyədə proqramlar işlənirmi?

- Bəli, son vaxtlar xüsusilə az ulduzlu otellərin sayı sürətlə artmaqdadır. O cümlədən, İstanbulda bu proqram daha çox icra olunur. Çünki indiki vəziyyətdə İstanbul hər il 20 milyon turisti qəbul etmək imkanında deyil, baxmayaraq ki, Paris təkbaşına ildə 50 milyon turistə ev sahibliyi edə bilir. Niyə, ona görə ki, Parisdə xüsusi otellər bölgəsi var. Oradakı otellərin əksəriyyəti 1 və 2 ulduzludur. Son illər eyni proqramlar İstanbulda da icra edilir. Xüsusilə də İstanbulun tarixi rayonlarında – Bəyoğlunda, Beşiktaşda köhnə tikililər sökülərək yerində daha müasir və az ulduzlu otellər tikilməkdədir.

- Hazırda dünyada inkişaf edən tibbi turizmin Türkiyədə vəziyyəti nə yerdədir?

- Sürətlə inkişaf edib genişlənə sahədir. Müasir müalicə müəssisələrinin mövcudluğu, qiymətlərin aşağı olması və yüksək xidmətin göstərilməsi ildən-ilə Türkiyəyə gələn əcnəbi xəstələrinin sayının artmasına təkan verir. Xüsusilə də Avropadan çox gələnlər var. Əksəriyyəti diş müalicəsi, estetik əməliyyatlar, ürək cərrahiyyəsi və sair üçün gəlir. Tibbi turizm yeni olması ilə bərabər həm də çox gəlirli sahədir.

Oxunma sayı 389