RƏSMİ

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin rəsmi saytının yaydığı məlumata görə, prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı prezidentlərin və baş nazirlərin ilk rəsmi səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayaraq bu ənənənin nazirlər səviyyəsində də davam etməsindən məmnunluğunu bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, xüsusilə də müdafiə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Dövlət başçısı Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb. Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz Prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə və Azərbaycan xalqına salamlarını və ehtiramını çatdırıb. İsmet Yılmaz nazir təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirib. Heydər Əliyevin dediyi “bir millət, iki dövlət“ kəlamına toxunan türkiyəli nazir bunun artıq bütün dünyada qəbul olunduğunu vurğulayıb. Dövlət başçısı Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.


Prezident İlham Əliyev dünən ABŞ Atlantik Şurasının prezidenti Frederik Kempin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev dünən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Piter Beytmanın etimadnaməsini qəbul edib. Səfir Piter Beytman fəxri qarovul dəstəsinin qarşısından keçdi. Piter Beytman etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə sürətlə inkişaf etdiyini deyib. Britaniya şirkətlərinin Azərbaycanın enerji sektorunda, biznes və mədəniyyət sahələrindəki fəaliyyətinə toxunan prezident İlham Əliyev əlaqələrimizin yaxşı ənənəyə malik olduğunu və bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb. Diplomat Piter Beytman Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin Azərbaycan Prezidentinin, onun ailəsinin və Azərbaycan xalqının rifahı naminə ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Piter Beytman Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetlə bir neçə il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Kraliçaya çatdırmağı xahiş edib.
Əli