15-16 yaşlarında ana olmağa məcbur qalanlar - ARAŞDIRMA

16:53 18.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Zaman-zaman üzərinə qayıtığımız mövzu yetkinlik yaşına çatmayan qız uşaqlarının ailə həyatı qurması üçün göstərilən təziqlər, təhriklərdir. Yəni bu məsələ hələ də cəmiyyətin yaralı yeridir, öz həllini tapmır, maarifləndirmə işləri öz bəhrəsini vermir. 

Elə yaxın günlərdə Şəkidə yetkinlik yaşına çatmadan hamilə qalan qızla bağlı təfərrüat məlum olub. Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Q.N. gətirilib. Belə ki, Göygöl rayon sakini Q.N. Suçma kənd sakini, 22 yaşlı Babayev Bilal Möhəbbət oğlu ilə rəsmi nikah olmadan birlikdə yaşayıblar. Q.N. səhhətindəki problemlərlə bağlı həkimə müraciət edib. Nəticədə, onun hamilə olduğu məlum olub.

Yetkinlik yaşına çatmayan qızların ailə təziqi ilə ailə qurması və ya partnyoru tərəfindən cinsi əlaqəyə girmə kimi təhrik, təziq hansı cinayət məsuliyyəti daşıyır, ümümiyyətlə qanunvericilikdə bu haqda hansı qadağalar tətbiq olunur?

Hafta.az-a mövzunu şərh edən hüquqşünas Vidadi Mirkamal dedi ki, bu ilk növbədə əxlaq məsələsidir və Azərbaycan cəmiyyətində özündən böyüklərlə, qohum qardaşın sözü ilə azyaşlı qızların ailə həyatı qurması baş verir:

“Şahidi oluruq ki, o qızlar öz istəyi ilə ərə getmirlər. Hüquqi tərəfi odur ki, Azərbaycan Qanunvericiliyinə görə, 18 yaşından az olan qızların ərə verilməsi yalnız nəzərdə tutulmuş müəyyən şərtlər çərçivəsində mümkündür. 18 yaşdan aşağı – 16, 17 və ya daha az yaşlarda ailə qurması üçün qızları təhrik etmə, təziq qadağandır. Bu qanun hamı üçündür; həm ərəgedən qız üçün, həm onu alan oğlan üçün... Qızı alan bilməlidir ki, qanunla bu qadağan olunub. Əgər onlar ailə qurub yaşayacaqsa, artıq digər maddə ilə - azyaşlılara qarşı əxlaqsızlığa sövq etmə maddəsi ilə də cinayət məsüliyyətinə cəlb oluna bilər. Hüquq-mühafizə orqanları bu işlə maraqlanmalıdır”

Hüquqşünas deyir ki, iki partnyorun öz istəkləri ilə belə ailə münasibəti qurması cinayət məsuliyyəti daşıyır: “Yaşı ailə qurmağ yaşına çatmayıbsa, hər bir halda cinayət məsuliyyəti daşıyır. Cəmiyyətimizdə bu kimi hallara da rast gəlmək olur. Və əsas gətirirlər ki, öz istəkləri nəticəsində baş verib. Bu isə yanlış düşüncədir. Qanunvericilikdə tutulan yaş gözlənilməlidir”.

Ekspertlər həmçinin erkən yaşda qızların ailə qurması məsələsini qadınların hüququnun pozulması cəhdi kimi də qiymətləndirirlər. Həqiqətən bu addımlar gələcəkdə qadınlar üçün nə vəd edir, fizioloji yetişkənliyə yenicə çatan qızın ailə qurduqdan sonra hansı problemləri yaşaması qaçılmazdır?

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, erkən nikahlarla bağlı vəziyyəti qiymətləndirmək qismən çətindir: “Çünki latent (üstüörtülü və daimi-red.) prosesdir. Biz bilirik ki, streotiplər olan ölkələrdə bu cür problemlərlə mübarizədə çoxlu çətinliklər var. Amma buna baxmayaraq, bilirsiniz ki, Cinayət Məcəlləsində məcburi nikahla erkən nikahı eyni qismdə qəbul eləmək olar. Hər iki halda cinayət məsuliyyəti nəzərdə tutulub. O cümlədən bir sıra qurumlar bu məsələlərdə müəyyən tədbirlər planı hazırlayıb. O cümlədən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda bu məsələni gündəmə gətirdi, hətta Heydər Əliyev Fondu bununla bağlı müxtəlif tədbirləri davamlı şəkildə həyata keçirdi. Amma buna baxmayaraq görünən səhnə odur ki, hələ ki biz bu problemi kifayət qədər aradan qaldıra bilməmişik. Hətta vəziyyət odur ki, nikah baş verdiyi halda bu barədə cinayət işinin qaldırılması ilə bağlı məlumat çox gec çatır. Yəni problem odur ki, streotiplər, adətlər, dar çərçivədə, məhdud ərazidə yaşayanlar, kəndlərdə, qəsəbələrdə yaşayanlar bu barədə susur. İctimaiyyət bu məsələdə aktiv iştirakçı deyil. İctimaiyyət buna kifayət qədər dəstək vermir, yalnlz bəzi qruplar dəstək verir. Amma güc daha çox dəstək verməyən tərəfdədir. Bu da mübarizəni bir az zəiflədir. Mən hesab edirəm ki, erkən evliliyin özündə cinsi zorakılıq var. Yəni mən bu məsələyə, bu kontekstdən baxıram. İnsan 18 yaşına çatmayıb. Hələ uşaqdır. Onun evliliyi artıq cinsi zorakılıq qismində qəbul olunmalıdır. Bu Cinayət Məcəlləsində bir maddə yox, bir neçə maddə olduqda, bəli, onda bu cəza kifayət qədər ağır ola bilər”.

Qeyd edə bilərik ki, bir çox hallarda erkən nikaha daxil olan qızların həyatının sonrakı mərhələsində problemlər, anlaşılmazlıqlar və bir sıra psixoloji sarsıntılar, travmalar alırlar.

Psixoloq Vəfa Əkbərin fikrincə, bu kimi hadisələrin səbəbləri müxtəlifdir, belə halda təkcə bir səbəblə problem yarana bilməz: "Hələ də ənənəvi qaydaları üstün tutan yaşlı nəsil, modern düşüncəli gənc nəslə “evliliyin”, “ər çörəyinin” üstün olmasını deyirlər. “Səbəblərdən biri də təhsilə meyilin yaradılmaması, bir çox hallarda məcburi təcridolma, uşaqların yerinə seçim və qərar qəbuletmə -  bu kimi hallar mənfi təzahürlər gətirir. Yetkinlik dövründə artıq hədsiz yüklənməyə məruz qalır. Gənclərin emosiyalarını valideynlər dərk etmir. Duyğular saxta olmur, həqiqi olur. Bəzən isə öz yaşadığı hisslər ona səmimi gəlir və özü də seçimlər edir. Valideynlərlə bu halda müdaxilələrə əl atır. Belə olan halda mütləqdir ki, psixoloqlara müraciət olunmalıdır”.

Sosioloq Sahib Altayın isə məsələyə münasibəti belə oldu:

"İlk öncə bu suallara cavab tapmağa çalışaq. Erkən nikah nədir? Niyə onun adı erkən nikahdır? Bir nikahın erkən olmasının səbəbi nədir? Erkən nikah bir oğlan və ya uşağının hüquqla təyin edilmiş yaş həddindən öncə könüllü və ya məcburi olaraq birgə yaşayışı və ailə qurmaq missiyasını reallaşdırmasıdır.

Hüquq yuxarıda qeyd etdiyimiz yaradıcılıq göstəriciləri arasında sosial və siyasi idarəetməni əks etdirən yaradıcılıq göstəricisidir. Hüququ hüquqşünaslar yox, moralistlər (əxlaq nəzəriyyəçiləri) və elm adamları yaradıblar. XVIII əsrə kimi mövcud olan hüququn əsas tərkib hissəsi dindən və moralizmdən qaynaqlanırdı. Yəni heç bir təcrübə predmeti yox idi. XVIII əsrdən etibarən isə intibah dövrü irəlilədikcə, hüquq da analitik elmin predmetlərinə uyğun formalaşmağa başladı. Nikah və əsgərlik yaşı da sırf bu predmetə uyğun olaraq 17-18 yaş qəbul edilib. Və bu yaşdan öncə baş verən bütün ailə aktları erkən nikah sayılır. Bəs bir halda ki bu yaş həddindən öncə olan evliliklər nikaha daxil edilmir, o zaman niyə buna "nikah və ya erkən nikah" adı verilir. Bu, birbaşa olaraq inanc, din və dini kəbinlə bağlıdır. Yuxarıda qeyd etdiyimiz dövrə kimi din sosial qanunlar toplusu olaraq konstitusiyanın əvəzedicisi idi. Qərbdə bu missiyanı kilsə, Şərqdə isə qazilik və onun himayəsində olan "mollalıq sistemi" yerinə yetirirdi. Əhalisinin əksəriyyəti inanclı olan toplumlarda valideynlərin Allah qarşısında günah işləmək kimi bir dərdi olmur, çünki erkən nikahı dini kəbinlə reallaşdıra bilirlər. Analitik hüququn intibahından sonra isə bu davranış hüquqi baxımdan cinayət sayılır.

Bəs hüquq niyə 17-18 yaş təyin edib? Burada iki mövzuya toxunacağıq - cəmiyyət və yetkinlik. Cəmiyyət - 5 amil - dil, təhsil, mədəniyyət, tibb, siyasət əsasında formalaşan sosial struktur. Bu şərtlər ödənilmədiyi halda hər hansısa bir toplum cəmiyyət olmur. Ya sürü, qəbilə, ya kütlə, ya da qəbiləylə cəmiyyət arasında, heç bir sosial statusu olmayan "toplum" adını alır. Elm hər şeyə reallıq çərçivəsində ideal yanaşır. Elm deyir ki, bu amillərin mövcud olduğu halda bir cəmiyyət formalaşdıran toplumlarda həm oğlan, həm qız uşaqları fərd olur. Və o vaxtdan etibarən fərd yetişdirən institutu-ailəni qurmağa qadirdirlər. Hüquq da məhz bu prinsiplə nikah və hərbi xidmət yaşını 17-18 olaraq müəyyənləşdirib.

Yetkinlik nədir? İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıq olduğu üçün, insan ömründəki yetkinlik statusu iki yerə ayrılır - bioloji yetkinlik, psixoloji-sosial yetkinlik. Bioloji yetkinlik qız uşaqlarında 9-15 yaş arası əvvəlcə bədən quruluşunun dəyişməsi, sonra menstruasiya (el arasında aybaşı kimi bilinən adət halı) halının başlamasıyla, oğlan uşaqlarında isə 12-17 yaş arası öncə bədən quruluşunun dəyişməsi, cinsiyyət orqanının formalaşması və böyüməsi, üz və qasıq nahiyələrində tüklərin əmələ gəlməsi, ikinci və üçüncü mərhələdə ilk seksual istəklərin oyanması, orqanizmin əsasən çanaq və qarın boşluqlarında yerləşən testislər, epididim, vas deferenstan, seminal vəzikullar - prostat və penisin zəncirvari fəaliyyəti nəticəsində formalaşan, ilkin dövrlərdə su, daha sonra süd rənginə oxşar, ağ rəngli "sperma" adlanan mayenin ifraz olunmasıyla formalaşır. Psixoloji-sosial yetkinlik isə həyatı dərk etmək və müstəqil qərar qəbul etmək qabiliyyətinin formalaşmasıyla əlaqədardır. Bu da təbii ki, sosiologiyanın cəmiyyət düsturu yla əlaqədardır. Nikah və hərbi xidmətlə yanaşı, "kişi" və "qadın" statusu da bu prinsiplərlə əlaqədardır. Bioloji bakirəliyin fenomen olduğu toplumlarda oğlan və qız uşaqlarına bu statuslar nikahdan sonra veririlir. Əslində isə elmin təqdim etdiyi modelə əsasən artıq psixoloji-sosial yetkinliyə çatmış yetiyetmə "fərd" sayılır və onun bioloji bakirəliyinin olub- olmamasından, nikah bağlayıb-bağlamamasından asılı olmayaraq "kişi" və "qadın" statusu alır.

Nikah, ailə və cinsi fəaliyyət. Gəldik məsələnin ən qəliz, ən incə və ən çox izah, sübut tələb olunan məqamına. Bu məqamda öncə analiz edəcəyimiz mərhələ "ailə" anlayışıdır. Ailə nədir? Analitik elmin intibah dövrünə kimi ailə moralizmin əsas müdafiəçisi idi. Yəni Sokratın, İbn Xaldunun, İmmaniel Kantın irəli sürdüyü bəşəri, Platonun, Ouqust Kontun, Will Durantın irəli sürdüyü ictimai əxlaq, Bertran Rasselin irəli sürdüyü bəşəri əxlaqa bağlı fərdi və ictimai əxlaq anlayışı xaric, cinsiyyətçiliyə dayanan bütün şəxsi əxlaq anlayışları və xüsusilə cinsi dominantlığın, sosial asılılığın nəticəsində qadının üzərinə yüklənən "namus" məsələsi ailədə öz həllini tapırdı. Cinsi münasibət digər canlılardan fərqli olaraq, insanda nəsil artırmaqla yanaşı həm də davamlı bioloji ehtiyac və psixoloji, mənəvi zövq olduğuna görə, ailə insan və cəmiyyətdə həm nəsilartırmaq metodu, həm də seksual istəklərin əxlaq səviyyəsinə ödənildiyi qurum hesab olunurdu. Ancaq elm inkişaf etdikcə yeni-yeni nəticələr əldə olundu, modellər yarandı".

Sosial rubrikasından digər xəbərlər