15 saylı Birləşmiş Şəhər Xəstəxanasında  tibbi aparatlar çatışmır - FOTO

19:13 29.11.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Gələn ildən ölkə səhiyyəsində  icbari tibbi sığorta tətbiq ediləcək. Bu, hər bir Azərbaycan vətəndaşının ürəyincədir.  Bəs görəsən, bu gün  paytaxtın ətraf qəsəbələrində yerləşən Birləşmiş Şəhər xəstəxanalarının durumu müasir səhiyyəmizin tələblərinə cavan verirmi? İcbari sığortanın tətbiqi zamanı əhali yenə də öz yaşadığı ərazidə səhiyyə müəssisəsini qoyub, mərkəzi xəstəxanalara üz tutmayacaq ki?

Bu dəfə yolumuzu Suraxanı rayonunun Qaracuxur qəsəbəsində fəaliyyət göstərən 15 saylı Birləşmiş Şəhər Xəstəxanasından saldıq. Sözügedən tibb müəssisəsi xəstəxana və poliklinika şöbəsindən ibarətdir. Uzun illərdir, xəstəxananın binası qəzalı vəziyyətdə olduğu üçün fəaliyyətini dayandırıb. Ancaq uçuq binanın foyesində 31 saylı Suraxanı II Seçki Dairəsi 11 saylı Seçki Məntəqəsi yerləşir.

Keçən əsrin ortalarında tikilimiş binadır. Bina, artıq yararsız hala düşüb.  Binadan bir neçə kilometr aralı  Qaraçuxur Qəsəbə Nümayəndəliyinin yaxınlığında xəstəxananın  poliklinika şobəsi fəaliyyət göstərir. Şöbə ikimərtəbəli binada yerləşir. Əsaslı təmir edilib. Binanın otaqları müasir mebel dəstləri, stol-stullarla təmin olunub.

Həkim-cərrah-onkoloq Zakir Cəfərov  bildirdi ki, tibbi avadanlıqları çatışmır, əməliyyat masası, eləcə də işıqlandırıcı yoxdur:

“Yalnız poliklinikada kiçik cərrahiyyə əməliyyatları aparırıq. Böyük cərrahiyyə əməliyyatlarının aparılması üçün xəstəxananın stasionar şöbəsi olmalıdır. Ən azı, reanimasiya şöbəsi olmalıdır.  Bizdə xəstəxananın ancaq adı var. Tibbi sığortaya keçmək üçün ilk öncə tibbi baza yaradılmalıdır”.

Nevropatoloji kabinet işıqlı, təmirli otaqlarda yerləşir. Həkim Ərrəhman Həsənov elektroensefalosrafiya EEQ aparatının olmadığını söylədi, ancaq tibbi çəkilişləri var idi.

Oftalmologiya otağında həkimlər biomikroskoun, refpatometr, təzyiq ölçən tamometrin olmadığını dedilər. Onların sözlərinə görə, ilkin diaqnoz qoymaq üçün adları çəkilən aparatlar lazımdır.

Sözügedən xəstəxananın təsərrüfat işləri üzrə müdiri Kamil Mirzəyev tibb müəssisəsinin mövcud durumu ilə bağlı “Həftə içi”nə açıqlama verərək bildirib ki, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika Şöbəsi ikimərtəbəli binadan ibarətdir. Şöbənin binası 2012-ci ildə Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir edilib: “Poliklinikanın rentgen otağı müasir avadanlıqlarla təchiz edilib. Təzə floqrafiya və rentgen aparatı alınıb. Qəsəbənin əhalisi və məktəblilər gəlib rentgen aparatından keçirlər.  “UZİ” aparatı müasir tələblərə cavab verir. Göz xəstəliklərini yoxlamaq üçün aparatımız yoxdur. Eləcə də endoskopiya aparatı, “EKO” aparatı yoxdur”.

Kamal Mirzəyev burun-boğaz otağında heç bir avadanlığın olmadığını vurğuladı. Onun sözlərinə görə, günün tələblərinə cavan verən müasir aparatlar yoxdur: ”EEQ”,  nevrolojipatoloq otaqlarında tibbi aparatlar olan “Kabe”, “EMERTE” aparatları yoxdur. Bu cür aparatlar olmadan xəstələrə diaqnoz qoymaq olmur.  Diaqnozu da bilmədən xəstələri müalicə edə bilmərik.  Yeri gəlmişkən deyim ki, fizaterapiya otağındakı avadanlıqlar çox köhnədir. Bioloji laboratoriya isə mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərir. Poliklinikaya kardioqramma aparatı lazımdır. Bir sözlə, poliklinika şobəsi müasir tibbi tələblərə cavab verə bilmir.

Tibb otaqları çatışmır. Bir otaqda 3 həkim fəaliyyət göstərir. Fizioterapiya otağı poliklinikadan çox aralı bir yedə yerləşir. Qaraçuxur qəsəbəsinin əhalisinin sayı artıq 37 mini keçib. Xəstəxananın köhnə qəzalı binası sökülüb, yerində müasir tələblərə cavab verən bina tikilməlidir. Deyilənə görə, bina layihəyə salınıb, amma neçə ildir ki, bu məsələ öz həllini tapmayıb”.