20 yanvar – yaddaşlara həkk olan qara tarix - REPORTAJ

11:55 19.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsi... Həmin gün Azərbaycan tarixinə tək faciə olaraq deyil, eləcə də xalqın diriliş günü olaraq həkk olundu. O gün milli birlik, istiqlaliyyət, qanla qazanılmış Azadlıq günümüzdür həm də... 31-il öncə 20 yanvar gecəsi, xalqın azadlıq hayqırışını qanla boğmaq istəyən sovet hökuməti dinc əhaliyə görünməmiş divan tutdu. Heç bir güc azadlığa susamış millətin iradəsini qıra bilmədi. Əli yalın tank önündə dayanan həmvətənlərimizin, əzmi və iradəsi nəhəng imperiyanın süqutunu gətirdi o gecə.

31 il öncə, 21 yanvar günü “qanlı yanvar”ın qəhrəman şəhidləri xalqın müşayiəti ilə Azadlıq meydanından keçərək Şəhidlər Xiyabanında dəfn edildilər. O gün 120-dən çox məzar qazılmışdı, 5 saat çəkən dəfn mərasimindən geriyə qoca bir tarix qaldı. Hə, bir də aralarında 25 yaşlı naməlum gənc  də olmaqla, onlarca şəhidin məzarı...

Hafta.az-ın əməkdaşı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edənlər ilə həmsöhbət oldu.

Əvvəlcə onu qeyd edək ki, Xiyaban başdan-sonadək çiçəklərlə bəzədilib. Sanki  boynubükük qərənfil də qırmızısını şəhid qanından alıb. Məzarları üzərinə güllər düzülüb, şamlar yandırılıb. Havanın soyuq və küləkli olmasına baxmayaraq, insanlar xiyabana axın edirlər.

Xiyabanın girişində və bir neçə fərqli nöqtəsində çiçəklərdən müxtəlif kompazisiyalar yaradılıb. Qara yanvarın qırmızı simvolu olan minlərlə qərənfildən 20 yanvar yazıları düzəldilib.

Elə Xiyabana təzəcə gəlmişdik ki, məzarlar önündə dualar oxuyan ortayaşlı 3 qadın diqqətimizi çəkdi. Yaxınlaşıb bir qədər həmsöhbət olduq. Hər biri o günlərin canlı şahidləri olaraq, şəhidlərimizin əbədi ruhunu yad etməyi özlərinə borc bildiklərini söylədi. Ziyarətçi Xanım xanım o anları belə xatırlayır:

“İlk növbədə, Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. Məhəlləmizdən şəhid olanlar var idi. Həm onları, həm də digər şəhidlərimizi yad  etməyə gəlmişik. O vaxt mənim həyat yoldaşım da həmin hadisələrdə iştirak edib. Atəş səsləri hələ də qulağımdan getmir. Silahların qığılcımları gecənin qaranlığını aydındırdı. Evimiz hava limanına yaxındır. Gecə həyat yoldaşım qan içində evə gəldi. Dedi  ki, “Bayırda millətə divan tutdular. Biri məni silahın qundağı ilə vurdu. Daha sonra alnıma tuşlayıb, nə düşündüsə, öldürməkdən vaz keçdi”. Qonşumuz Zahid həyatını itirmişdi. Yoldaşım onun daxili orqanlarını öz əlləri ilə yığışdırmışdı. Çox ağır günlər idi. Allah xalqımıza bir daha elə dəhşətlər yaşatmasın”.

Elə qəmli, bir o qədər də qürurlu ab-hava ilə yolumuza davam etdik. Daha sonra ailəsi ilə birlikdə xiyabanı ziyarət edən Toğrul Quliyevin də düşüncələrini öyrəndik. O söyləyir ki, şəhidlərimizi yad etmək, hər birimizin vətəndaşlıq borcudur:

“Mən də bu gün ailəm, övladlarımla birlikdə hər il olduğu kimi yenə xiyabanı ziyarət edirəm. Biz tariximizi, övladlarımıza aşılamalıyıq. Gələcək nəsillər öz qəhrəmanlarını tanımalıdır. Qoy onlar da bilsinlər ki, bu torpaqların hər qarışı, hansı fədakarlıqlarla qorunub. Basdığımız torpaq bizim üçün müqəddəsdir”.

Xiyabanı ziyarət edənlər arasında Nəsimi rayon 19 nömrəli məktəbin təşkilatçı müavini Ülviyyə Məmmədova və şagirdləri də var idi. Onlar da bir-bir məzarları dolaşır, üstlərinə qərənfillər düzürdülər.

Müəllim deyir ki, biz hər il ziyarətə şagirdlərimizlə birgə gəlirik. Düşünürəm ki, şəhidləri yad etmək hər birimizin  vətəndaşlıq borcudur:

“Şəxsən mən bura hər gələndə, mənəvi rahatlıq tapıram. əlimizdən başqa nə gəlir ki? Dualar oxuyub, məzarlara çiçək düzməkdən başqa...

Bu gün də burada çox gözəl kompozisiyalar qurublar. Düşünürəm ki, qərənfil elə əzəldən bizim şəhidlərimiz üçün var olub”.

Ülviyyə xanım onu da qeyd etdi ki, Vətən müharibəsində tarixi zəfəri qazanan Azərbaycan əsgəri də elə müəllimlərin yetişdirdiyi övladlardır. Bu səbəbdəndir ki, şagirdlərə şəhidini tanıtmağı özümə borc bilirəm.

Daha sonra 20 Yanvar hadisələrini azyaşlıların dilindən də eşidək dedik. Balaca ziyarətçilər – Xədicə və Ruslan Əhmədzadələr valideynləri ilə birgə şəhidlərimizi yad edirdilər. Addımbaşı analarından gördükləri şəhid haqqında sual verən balacalarla qısa bir söhbət apardıq.

“Ruslar günahsız insanları öldürüblər həmin gün. Valideynlərim deyir ki, 20 yanvar gecəsi, silahsız insanlar tankın qarşısında dayanıb, bizim azadlığımız üçün canlarından keçiblər”. 

Bəli, bu gün ölkədə uşaqdan-böyüyə kimi dindirsən, o günlərlə bağlı danışacaq çox sözü var. Tarix heç nəyi unutmur. 31 il öncə, onlarla günahsız insanın qanı töküldü, ardınca isə əbədi azadlığımız bərqərar edildi. O gün zəncirlərini qırıb sovet əsarətindən qurtulan Azərbaycan xalqı, bu gün eyni iradə ilə Qarabağa doğru getdi. Yolumuz hər zaman zəfər olsun. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Oxunma sayı 1886