“2019-cu il Yaponiya dövləti və xalqı üçün mühüm olub” – Səfir

19:38 27.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya imperatoru Naruhitonun doğum günü münasibətilə, bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul keçirib. Dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun və geniş ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Milli Konservatoriyanın xor kollektivi tərəfindən Azərbaycan və Yaponiyanın himnləri səsləndiilib.

Çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori bildirib ki, 2019-cu il Yaponiya dövləti və xalqı üçün mühüm olub. Yaponiyanın bu yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyini xatırladan səfir ümidvar olduğunu bildirib ki, oyunlara Azərbaycandan da çox sayda idmançı qatılacaq. Yaponiyaya səfər edən azərbaycanlılar yapon mədəniyyəti və təbiəti ilə tanış ola biləcəklər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, ölkələrimiz arasında həmişə yüksək əlaqələr olub. "Azərbaycan və Yaponiya beynəlxalq sülhün qorunmasında töhfələrini veriblər. Yaponiya Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdədir. Ölkələrimiz arasında yüksək səviyyəli səfər, eləcə də hökumətlərarası iqtisadi komissiyyaların işi əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir.

Tədbir çərçivəsində, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyası və Azərbaycan Milli Karate, həmçinin Azərbaycan Aykido federasiyalarının dəstəyi ilə yapon döyüş sənətləri nümayiş olunub.

Qeyd edək ki, ölkənin 126-cı imperatoru olan 60 yaşlı Naruhito 1960-cı il fevral ayının 23-də paytaxt Tokioda doğulub. Onun atçılıq, musiqi və alpinizm kimi bir çox hobbisi olub. Hələ 4 yaşı olanda prestijli Gakushuin məktəb sistemində qeydiyyata alınıb. Bu Yaponiyada elit ailələrin uşaqlarının təhsil aldığı məktəbdir. Naruhito orada coğrafiya klubuna üzv olub.

1974-cü ilin avqust ayında 14 yaşlı şahzadə Avstraliyanın Melburn şəhərinə göndərilir və o, Kolin Harper adlı biznesmenin ailəsində yaşayıb. Bu müddətdə Naruhito ev sahibinin uşaqları ilə skripka çalıb, tennis oynayıb, Lonsdeyl ərazisində at sürüb və Uluruya dırmanıb. O, hətta Avstraliyanın vacib dövlət adamları üçün rəsmi naharda skripka da çalıb.

Naruhito Gakuşuindan 1982-ci ildə tarix fənni üzrə bakalavr dərəcəsi ilə məzun olub. Növbəti ilin iyulunda İngiltərədəki Oksford Universitetinin Merton kollecinə daxil olmazdan əvvəl üç aylıq ingilis dili kursu keçib. Naruhito burada 1986-cı ilə qədər qalıb. O, İngiltərədə qaldığı 4 il ərzində Yapon və Dram cəmiyyətlərinə qoşulub, karate və cüdo cəmiyyətlərinin fəxri prezidenti olub. Mertonda olduğu ilk 3 ildə Böyük Britaniyanın tarixi-inzibati hissələri olan Şotlandiyada Ben Nevis, Uelsdə Snowdon və İngiltərədə Scafell Pike zirvələrinə dırmanıb. Temza çayının nəqliyyat tarixini araşdıran şahzadə Tokioya qayıdandan sonra su kanallarının tarixinə dair doktorluq dissertasiyası müdafiə edib.

1993-cü il iyunun 9-da Naruhito Masako Ovada ilə ailə qurub və hazırda onların 1 dekabr 2001-ci il təvəllüdlü Aiko adlı bir qızları var.

Bu yerdə yada salaq ki, imperator Naruhito Yaponiya Qırmızı Xaç Komitəsinin fəxri vitse-prezidenti, 2007-2015-ci illərdə BMT baş katibinin Su və Sanitariyaya görə məşvərətçi şurasının fəxri prezidenti olub.

Siyasət rubrikasından digər xəbərlər