3 yaşlı Məhəmmədin ölümü 4 israillini xilas etdi – Günün təzadları

18:10 25.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsrailin cənubundakı Kuseyf  adlı bədəvi ərəb kəndində 3 yaşlı Məhəmməd Əbu Həmədin faciəvi ölümü 4 israillinin həyatının qurtulmasına səbəb oldu.

Hafta.az-ın Moderator.az-a istinadla verdiyi xəbərdə deyilir ki, müsəlman ailəsi həlak olmuş övladlarının orqanlarını transplantasiya üçün bağışlayıb və bununla da dörd İsrail vətəndaşını xilas edib. 

Yeddi yaşlı bir uşağa Məhəmmədin qaraciyəri,  17 yaşındakı bir qıza isə böyrəyi köçürülüb. Uşağın bir gözünün buynuzlu qişası 55 yaşlı kişinin gözünə köçürüldükdən sonra onun yenidən görmə şansı yaranıb.

Məhəmmədin digər gözünün buynuzlu qişası isə Dimona şəhərindən olan  95 yaşlı Elis Dayana köçürülüb.

Qadının sağ gözünə nəql əməliyyatı Beer-Şeva xəstəxanasında aparılıb. O, əvvəllər sol gözündə qlaukoma xəstəliyindən əziyyət çəkib və  sağ gözünə süni bir buynuz qişası implantasiya edilib. Lakin son illərdə Elis görmə qabiliyyətini tamamilə itirib. Amma 3 yaşlı müsəlman övladının ölümü 95 yaşlı yəhudi üçün yenidən görmə şansını artırıb.

 

Bir qaşığı 4 mlrd. ton olan maddə tapıldı

Astronomlar əvvəllər müşahidə olunmayan astronomik cisim tapdılar.

Hafta.az xəbər verir ki,  Oxu.az-ın yazdığına görə,  ABŞ və İtaliyada qravitasiya dalğa detektorlarının köməyi ilə beynəlxalq qrupun etdiyi ixtiranın təfərrüatı “The Astrophysical Journal Letters” jurnalında dərc edilib. Cismin “neytron ulduz” adlanan ən böyük sönən ulduzdan daha böyük, ən kiçik məlum qara dəlikdən daha kiçik olduğu bildirilir.

Kosmosda kainatdakı böyük cisimlərin toqquşması nəticəsində yaranan ani dalğalanmaları aşkarlayan detektorlar 2019-cu ilin avqust ayında Günəşdən 23 dəfə böyük qara dəliyin Günəşdən 2,6 qat böyük bir cisimlə toqquşduğunu müəyyən ediblər.

Cismin kiçik qara dəlik olduğu təxmin edilsə də, digər ehtimallar da nəzərdən keçiriləcək.

Kainatda qara dəlikdən sonra ən sıx cisimlər arasında olan neytron ulduzun bir çay qaşığına bərabər olan hissəsinin Yer kürəsində 4 milyard ton ağırlığa sahib ola biləcəyi bildirilir.

 

İsmət Qayıbovun oğlu Baş Prokurorluqda rəis müavini oldu

Prokurorluq orqanlarında yeni təyinatlar oldu. Hafta.az yazır ki, Musavat.com-un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər. Qeyd edək ki, İsmayıl Qayıbov Azərbaycanın mərhum Baş prokuroru İsmət Qayıbovun oğludur.

 

Quranın tatarca tərcüməsi “Quran-qələm”ə proqramlaşdırıldı

Türkiyənin “Coşkun Teknoloji Ve Yayincilik” nəşriyyatı Qurani-Kərim mənalarının Tatarıstan Respublikası Müsəlman Ruhaniləri İdarəsi(MRİ) tərəfindən edilmiş  “Кәлам Шәриф. Мәгънәви тәрҗемә” adlı tərcüməsinin " audio-versiyasını öz istehsalı olan “Quran-qələm»ə  proqramlaşdırdı. 

Hafta.az bu haqda Rusiya  saytlarına istinadla xəbər verir.

Müsəlmanlar arasında populyar olan bu qadjet qələm şəklində hazırlanır və xüsusi çap olunmuş Quran mətni ilə tamamlanaraq ayələri “tanımaq»la onların ərəbcə tələffüzünü  və müxtəlif dillərdəki tərcümələrini əks etdirir. Beləliklə, indi Türkiyədə istehsal olunan cihazda digər dillərlə yanaşı,  Quranın tatar dilində semantik tərcümələri də ifa edilir. Tatar dilində ayələrin tərcümələri məşhur teleaparıcı İldar Kiyamovun səsi ilə verilir. Ümumi vaxtı 40 saat olan audio-tərcümələr Tatarıstan MRİ-nin  "Xuzur"  nəşriyyat evinin "Azan" radiosunda yazılıb və bu il nəşr olunub. 

Bundan əlavə, yaxın vaxtlarda Türkiyə nəşriyyatı “Quran-qələm”ə  Tatarıstan müftisi Kamil Həzrət Samiqullinin ifasında  Quranın audio-versiyasını da proqramlaşdırmağı planlaşdırır.

 

Təhsil şöbəsinin müdiri koronavirusa yoluxdu

Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxdu.

Hafta.az yazır ki, APA-nın Mingəçevir bürosunun məlumatına görə, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxdı.

 Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib. Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.

 

Oxunma sayı 6222