40 günlük fasilədən sonra Bakı metrosu: təmizlik, seyrəklik, sərnişin məsuliyyətsizliyi-Reportaj

15:44 09.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Bakı Metropliteni təxminən 40 günlük fasilədən sonra bu gün yenidən fəaliyyətə başlayıb. Bu gün bir neçə metrostansiyasında olduq. Uzunmüddətli fasiələdən sonra metronun fəaliyyəti ilə bağlı gördüklərimizi hafta.az-ın obyektivinə daşımağa çalışdıq.

Əvvəlcə onu deyək ki, metro bu gündən başlayaq səhər saat 6-dan gecə 12-yə qədər fəaliyyət göstərəcək. Yəni metronun fəaliyyətində hər hansı problem yoxdur. Öz axarı ilə işini davam etdirir. Xidmətini göstərir.

Polislər yenə də çantaları yoxlayır. Mühafizəçi polislərin ağzında tibbi maska, əlləri əlcəklidir. Səhər saatlarında nisbətən metordan istifadə edən vətəndaşların sayı çox olsa da, növbəti saatlarda – günortaya doğru bunu görmək mümkün deyil. Bir qədər seyrəklik müşahidə olunur.

İnsanlar isə yenə də səhlənkardırlar. Bir-biriləri ilə məsafə saxlamırlar. Hətta elələri olur ki, polisin məsafə saxlayın – çağırışına da əhəmiyyət vermirlər. Qulaqardına vurub gedirlər.

Sərnişinlərdən çox az qismi tibbi maska, əlcək kimi qoruyucu maskalardan istifadə edir. Əsas narahatedici məqamlardan biri də budur. Amma istisna məqamlar da var. Səhər saatlarında bəzi sərnişinlər metroda adamların çox olduğunu görüb bir-iki qatarı buraxmalı oldu. Hətta bu cür insanlar adamların çox olduğu yerlərdən də çəkinirlər.

Onu da qeyd edək ki, məktəblərdə tətilin olmasına baxmayaraq, bəzi valideynlər öz azyaşlı uşaqları ilə eskalatorla aşağı düşür, metronun xidmətlərindən istifadə edirlər. 40 günlük fasilədən sonra diqqətçəkən məqamlardan biri insanların yeni “BakıKart” almaları üçün növbəyə düzülmələri idi. Bir çox sərnişin 2 manat verib yeni gedişhaqqı kartı alırdılar.

Bundan başqa, metroların dezinfeksiya edildiyi və bu prosesin çox sıx-sıx gerçəkləşdirildiyini görmək mümkündür.