“400 nəfərin vaxtından əvvəl azadlığa buraxılması gözlənilir“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mədət Quliyev: “Yeni müəssisələr regionlarda inşa olunacaq“

Bu ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 əməkdaşı ədliyyə orqanlarından xaric edilib, 112 əməkdaş isə müxtəlif intizam məsuliyyətinə cəlb olunub. Bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin (PX) rəisi Mədət Quliyev PX-nin 2011-ci ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib. Kollegiya iclasında PX rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Cəzaların İcrasına Nəzarət üzrə Müfəttişliyin rəisləri, Təşkilat-Nəzarət İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Onun sözlərinə görə, ədliyyə nazirinin və PX rəisinin müvafiq əmrləri ilə 2, 5, 6, 7 və 10 saylı cəzaçəkmə müəssisələrinin, tərbiyə müəssisəsinin, həbsxananın, 3 saylı istintaq təcridxanasının, 8, 9 və 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin, 2, 4 və 6 saylı xüsusi müəssisələrin və avtomobil təsərrüfatının rəisləri tutduqları vəzifədən azad olunublar, onların bir hissəsi ədliyyə orqanlarından xarıc ediliblər. M.Quliyevin bildirdiyinə görə, Penitensiar Xidmətin rəhbərliyi tərəfindən şəffaflığin artırılmasına xüsusi fikir verilib, vəzifədən sui-istifadə, korrupsiya halları ilə bağlı daxil olan ərizə və şikayətlər nəzarətə götürülərək hərtərəfli araşdırılıb. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı“nın icrası ilə əlaqədar tədbirlər davam etdirilib, ölkə rəhbərinin 26 may 2011-ci il tarixli nəvbəti əfv sərəncamı vaxtında və dürüst icra olunub. Xidmət rəisi vurğulayıb ki, 2011-ci ilin birinci yarımili ərzində Penitensiar Xidmət və tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı, fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib. Onun sözlərinə görə, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.
Nazir müavini onu da bildirib ki, bu ilin birinci yarısında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrinin əməliyyat aparatlarının respublika hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində 93 müxtəlif, o cümlədən bir neçə il əvvəl törədilmiş və uzun müddət bağlı qalmış bir sıra cinayətlərin üstü açılıb. Kollegiya iclasında PX rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Quliyevin sözlərinə görə, qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub. 2011-ci ilin birinci yarım ili ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 11 940 manat pul, 106 litr spirtli içki, 78 mobil telefon, 161,2 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb.
PX rəisi kollegiya iclasında onu da deyib ki, hesabat dövrü ərzində müasir beynəlxalq standartlara tam cavab verən yeddi yeni müəssisənin və Bakı istintaq təcridxanasının ikinci buraxılış obyetləri üzrə tikinti işləri davam etdirilib. Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda azadlığın məhdudlaşdırılması cəza növü cinayət cəzaları sistemindən çıxarıldığı üçün bu cəzanın icra edildiyi 17 müəssisələrin hamısı ləğv edilib: “Bu müəssisələrdə saxlanılan 1767 nəfərin sənədləri məhkəmələrə göndərilib və onların cəza növləri dəyişdirilib“. M. Quliyev qeyd edib ki, 600 məhkumun sənədləri müəssisələrdən Penitensiar Xidmətin Baş İdarəsinə təqdim olunub. Onların 200-ü ilə bağlı müəyyən əməliyyat məlumatı olduğundan həmin şəxslərə mənfi cavab verilib. Qalan 400 nəfərin isə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılması gözlənilir.
Xidmət rəisi onu da deyib ki, tərtib edilən plan-proqrama uyğun olaraq, Azərbaycanda olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayı 13-dən 25-ə çatdırılacaq. Yeni müəssisələr regionlarda inşa olunacaq.
“Həqiqətən də Şüvəlandakı 3 saylı istintaq təcridxanasında müəyyən qədər sıxlıq var“, - deyən Mədət Quliyev əlavə edib ki, Bakı İstintaq Təcridxanasında daha bir korpus istifadəyə tam hazırdır: “Yaxın günlərdə Şüvəlandakı təcridxanada saxlanılan qadınlar oraya köçürüləcək. Bununla da orada olan sıxlıq aradan qalxacaq“.
Qeyd edək ki, bir neçə gün əvvəl Ombudsman Aparatının məlumatında qurum əməkdaşlarının Şüvəlandakı 3 saylı istintaq təcridxanasında sıxlıq müşahidə etdikləri açıqlanmışdı. Xidmət rəisi onu da vurğulayıb ki, Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxslərin cəzalarının digər cəza növü ilə dəyişdirilməsi prosesi başa çatıb: “Bu cəzaya məhkum olunmuş 1767 məhkumun cəzası məhkəmələrin qərarı ilə digər cəza növləri ilə dəyişdirilib. Azadlığın məhdudlaşdırılması cəzası cəza sistemindən çıxarılandan sonra Azərbaycanda bu cəzalar üçün nəzərdə tutulan 17 xüsusi müəssisə ləğv olunub“. Xidmət rəisi bildirib ki, azadlığın məhdudlaşdırılması cəzasının ləğvindən sonra məntəqə tipli müəssisələrin sayının 13-dən 25-ə çatdırılması nəzərdə tutulub və bu müəssisələr respublikanın bütün regionlarını əhatə edəcək. Onun sözlərinə görə, Azərbaycanda cəzaçəkmə müəssisələrinə narkotik vasitələrin keçirilməsi hallarına rast gəlinir: “Bu problem hələ də var. Məhkumların qohumları, yaxınları tərəfindən müəyyən gizlədilmə yolları ilə əşyaların, xörəklərin, meyvələrin içərisində narkotik vasitələr keçirməyə cəhdlər edilir. Bu kimi halların qarşısı uğurla alınır. Təxminən günaşırı belə hallara rast gəlinir. Beş gün əvvəl Salyandakı 5 sayıl cəzaçəkmə müəssisəsinə 10 qrama yaxın heroin keçirilməsi cəhdinin qarşısı əməkdaşlarımız tərəfindən alınıb“. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 230 əməkdaşı tutduğu vəzifədən xaric olunub: “Xaric olunan əməkdaşların 30 faizi xidmətlərində ciddi nöqsanlara yol verib. Xidmətlərindən uzaqlaşdırılanlar arasında narkotik vasitələrin içəri keçirilməsində məhkumlarla işbirliyində olanlar da var. Son bir ayda 40-a yaxın əməkdaş xidmətdə işə götürülüb. Eyni zamanda, 40-a yaxın zabitin təyin olunması üçün isə ədliyyə nazirinə məruzə olunub və yaxınlarda onların təyinatı olacaq“.
Əli Zülfüqaroğlu
Oxunma sayı 214