71 yaşlı Respublika, yaxud dünyanın 5-ci böyük iqtisadi gücü

10:10 26.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyanın ən qədim və zəngin mədəniyyətinə malik ölkələrindən olan Hindistanda Respublika Günü qeyd edilir. Hər il bu tarixdə, Hindistanın bütün ölkələrdə fəaliyyət göstərən səfirlikləri rəsmi qəbul təşkil edirdi. Amma bu il məlum pandemiya səbəbindən belə bir şənlik keçirilməsə də, hər halda bu maraqlı ölkənin Respublika Günü ilə bağlı məqalə hazırlamağı özümə borc buildim.

Qeyd edək ki, 1950-ci ildən üzübəri hər il yanvar ayının 26-da Hindistanda Respublika Günü qeyd edilir. Bu, ölkədə qeyd olunan üç rəsmi bayramdan biridir (digərləri Müstəqillik Günü və Qandinin doğum günü). Bu bayram törənində təşkil edilən paradda Hindistan ordusunun üç qolu – quru qoşunları, dəniz qüvvələri və hərbi hava qüvvələrinin əsgərləri iştirak edir, milyonlarla insan şənliklərə qatılır, ölkədə çox böyük bayram ab-havası yaşanır. Düzdür, bu il pandemiya səbəbindən bu cür tədbirlər keçirilməsə də, hər halda ölkədə bayram atmosferi mövcuddur.  

Gəlin dünya mədəni irsinin nümunəsi olan bu ölkəni geridə buraxdığı 71 illik respublika uğurları ilə qısaca tanımağa çalışaq:

Hindistan ərazisinin böyüklüyünə görə dünyada 7-ci (təxminən, 3,3 milyon kvadratkilometr), əhalisinin sayına görə isə Çindən sonra ikinci dövlətdir (1,4 milyard nəfərə yaxın). Hindistan inzibati cəhətdən 22 ştata və 7 ittifaq bölgəyə ayrılır.

Üç min ildən artıq dövlətçilik ənənəsi olan Hindistan dəfələrlə yadellilər tərəfindən süquta uğradılaraq, zəbt edilib. Son bir neçə yüzillik ərzində isə İngiltərənin müstəmləkəsi olan bu qədim ölkə 2-ci Dünya Müharibəsindən sonra, Londondan dominion hüququ ala bilib və Müvəqqəti Hökumət təşkil olunub. 1947-ci ildə isə Hindistanda ingilis ağalığına son qoyulub və avqustun 15-də ölkə ərazisində dini əlamətlər əsas götürülməklə iki müstəqil dövlət - hindusların çoxluq təşkil etdiyi Hindistan və əhalisi müsəlmanlardan ibarət olan Pakistan dövlətləri qurulub. Amma ingilislər bu itki ilə barışmırdı və qisas almaq üçün müsəlman Pakistanı ilə hindlilərin yaşadığı Hindistan arasında Kəşmirin timsalında ərazi problemi yaratdılar. Nəticədə, o vaxtdan bəri Kəşmirə sahiblik uğrunda Hindistanla Pakistan arasında dəfələrlə hərbi toqquşma baş verib.

Hindistanda ÜDM-in orta illik artım sürəti 7 faizdir. Ötən il bu ölkənin daxili məhsul istehsalı, təxminən 2,6 trilyon dollara çatıb. Bu da 2020-ci il üçün adambaşına 1900 dollar deməkdir. Ümumdaxili məhsulun 17 faizi kənd təsərrüfatının, 26,3 faizi sənayenin, 56 faizi xidmət sahələrinin payına düşür. Cəmi işçilərin isə 47 faizi kənd təsərrüfatında çalışır.

Hindistan çay, yerfındığı, şəkər qamışı istehsalında dünyada birinci, düyü və pambıqda ikinci, tütün istehsalına görə isə üçüncü yeri tutur. Ölkədə ildə 80 milyon ton buğda, 135 milyon ton düyü, 770 milyon ton çay, 200 min ton qəhvə, 2,2 milyon ton pambıq, 272 milyon ton şəkər qamışı, 660 min ton tütün, 21 milyon ton kartof yığılır. İribuynuzlu mal-qaranın sayına görə də Hindistan dünyada birinci yeri tutur. Dünya üzrə camışların 57, inəklərin 16 faizi Hindistanın payına düşür. 75 milyon ton süd istehsal edilir, 13 milyon donuz saxlanılır. Hindistan həmçinin dənizdən balıq ovunun həcminə görə dünyada 6-cı, çay və göllərdən tutulan balığa görə 2-ci yeri tutur. Ölkədə 90 milyon insan parça sənayesində çalışır. İxracdan gələn gəlirin 30-33 faizi toxuculuq sənayesinin payına düşür. Ölkədə 144 milyon ton gübrə istehsal olunur.

Əczaçılıq sənayesi çox yüksək səviyyədə inkişaf edib. Bu sahədə 250 min böyük müəssisə işləyir.

Hindistanda hər il 650 min müxtəlif növ avtomobil, 10 milyon tondan çox polad istehsal edilir. Ölkədə dəmir yolunun ümumi uzunluğu 110 min kilometrdir.

Hindistan böyük ticarət donanmasına malikdir. Donanmada 500-dən artıq dəniz gəmisi var. Ölkədə 150 liman fəaliyyət göstərir.

Ölkənin illik ixracı 400 milyard, idxalatı isə 650 milyard dollara bərabərdir.

Çoxmillətli ölkə olan Hindistanda hind dili dövlət, ingiliscə isə ikinci rəsmi dil sayılır. Bununla yanaşı, hər bir ştatda yerli xalqların dilində yerli hökumətlərin qərarları, qəzetlər, jurnallar dərc edilir. Ümumiyyətlə, Hindistanda əhali 21 rəsmi dil və 1652 dialektdə danışır.

Əhalinin 80 faizi induistlər, 14,2 faizi müsəlmanlar, 2,4 faizi xristianlardır, az sayda bəhailər də var.

1991-ci il dekabrın 26-da Hindistan Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il fevralın 28-də qurulub. 2004-cü ilin sonunda Azərbaycan Hindistanda səfirliyini açıb. Hazırda azərbaycanın Hindistanda səfiri Əşrəf Şıxəliyev, Hindistanın ölkəmizdəki səfiri isə Bavitlunq Vanlalvavnadır.

Milli Məclisdə Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 2000-ci il dekabrın 5-də yaradılmış dostluq qrupunun rəhbəri millət vəkili Könül Nurullayevadır.

Hindistandan Azərbaycana nazir və nazir müavinləri səviyyəsində bir sıra səfərlər olub. Eyni zamanda, Xarici İşlər nazirlikləri arasında qarşılıqlı olaraq bir neçə səfər həyata keçirilib.

İki ölkə arasında illik iqtisadi-ticari əlaqələrin həcmi 1,1 milyard dollar civarındadır ki, bunun 136 milyon dolları Hindistandan Azərbaycana, qalanı isə Azərbaycandan Hindistana satılan məhsulların payına düşür.

 

P.S. “Həftə içi” qəzetinin əməkdaşları olaraq Hindistanın Azərbaycandakı səfirliyinin başda səfir cənab Bavitlunq Vanlalvavna olmaqla, bütün əməkdaşlarını bayram münasibətilə təbrik edirik.

Oxunma sayı 1987