8 nəfərin ölümünə səbəb olmuş sürücüyə “Fərqlənmə nişanı” necə verilib?

19:32 10.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Nəqliyyat Agentliyi (BNA) iyulun 9-da Masallıda 8 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzasına səbəb olmuş sürücüyə taksi fəaliyyəti üçün fərqlənmə nişanı verilməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a bildirib ki, sürücü Nizami Malik oğlu Mustafayevin taksi fəaliyyəti göstərməsi üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alması ilə bağlı məlumatlar sosial şəbəkələrdə düzgün şərh olunmayıb. “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub. Nizami Mustafayev agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “Fərqlənmə nişanı”nın verilməsini istəyib və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə “Fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində “Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün “Fərqlənmə nişanı” verilib.

Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı “Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu “Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur: “Bir daha qanunsuz sərnişindaşıma fəaiyyətinin yolverilməz olduğunu vurğulayaraq avtonəqliyyat vasitəsi sahiblərini bu cür əməllərdən çəkinməyə dəvət edirik. Eyni zamanda sərnişinlərə tövsiyə edirik ki, müvafiq icazə əsasında fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin xidmətlərindən istifadə etsinlər”.