9-cuların buraxılış imtahanlarının nəticələri 10 günə açıqlanacaq

12:53 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzinin (DİM) “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. DİM-dən Modern.az-a bildirilib ki, yeni dərslər hazır olduqca, müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub.


Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Aprelin 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).


DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.


2020-ci il martın 1-də Bakı, Şirvan və Naxçıvan MR-nın ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanının birinci mərhələsinin nəticələrinin xüsusi proqram vasitəsilə onlayn yoxlanılma prosesi də davam edir. İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.


DİM bildirib ki, Təhsil Nazirliyinin sifarişinə əsasən ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üzrə növbəti tədris ili üçün nəzərdə tutulan dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin elektron variantları ekspert qruplarına göndərilib və onların onlayn qaydada elmi-metodiki monitorinqinə də başlanılıb. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanacaq.


“Əlavə olaraq qeyd etmək istərdik ki, təxirə salınan imtahanlar, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə məlumat veriləcəkdir”.

Oxunma sayı 131
Sosial rubrikasından digər xəbərlər