“Bir kəllə qənd, üç manat pul...“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Gəlinlik paltarları mağazalarında hərdən xanımların istəkləri ilə bəylərin cibləri üst-üstə düşmür

Bəyaz gəlinlik paltarı geyinmək hər bir gənc qızın arzusudur. Hər gənc qız toy günü çox fərqli görünmək üçün ən gözəl gəlinliyi seçmək həvəsində olur. Gəlin paltarları satışı ilə məşğul olan mağazalar da təzə gəlinlərə hər cür şərait yaradır. Ancaq görünür gəlinin istəklərinə önəm verilsə də, bəyin cibi nəzərə alınmır. Toyun bütün bəzək-düzək işlərini edən oğlan evi saç düzümü üçün 100-300 manat, gül buketi üçün 50-100 manat, toyun əvəzolunmaz hissəsi olan “gəlin maşını“ üçün 400-500 manat xərc çəkməklə yanaşı, həm də gəlinin bəyəndiyi gəlinliyi almalı olur. Bir azca insafı olan təzə gəlin bu xərclərin çoxluğunu nəzərə alıb nisbətən ucuz gəlinlik seçir. Bəs görəsən ərköyün gəlinlərin gəlinliklərinə bəylər nə qədər pul xərcləməli olurlar? Ümumiyyətlə, gəlin paltarlarının qiyməti neçəyədir?

Türk kişilərinin “gəlinlik dərdi“

Əvvəlcə ən bahalı və ən ucuz gəlin paltarlarının hansı ölkələrə məxsus olduqlarına nəzər salaq. Aparılan araşdırmalara görə ən bahalı gəlin paltarları Türkiyəyə, ən ucuz gəlin paltarları isə Çinə məxsusdur. Düzdür, Çində istehsal olan gəlin paltarları dünya bazarında kifayət qədər şöhrət qazanıb və həmin gəlinliklər xüsusilə əl işləri və daş-qaşlarla bəzədilib. Lakin Çində əl əməyi ucuz olduğu üçün bu paltarlar da ucuz qiymətə satılır. Məlumat üçün bildirək ki, ən gözəl Çin gəlin paltarının qiyməti 110 ABŞ dollarıdır. Mütəxəssislərin fikrincə, Türkiyədə istehsal edilən gəlin paltarının tək bir qolunun bəzəyinin qiyməti 110 ABŞ dollarına bərabərdir. Modelyerlər isə həqiqətən türk gəlin paltarlarının qiymətlərinin bahalı olduqlarını etiraf etsələr də, bildiriblər ki, dünyanın ən zövqlü və ən gözəl gəlinlikləri türk gəlinlikləridir və onlar əvəssizdir. Mütəxəssislər onu da qeyd edirlər ki, fransız gəlinlikləri də həddən artıq zövqlü olur. Lakin təəssüf ki, onlar standart olduqlarına görə bir o qədər də alınmır. Dünya bazarında birinci yeri türk gəlin paltarları tutur. Hətta bütün avropalılar özləri belə yalnız türk gəlin paltarı almağa üstünlük verirlər. Xatırladaq ki, türk gəlin donları zövqlü xanımlar üçün nəzərdə tutulub. Burada nəinki açıq-saçıq geyimi xoşlayanlar üçün, hətta hicablı xanımlar üçün də çeşidlər kifayət qədərdir.

Gəlin paltarlarında “çin barmağı“

Azərbaycan reallıqlarını nəzərə alsaq, toy günü gəlinlik kirayələmək o qədər də çətin iş deyil. Çünki hazırda hər cür gəlirli insanlar üçün uyğun gəlin paltarları var. Kirayəlik gəlin paltarları birgünlük 100-1000 manat arası dəyişir. 100 manata olan donların sadə tikilişi olur ki, onların da üzərində bahalı daş-qaşlar istifadə edilmir. Nisbətən bahalı donlarda isə bir qədər dəbdəbə hiss olunur. Günü 1000 manata kirayələnən donların bəzəyi üçün isə svarovski kimi daş-qaşlardan istifadə edilir. Satılan gəlinliklərin qiymətləri də fərqlidir. Ölkəmizdə 300 manatdan başlayan bu qiymətlər 10 minə qədər dəyişir. Daha bahalı gəlinliklər də var, amma bunlar sırf sifarişlə tikilir və ya xaricdən gətirilir. Ancaq hazırda o qədər çeşiddə gəlin paltarı var ki, kimin əynindəkinin neçə manatlıq olduğunu da ayırd etmək mümkün olmur. Çünki Çin manufakturaları hər şeydə olduğu kimi gəlinliklərdə də məhşur modelləri heyrətamiz dərəcədə təkrarlaya və bazara su qiymətinə çıxara bilirlər. O halda bir neçə saatlığa 1000 manatlıq gəlinlik geyməklə, ona çox bənzəyən 100 manatlıq paltarın heç bir fərqi görünmür. Hazırda paytaxt Bakıda kifayət qədər gəlin paltarlarının satışı və kirayəsi ilə məşğul olan dükan var. Ancaq indi gəlin paltarı almaq istəyən olmadığına görə ən gözəl və bahalı paltarlar da kirayə verilir. Yeni gəlinlik paltarı almaq istəyənlərin əksəriyyəti isə bunu ya xaricdən sifariş verir, ya da xüsusi modelyerə tikdirir. Ancaq satıcılarla söhbətimiz zamanı məlum oldu ki, mağazalarda heç geyinilməmiş yerli modelyerlərin tikdiyi gəlinliklər olsa da, gəlinlərimiz xaricilərin əl əməyinə daha çox üstünlük verir. Onu da qeyd edək ki, gəlinliklərin qiyməti üstündəki daş-qaş, bəzək əşyalarının dəyəri, paltarın tikildiyi parçaya əsasən müəyyən edilir.

Gəlin paltarları yox, qiymətləri göz qamaşdırır

Bəs dükanlara əsasən gəlinliklərin qiyməti necə dəyişir? “Xaqani“ ticarət mərkəzində icarəyə verilən gəlinliklərin minimum qiyməti 250 manatdan başlayır. Paltarın formasından və üzərinə bəzədilmiş daş-qaşların keyfiyyətindən asılı olaraq qiymətlər artır. Burada hətta 1000 manat dəyərində də gəlinliklər almaq mümkündür. Satıcı Nailənin sözlərinə görə, indi xüsusən “dekolte“ formalı paltarlara tələbat daha böyükdür: “Belə paltarlar xanımlarımız tərəfindən daha çox sifariş olunur. Qiyməti isə 350-550 arasında dəyişir. Birgünlük icarəsi 280 manata başa gəlir“. Mərkəzi Univermaqda isə qiymətlər nisbətən bahadır. Ancaq burada istənilən formada gəlinliklərə rast gəlmək olar. Qiymətlər də keyfiyyətdən asılı olaraq dəyişir. Satıcının sözlərinə görə, son zamanlar, xüsusilə də qız toyunda qızlar gəlinlik fatasından imtina edir: “Ona görə də yalnız paltar almaq nisbətən ucuz başa gəlir. Qiymətlər 200-1200 dollar arası dəyişir. Xüsusi qaşlarla bəzədilmiş və üzərində müxtəlif aksesuarlar olan gəlinliklər 800 dollar civarındadır. Sadə paltarları isə 250 dollara da almaq mümkündür“. “Roys“ mağazasında isə qiymətlər nisbətən ucuzdur. Burada da qiymətlər paltarın formasından asılı olaraq dəyişir. Orta hesabla 250 manata çox gözəl görünüşlü gəlinliklər təklif edilir. “Günay Exclusive Fashion House“ mağazasında gəlinlik paltarlarının kirayəsi isə 300-3000 manat arasında dəyişir. Burada müştərilər istədiyi formanı sifariş də verə bilər. Sifarişlə gətirilən, xüsusi quruluşlu, özünəməxsus gəlinliklərin kirayəsi isə 3 min manatdan da yuxarı olur.
“Merci collection“ mağazasında isə gəlinliklərin kirayəsi 300-2000 manat arasındadır. “Promessa“ mağazasında gəlinliklərin satışı, kirayəsi və sifarişi qəbul edilir. Ən dəbli və bahalı gəlinliklər isə əsasən “Çağteks“ mağazasındadır. İspaniya, Türkiyə, Fransa və ABŞ-ın aparıcı firmalarının istehsalı olan gəlinliklər kirayə verilir. Qiymətləri isə 700-3500 manat arasında dəyişir.
Nigar İxtiyarqızı