İcbari tibbi sığortanı kimlər ödəməyəcək? - ARAŞDIRMA

11:28 22.11.2019 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk doqquz ayında icbari tibbi sığortanın tətbiq olunduğu xəstəxanalara 430 926 müraciət daxil olub. Onların 271 066-sı (62.9 faiz) ambulator, 16 713-ü (3.9 faiz) stasionar və 102 340-ı (23.7 faiz) laboratoriya xidmətləri, 40 776-sı (9.5 faiz) isə təcili və təxirəsalınmaz tibbi yardım almaq üçün edilən müraciətlərdir. Həyati vacib-dəyəri yüksək olan xidmətlər üzrə edilən müraciətlərin sayı isə 31 olub. Ümumilikdə sözügedən tibb müəssisələri tərəfindən vətəndaşlara 1 711 331 sayda müxtəlif tibbi xidmət göstərilib.

İcbari tibbi sığortanın baza zərfi çərçivəsində 7428 sayda cərrahi əməliyyat icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qurumun 2019-cu ilin yanvar-sentyabr aylarındakı fəaliyyətinin nəticələrinə həsr olunmuş iclasda bildirilib. Hesabat dövrü ərzində Agentliyə daxil olan 2379 vətəndaş müraciəti qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Agentliyin rəhbərliyi tərəfindən 18, vəzifəli şəxsləri tərəfindən 175 olmaqla ümumilikdə 193 vətəndaş qəbul edilib.

Qeyd edək ki, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə bir ay yarımdan da az vaxt qalır. 2020-ci il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub. Gələn ildən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, "Tibb" qəzeti, "Azərbaycan Tibb Jurnalı", Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, "Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi" və "Azərtibbtəchizat" məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılan "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcək.

Məlumat üçün xatırladaq ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir. İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.

Vətəndaşlar hansı xidmətlərdən yararlana biləcəklər?

İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur. Pilot layihənin icra olunduğu ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə çərçivəsində sığorta olunan Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında fəaliyyət göstərən tibb müəssisələrində çalışan həkimlərə müraciət edə bilirlər. Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər isə Bakı və Gəncə şəhərlərində yerləşən, Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb müəssisələrində təmin edilir.

Bundan başqa, xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və ya hal sığorta hadisəsi hesab edilir

Xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olmaqla sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir.

Büdcədən illik 29 manat vəsait ayrılacaq

Azərbaycan Respublikasının vətəndaşları, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.

Milli Məclis və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. İki və ya daha çox yerdə əmək müqaviləsi əsasında işləyən şəxslər hər iş yeri üzrə ödənilən aylıq əməkhaqqının 2 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Sığortaolunanlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində tibbi xidmətlər göstəriləcək. Tibb müəssisələrinin siyahısı təsdiq edildikdən sonra www.its.gov.az saytında yerləşdiriləcək.

İllik 120 manat icbari tibbi sığorta haqqı kimlər ödəyəcək?

Təbii ki, icbari tibbi sığorta haqqı ödənilmədiyi hallarda xidmətlər zərfinin əlavə hissəsi çərçivəsində göstərilən tibbi xidmətlər vətəndaşın öz maliyyə vəsaiti hesabına göstərilir. Bu kateqoriyaya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) aiddir.

Bəzi kateqoriyadan olan Azərbaycan Respublikasının vətəndaşları isə icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qruplarının sığortahaqları dövlət büdcəsi hesabına ödənilir:

– 18 yaşınadək şəxslər;

– 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər;

– Pensiyaçılar ;

– Sosial müavinət almaq hüququna malik olan şəxslər;

– Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

– Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar;

– Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Tibb işçilərinin əməkhaqları artacaq

Bu sistemin ölkədə tam tətbiqi tibb işçilərinin də sosial vəziyyəti yaxşılaşdıracaq. Belə ki, İTS-in ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib artacaq və bu, sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi qaydaları müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir. Bundan başqa, müvafiq tədbirlər planına əsasən, ölkə əhalisini İTS barədə məlumatlandırmaq məqsədilə respublikanın bir sıra regionlarında (Quba, Qusar, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ) maarifləndirici tədbirlər təşkil olunub. İlin sonuna qədər digər regionlarda və paytaxt Bakının bütün rayonlarında, eləcə də ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm də həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır. Agentlikdən verilən məlumata görə, hazırda qaydalar layihəsi üzərində iş aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək. Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.

Proqnozlar nikbindir

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, icbari tibbi sığorta bütün dünyada səhiyyənin maliyyələşməsinin və idarə edilməsinin ən optimal və sınaqdan çıxmış modelidir: “Təbii ki, icbari tibbi sığortaya keçid Azərbaycan üçün labüddür. Neçə ildir ki, bu məsələ üzərində iş gedir. Prezident İlham Əliyevin bununla bağlı fərman və sərəncamları var. Əvvəlcə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, daha sonra publik hüquqi şəxs yaranıb, qanunlara yüzə yaxın dəyişiklik olub. İcbari tibbi sığorta pilot layihə kimi 3 rayonda fəaliyyət göstərir. Bununla bağlı çox gözəl təcrübə və nəticələr var. Gələn ildən artıq Azərbaycanın bütün ərazisində icbari tibbi sığorta fəaliyyətə başlayacaq. Azərbaycan üçün kifayət qədər uğurlu bir model seçilib. Burada bir çox dünya ölkəsinin təcrübəsi toplansa da, sırf Azərbaycan modelidir, heç bir ölkənin 100 faizlik istifadə edilən modeli deyil. Burada Azərbaycan reallığı, əhalinin məşğulluğu, əməkhaqqı gəlirləri, ölkədə tibbin problemləri, üstünlükləri və s. bir sıra nüanslar nəzərə alınıb. Təbii ki, ilk başlayanda 6 ay, 1 il müəyyən çətinliklər, problemlər ortaya çıxacaq. Yarana biləcək hər hansı xırda problemə hər kəs obyektiv və vicdanlı yanaşmalı, bunun həllinə çalışmalıdır. Bu gün də səhiyyənin çətinlikləri, problemləri var. İcbari tibbi sığortanın tətbiqindən sonra isə bu çətinliklər, problemlər indikindən çox daha az olacaq, xidmətin səviyyəsi, keyfiyyəti yüksələcək, sağlam rəqabət yaranacaq. Səhiyyədə uzun illərdir kök salan və öz həllini tapa bilməyən bürokratik əngəllər, rüşvət, korrupsiya və digər mənfi meyllər tamamilə aradan qaldırılacaq”.