İcra başçısının avtomobili partladıldı və...- Günün təzadları

18:15 26.12.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Voronej vilayətində Ramon rayon icra hakimiyyəti başçısının maşını partladıldı. Nəticədə, 43 yaşlı Nikolay Frolov ağır yaralanıb.

Hafta.az yazır ki, Oxu.az-ın verdiyi məlumata görə, bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb. Nikolay Frolov dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

 

Baş nazir zirzəmidə gizlənməyə məcbur oldu

Dekabrın 25-də yerli vaxtla saat 21.00 radələrində  İsrailin Aşkelon və Lahiş yaşayış məntəqələrində raket hücumu barədə erkən xəbərdarlıq sisteminin həyəcan siqnalları səsləndirildi. Yerli sakinlərin bildirdiyinə görə, sirenin ardınca güclü partlayış səsi eşidilib. 

Hafta.az yazır ki, Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərə görə,  Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından İsrail ərazisinə bir raket atışının qeydə alındığını bildirib. Raket "Dəmir günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

“Kan Bet” radiosunun müxbiri Asaf Pozaylov Aşkelondakı sirenlərin Benjamin Netanyahunun “Likud” partiyasının üzvləri ilə görüşdüyü zaman səsləndiyini söyləyib. Həyəcan siqnalı əsnasında hökumət başçısı Arxa Cəbhə İdarəsinin tövsiyələrinə uyğun olaraq bomba sığınacağına getməyə məcbur edilib. 

B.Netanyahunun axşam saatlarında Aşkelona baş çəkmək niyyətində olması barədə mediada məlumat verilmişdi və buna görə də “Həmas” silahlıları və Qəzza zolağındakı digər  qruplaşmalar bundan xəbər tuta  bilərdi. 

Bomba sığınacağından qayıdan İsrail baş naziri olaya belə reaksiya verib: "Sonuncu dəfə bizə atəş açan artıq o dünyaya köçüb. İndi atəş açan  isə artıq əşyalarını toplaya bilər..."

 

Şahzadə intihar etdi

Norveç şahzadəsi Marta Lozinin keçmiş əri Ari Benh özünü öldürdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə krallıqdan Norveç Xəbər Agentliyinə (“NTB”) informasiya daxil olub.

Norveç kralı Harald və kraliça Sonya tərəfindən verilən açıqlamada roman və tamaşa yazarı olan 47 yaşlı Ari Benh haqqında xoş sözlər qeyd edilib.

“BBC”-nin xəbərinə görə, danimarkalı Ari Benh kral Harald və kraliça Sonyanın yeganə qızları olan şahzadə Marta Lozi üçün mübahisəli həyat yoldaşı olub. Arinin anası Martanın fizioterapiya müəllimi olub. Cütlük bu vəsilə ilə tanış olub. Həmin dövrlərdə Ari “Trist som faen” (Sad as Hell) kitabı ilə məşhurluğa qovuşub. Lakin Las-Veqasda narkotikdən sitifadə edən seks işçiləri ilə partidə ikən çəkilən şəkilləri haqqında mübahisələr doğurub.

Qeyd edək ki, Ari Marta ilə 2002-ci ildə evlənmişdi. 3 övlad sahibi olan cütlük 2016-cı ildə boşanıb. Behn 2018-ci ildə çap etdirdiyi son kitabı olan “Inferno”da (Cəhənnəm) psixi problemləri ilə mübarizəsindən bəhs edib.

 

Əli Əsədov Artur Rasi-zadənin imzaladığı qərarı ləğv etdi

Nazirlər Kabineti “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” qərarı ləğv etdi.

Hafta.az-ın yazdığına görə, “Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla “Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair Normalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1477;2018, № 7 (II kitab), maddə 1657) ləğv olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin işçilərinin xüsusi geyim forması, fərqlənmə nişanlarının təsvirləri və onların təchizatına dair normalar o zamankı Baş Nazir Artur Rasi-zadənin 2017-ci il 7 iyul tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmişdi.

 

Polis boşanmaya mane olan “ağac” “əkdi”

Birləşmiş Ərəb Əmirliklərinin Ajman əmirliyi Polisinin Sosial Dəstək Mərkəzi "Dözümlülük (tolerantlıq) ağacı" adlı yeni bir layihə həyata keçirməyə başladı.

Hafta.az-ın  Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Layihənin vəzifəsi evli cütlüklərdəki mübahisələri həll etmək və boşanmaların qarşısını almaqdır. Təşəbbüs tolerantlıq ili çərçivəsində irəli sürülüb.

"Ağac" Mərkəzin gözləmə otağına yerləşdirilib. Buraya ayrı-ayrılıqda da dəvət edilən ər-arvadlar mənfi düşüncələrdən yayına, müsbət  mesajlı bir məktub yazaraq  «ağac”ın budağına asa bilər. Məsələn, bir dəfə  ər tərəfindən “ağac”da təsirli bir not buraxılıb və sonradan gələn xanımdan həyat yoldaşının məktubunu oxuması xahiş edilib. İsmarışda ər yazıb:

“Ən azı, həyat yoldaşımdan və uşaqlarımdan üzr istəyirəm. Kaş ki, heç vaxt məndən ayrılmazdılar ”.  Bu iki cümlə  xanımı çox təsirləndirib. Və o, iki gündən sonra  Mərkəzə xəbərdarlıq edib ki,  artıq boşanmaq niyyətində deyil... 

Çox vaxt uşaqlar tərəfindən də valideynləri  üçün notlar buraxılır. 

Bu minvalla Polisin Sosial Dəstək Mərkəzi artıq  məhkəmə öncəsi 85 boşanmanın qarşısını alıb. Ümumilikdə Mərkəz qısa müddətdə 535 müxtəlif işi, o cümlədən ailə mübahisələri, ər-arvad arasındakı fikir ayrılıqları və uşaqlara qarşı zorakılıq hallarını araşdırıb. Mərkəz boşanmaq istəyən ər-arvadları uşaqlara psixoloji zərbə vurmamaq üçün, ən azı, dinc şəkildə ayrılmağa çağırır.

 

Bakıda qadın ərinin evə gəlməməsi haqda polisə məlumat verdi

Paytaxtda yaşayan 62 yaşlı qadın 72 yaşlı ərinin itkin düşməsilə bağlı polisə müraciət etdi.

Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Elmira Məhəmməd qızı Qocayeva Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinə müraciət edib. Qadın bildirib ki, əri Arif Xankişi oğlu Qocayev evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Sabunçuda qadın çayxanada döyüldü

Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verdi. Hafta.az-ın yazdığına  görə, APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən "Xrom" çay evində qeydə alınıb.

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxunma sayı 39