ABŞ azərbaycanlıları CNN-ə qarşı

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə yardım etmək qanuna və mənəviyyata ziddir“

Virciniyadakı Azərbaycan və türk diaspor təşkilatları məhkəmə katibi postuna öz namizədlərini dəstəkləmək üçün bir araya gəliblər. Bu barədə Amerika Azərbaycanlıları Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Virciniyanın Aleksandriya şəhərində yaşayan azərbaycanlılar 30 ildən artıq bu vəzifədə çalışan erməni əsilli Ed Semonyana qarşı Kris Marstonun namizədliyini dəstəkləyəcəklər. Kris Marston mübarizəyə ötən həftə qoşulub. Dairə Məhkəməsi Virciniyada ümumi yurisdiksiyalı birinci instansiya məhkəməsidir. Katib Virciniya Dairə Məhkəməsində ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə məsuliyyət daşıyır. ABŞ Konqresində isə 2012-ci maliyyə ilində xarici yardımlar məsələsinin müzakirəsinə başlayıb. ABŞ-da yaşayan azərbaycanlılar da bu məsələ ilə bağlı Konqresə təsir göstərməyə çalışırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Ermənistana və Dağlıq Qarabağ separatçı rejiminə maliyyə yardımına qarşı yeni etiraz kampaniyasına başlayıb.
“Biz, icma olaraq, bu qanunsuzluğa qarşı etiraz səsimizi gücləndirməliyik. Son dörd ildə amerikalı azərbaycanlılar və türklər Konqres və media nümayəndələrinə on minlərlə məktub göndərərək öz etirazlarını bildiriblər“, - deyə diaspor təşkilatı bütün tərəfdarlarını bu kampaniyaya qoşulmağa çağırır.
İyulun 26-da Nümayəndələr Palatasının alt komitəsi Ermənistana yardımın azaldılması və Dağlıq Qarabağa yardımın dayandırılması ilə bağlı qərar qəbul edib. Bu, Azərbaycan diasporunun qələbəsi sayılır və buna görə də ABŞ azərbaycanlıları mübarizəni davam etdirirlər. “Mən amerikalı azərbaycanlıyam və bizə qarşı işləyən, əsgərlərimizi öldürən dövlətlərə yardım ayırmaq kimi artıq xərclər məni narahat edir. Bəli, bilirəm ki, xarici yardım ümumi büdcənin yalnız 1 faizini təşkil edir, amma mən onu da bilirəm ki, ABŞ-a qarşı işləyən və əsgərlərimizi öldürən dövlətlərə bir dollar belə verilməməlidir. Senat və Nümayəndələr Palatası 2012-ci maliyyə ilində yardımlarla bağlı müzakirələrə başladığı üçün mən də fikrimi bildirmək istəyirəm. Mən Nümayəndələr Palatasının xarici yardımlar üzrə alt komitəsinin Ermənistana yardımın azaldılması və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə yardımın dayandırılması ilə bağlı qərarını dəstəkləyirəm“, - deyə məktubda bildirilir.
Azərbaycan diasporu qeyd edir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə yardım etmək qanuna və mənəviyyata ziddir. ABŞ-da yaşayan azərbaycanlılar CNN kanalı ilə yayımlanan “Worldview“ proqramı ilə bağlı narazılıqlarını ifadə ediblər. Proqramda Ermənistanın “Yerkir“ media kanalı tərəfindən hazırlanan reportaj nümayiş olunub. Reportajda Dağlıq Qarabağda qədim bir şəhərdən söhbət açılıb. Azərbaycan diasporu bildirir ki, dünyanın ən baxımlı kanallarından biri olan CNN Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edən reportajı yayımlamaqla kobud səhvə yol verib. ABŞ-da yaşayan 500-ə yaxın azərbaycanlı proqramın müəllifi Gilyermo Ardinyoya (Guillermo Arduino) məktub göndərərək, etirazlarını bildiriblər. Onlar hər bir kəsi [email protected] ünvanına etiraz məktubu göndərməyə çağırıblar. Məktublarda deyilir: “Mən 2011-ci il oktyabrın 3-də “Worldview“ proqramında Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistan ərazisi kimi təqdim edən “Qədim şəhər tapılıb“ adlı reportajla bağlı narahatlığımı ifadə etmək üçün yazıram və əminəm ki, milyonlarla azərbaycanlı mənim bu narahatlığımı bölüşür“. Azərbaycanlılar bildiriblər ki, proqramın müəlliflərinə tarixi faktları təqdim etməyə hazırdırlar və ümid edirlər ki, proqram bu səhvi düzəldəcək və tamaşaçılarını bir daha əmin edəcək ki, CNN ədalət və düzgünlük standartlarına əməl edir. Onu da qeyd edək ki, ABŞ Konqresinin Nyu-Yorkdan olan üzvü Nan Heyuort (Nan Haywort) Dağlıq Qarabağ münaqişəsini və Ermənistan-Türkiyə münasibətlərini ABŞ-dakı türk və Azərbaycan icmalarının nümayəndələri ilə müzakirə edib.
Heyuort bildirib ki, Qafqaz ölkələrində tezliklə sülhün bərqərar olacağına ümid edir. O, regionun vacibliyini ön plana çəkib. Konqres üzvü diaspor nümayəndələrini əmin edib ki, onların fikirlərini Konqresdəki müzakirələr zamanı diqqətdə saxlayacaq.
Əli Zülfüqaroğlu