İdarə rəisi eyni gündə atasını və oğlunu itirdi –GÜNÜN TƏZADLARI

18:22 15.07.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün  öncə Salyan rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxdı. Hafta.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara magistral yolunun Salyan və Biləsuvar rayonları arasındakı hissəsində qəzaya uğrayan "Toyota Prado” markalı minik avtomobilində olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun ailə üzvləri olub. Belə ki, magistral yolun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində "Toyota” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb. Qəza nəticəsində R.Tahirovun qızı, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu və həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İdarə rəisinin oğlu - 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid isə vəfat edib. Məlumata görə, hadisənin baş verməsindən bir neçə saat əvvəl Lənkəranda Rafael Tahirovun atası İltifat Tahirov vəfat edib. İdarə rəisinin övladları da babalarının dəfn mərasiminə çatmaq üçün yola çıxıblar.

 

“Xoşbəxtlik” pizzaxanasında 10 müştəri zəhərləndi

Ukraynada pizzaxanada kütləvi zəhərlənmə baş verdi. Hafta.az-ın yerli “Ura-inform” portalına istinadla verdiyi xəbərə görə, olay Lutsk şəhərində "Feliçita" adlı pizzaxanada qeydə alınıb. 10 nəfərin pizza yedikdən sonra xəstəxanaya müraciət etdiyi bildirilir. Fakt Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənib. Hazırda faktla bağlı araşdırma aparılır. "Feliçita" pizza kafesində isə epidemiya əleyhinə profilaktik tədbirlər görüldüyü qeyd edilir. Xatırladaq ki, “feliçita” italyanca xoşbəxtlik deməkdir.

 

Mer əlil qiyafəsində şəhəri gəzdi və...

Meksikanın Çiuaua ştatındakı Kuautemok şəhər meri şablonları qırmağa qərar verdi. Hafta.az Musavat.com-a Rusiya istinadla xəbər verir ki, mer ölkədəki korrupsiya faktlarına və məmur özbaşınalığına göz yummaq əvəzinə gerçəkdən vətəndaşların qeydinə qalıb.  Mer Karlos Tena şəhərdəki əlillərin problemlərinin həlli məsələsində xeyli narahat idi. Əlillər iddia edirdilər ki, sosial xidmətlər öz öhdəliklərini yerinə yetirmirlər və onlar problemlərlə bağlı daha yüksək instansiyalara müraciət etmək istəyəndə bunun qarşısı alınır. Tena bu şikayətlərlə bağlı sözügedən qurumların nümayəndələri ilə söhbət aparanda isə sonuncular əlillərin onlara şər atdığını, səlahiyyətlərini tam yerinə yetirdiklərini bildiriblər. Odla su arasında qalan Tena isə bu düyünü çözmək üçün maraqlı bir ssenari düşünüb.  İki ay hazırlıqdan sonra o, özünü tanınmaz hala salaraq əlil arabasına oturub və Sosial İnkişaf idarəsinə gedib. Bomj-əlil kimi qrimlənmiş mer orda işçilərdən pulsuz nahar istəyib. Şəhər qanunlarına görə, bu tələb tamamən qanunidir. Tenanın bildirdiyinə görə, idarənin işçiləri onun bu istəyini rədd ediblər, özü də kobudcasına. Bundan sonra mer öz ofisinə - meriyaya gedib. Bomj-əlil qiyafəsində meriyaya gələn mer işçilərinə az öncə yaşadıqları ilə bağlı vətəndaş kimi şikayət edib, ondan ərizə qəbul etmələrini istəyib. O, eyni zamanda merlə görüşmək istədiyini də deyib. Ona təbii olaraq, merin yerində olmadığını deyiblər. “Bomj” bu dəfə də şəhər merinin köməkçisi ilə görüşmək istədiyini deyib. Amma bu dəfə də ona 1.5 saat gözləməyi tapşırıblar. Meriyanın binasında gözləyən zaman onun müşahidə etmək imkanları da olub. O, işçilərinin sadə vətəndaşlarla necə davrandığını, süründürməçiliyə yol verdiyini görüb. Beləcə, merin şəxsi araşdırması onu sözün pis mənasında təəccübləndirib. Amma şəhər əhalisi ümid edir ki, merin təəccübünün müsbət nəticələri olacaq və bundan sonra müvafiq qurumlar əhalinin müraciətlərinə daha məsuliyyətlə yanaşacaqlar. 

 

Prezident fitə basıldı

Parisdə Bastiliya qalasının alınması münasibətilə keçirilən parad zamanı "sarı jiletlilər" asayişi pozmağa cəhd göstərdilər. Hafta.az-ın yazdığına görə, "Report"un Fransa bürosu xəbər verir ki, polis barrikadalar qurmağa cəhd göstərən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qazdan istifadə edib. Paradda iştirak edən Fransa prezidenti Emmanuel Makronu fitə basan etirazçılar "istefa", "Makron, səni gəlib evindən aparacağıq", "hamı polisə nifrət edir" kimi şüarlar səsləndiriblər.

 

Putinin  müəllimi vertolyot qəzasında həlak oldu

Moskvanın Solneçnoqorsk rayonunda "Robinson” vertolyotu qəzaya düşdü. Hafta.az yazır ki, "Qafqazinfo”nun "Moskovskiy komsomoleç”ə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində iki nəfər həlak olub. Onlardan biri Rusiyanın Birləşmiş Yüngül Aviasiya Federasiyasının rəhbəri İqor Nikitin, digəri isə onun tələbəsidir. Qeyd edək ki, İqor Nikitin Rusiya Prezidenti Vladimir Putinə deltalyot (uçan aparat - red.) idarə etməyi öyrətməyi ilə tanınıb.

 

“You Tube” ulduzu yol qəzasında öldü

Britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak oldu. Hafta.az yazır ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub. "YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin, səyahətlərdən vloqlar paylaşırdı.