“İki oyunda 1 xal qazanmağa yaxın olduq” - Yurçeviç

20:30 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
“Sabah bizi böyük oyun gözləyir”.
 
Hafta.az-ın məlumatına görə, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu.
 
Yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Yurçeviçin həmyerliləri olan Xorvatiya millisini qəbul edəcək.
 
Qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında 53 yaşlı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: “Son dünya çempionatının finalçısı ilə qarşılaşacağıq. Motivasiyamız yüksəkdi. Uelsdə məyusedici nəticə qazandıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, seçmə mərhələdə ən yaxşı oyunumuzu Uelsə qarşı keçirdik. Hətta Xorvatiya ilə matçdan da. Bəzi zədəlilərimiz var. Məşq zamanı bilinəcək. Rəqibin ulduz oyunçuları var, Bratislavada əla oyun keçirdilər. Amma bu o demək deyil ki, şansımız yoxdu. Əks-hücumlardan istifadə etməyə çalışacağıq”.
 
- Son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovun sabah start heyətində yer almaq şansı nə qədərdi?
- Oyunçuların bəzilərinin kiçik zədələri var. Onlarla danışdıqdan sonra qərar verəcəm. Sabah Ağabalanın çıxış etmək şansı var.
 
- Çərçivədə Səlahət Ağayevə, yoxsa Emil Balayevə şans verəcəksiniz?
- Bu barədə hələ qərar verməmişəm. Start heyətini ilk olaraq oyunçularıma açıqlayacam.
 
- Seçmə mərhələdə səfər matçlarında evdəkindən daha yaxşı çıxış etmişik. Bunun səbəbi nədi?
- Ev oyunlarımız iyun ayına təsadüf etdi. Həmin vaxt yaxşı formada deyildik. Üstəlik, erkən qollar buraxdıq. Standart vəziyyətdən gələn qollar mənfi nəticənin səbəbi idi.
 
- Emin Mahmudov ölkənin ən yaxşı yarımmüdafiəçilərindən sayılır. Onun əsas heyətdə yer almaması nə ilə bağlıdı?
- Emini çox bəyənirəm, çox yaxşı futbolçudu, texnikası var. Oynamamasının səbəbi isə odu ki, biz daha çox ikinci nömrə kimi çıxış edirik. Belədə meydanda daha çox qaçmaq lazım gəlir. Əlbəttə ki, o da şans əldə edəcək.
 
- Nəticənin uğurlu olması üçün sizə nə qədər vaxt lazımdı?
- Reytinqə baxsaq, qrupdakı komandalar arasında beşinci yerdəyik. Hər oyunda yaxşı nəticə əldə etmək mümkün olmur. Rəqibdən də asılı olur. İki oyunda 1 xal qazanmağa yaxın olduq. Növbəti matçda uğurlu nəticə qazanmağa çalışacağıq.
 
- Zaqreb və Kardiffdəki model bənzər idi. Sabahkı matçda bu modeli görəcəyik, yoxsa başqa variant hazırlamısınız?
- Üçüncü model olacaq, bir az ikinciyə yaxın. Taktiki cəhətdən bir qədər dəyişilmiş formada. Kompakt olmalıyıq, təkcə müdafiədə yox, hücumda da nəsə əldə etməyə çalışmalıyıq.
 
- Hər bir komandanın zəif nöqtəsi var. Xorvatiyanın zəif cəhətini tapa bilmisinizmi?
- Əlbəttə, hər komandanın zəif yeri olur. Xorvatiya Slovakiya ilə oyunda yaxşı çıxış etməmişdi. Hamı deyirdi ki, əvvəlki komanda deyil. Ancaq ikinci oyunda ideala yaxın çıxış etdilər. Ardıcıl iki oyunu eyni səviyyədə keçirmək çətin olur. Ümid edirəm ki, Slovakiya ilə matçdakı motivasiyaları sabah olmaz.
 
- Eddi İsrafilov dünən klubunun heyətində meydana çıxıb. Halbuki onun zədəli olduğunu demişdiniz…
- Eddi bizim üçün önəmli futbolçudu. Son 2-3 həftə ərzində bir neçə dəfə danışmışıq. Mənə demişdi ki, 10-15 dəqiqə oynaya bilər. Bu üzdən çağırmadıq.
 
- “Kayserispor”da oynayan Hüseyn Hasan Acar yığmamızda oynamaq istəyir. Onun barəsində məlumatınız varmı?
- Yığmaya namizədlərin hamısını izləyirik. Amma hazırda oyuna köklənmişik.
 
- İş elə gətirib ki, məğlubiyyətləri müqayisə edirik. Sizcə, hansı məğlubiyyətimiz daha yaxşıdı?
- Məğlubiyyətləri müqayisə etmək istəmirəm. Amma Uelsə qarşı son matçımız seçmə mərhələdəki ən yaxşı oyunumuz idi. 
 
- Bundan sonra qrupu neçənci yerdə bitirməyi düşünürsünüz?
- Hazırda sonuncu yerdəyik. Real vəziyyət onu göstərir ki, böyük ehtimalla 5-ci pillədə qalacağıq. Amma yenə də durumla barışmayacaq, qollar vurmağa və xallar qazanmağa çalışacağıq. Əgər bir qələbə qazansaq, vəziyyət dəyişə bilər.
 
- Xorvatiya yığmasının çıxışı barədə nə deyə bilərsiniz?
- Slovakiya ilə son matç istisna olmaqla, digər oyunları yaxşı keçirməyiblər. Ümid edirəm ki, sabah da digər 4 oyundakı kimi çıxış edərlər.