Jurnalistlərə təhlükəsizlik qaydaları öyrədilib

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Müşfiq Ələsgərli: “Jurnalist peşəkarlıqla yanaşı, öz təhlükəsizliyini düşünməlidir“

Bakıda “Jurnalist təhlükəsizliyinin təmin edilməsində yeni metodlar“ mövzusunda keçirilən təlimlər başa çatıb. Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) ilə birgə başlatdığı “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan“ layihəsi çərçivəsində keçirilən təlimlərdə 15 jurnalist iştirak edib.

Beynəlxalq Jurnalistlər Federasiyasının və Britaniya Milli Jurnalistlər Birliyinin eksperti David Bevan 3 gün ərzində yerli jurnalistlərə qaynar nöqtələrdə peşə fəaliyyətlərini yerinə yetirərkən şəxsi təhlükəsizliklərini təmin etmək qaydaları barədə təlimat verib. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimlərin uğurlu alınması üçün Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və “Ruh“ Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsinin daxil olduğu
“Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası“nın imkanlarından da istifadə olunub.
Təlimlərdə iştirak edən “Həftə içi“ qəzetinin əməkdaşı məşğələlərə qatılan jurnalistlərin bu layihənin əhəmiyyəti barədə fikirlərini öyrənib. Jurnalistlər indiyədək media sahəsində müxtəlif səpkili təlim və seminarlarda dəfələrlə iştirak etdiklərini söyləsələr də, təhlükəsizliklə bağlı olan məşgələlərə hər zaman ehtiyac olduğunu bildiriblər.
İctimai Televiziyanın “Xəbərlər“ departamentinin müxbiri Ruhiyyə Qasımova jurnalistlərin ekstremal vəziyyətlə tez-tez üzləşdikləri, bu səbəbdən də onların öz təhlükəsizliyini necə qoruya biləcəyini bilmələrinin vacib olduğu qənaətindədir: “Biz tez-tez təbii fəlakət zonalarından, münaqişələrdən, mitinq və küçə yürüşlərindən reportajlar hazırlayır, baş verənləri izləyib ictimaiyyətə çatdırırıq. Ona görə də belə hallarda təhlükəli vəziyyətlərlə qarşılaşırıq. Bu baxımdan indi öyrəndiklərimiz gələcəkdə qarşılaşa biləcəyimiz təhlükələr zamanı özümüzü müdafiədə bizə çox kömək edəcək“.
Ruhiyyə Qasımovanın fikrincə, jurnalistlər adətən özlərinin şəxsi təhlükəsizliyi məsələlərini ikinci dərəcəli hesab edir: “Lakin bu təlimdən sonra başa düşdük ki, jurnalist peşəkarlıqla yanaşı öz təhlükəsizliyini düşünməlidir. Burada biz tibbi və təhlükəsizlik baxımından yeniliklərlə tanış olduq və yeni biliklər əldə etdik“.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan“ layihəsinin koordinatoru Müşfiq Ələsgərli isə bildirir ki, bu seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları ilə tanış etməkdir. Onun fikrincə, belə təlimlər Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət daşıyır: “Çünki Azərbaycanın müharibə şəraitində olması jurnalistlərə, xüsusən də reportaj və araşdırma ilə məşğul olanlara spesifik problemlər yaradır. Belə təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən öz təhlükəsizliklərini təmin edə bilsinlər“.
Son 10 il müddətində dünyada 1100-dən artıq jurnalistin peşə fəaliyyətini həyata keçirərkən həlak olduğunu söyləyən müsahibimiz 5000-dən yuxarı jurnalistin də xəsarət aldığını vurğulayıb: “Bunları nəzərə alaraq beynəlxalq jurnalist təşkilatları jurnalist peşəsini riskli peşələr sahəsinə daxil ediblər. Son illər isə dünyada münaqişə bölgələrinin sayı artdığı üçün həmin hadisələri ictimaiyyətə çatdıran jurnalistlər daim risk altında olur. Ona görə də bu tip təlimlərin keçirilməsi müharibə şəraitində olan Azərbaycanda da çox vacibdir. Ümid edirəm ki, təlimlərin iştirakçısı olan jurnalistlər gələcəkdə də öz işlərində bu təlimlərdə öyrəndiklərini icra edə biləcəklər“.
Müşfiq Ələsgərli deyib ki, jurnalistlərin təhlükəsizliyi ilə bağlı təlimlər lahiyədəki 4 proqramdan biridir. Onun sözlərinə görə, bu proqram çərçivəsində hardasa 200-ə yaxın jurnalist iştirak edib. Təlimin təşkil olunmasında da əsas məqsəd isə jurnalistlərin təhlükəsizliyini təmin etməkdir. Xatırladaq ki, “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan“ layihəsi Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən ikiillik layihədir. Eyni təlimlər bir müddət əvvəl Tərtər və Masallı şəhərində keçirilib. Təlimlərin yekununda iştirakçılara sertifikat verilib.
Pərvin İsmayılova
Oxunma sayı 48