Gənc Tamaşaçılar Teatrı növbəti layihədə

15:15 06.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin aparıcı ali təhsil ocaqlarından sayılan Azərbaycan İctimai-Siyasi Universitetinin təşəbbüsü ilə layihə həyata keçirib. Gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə edilməsi Azərbaycan İctimai-Siyasi Universiteti və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir.

Bundan başqa, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də paytaxtdan olan tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib. Tədbiri giriş sözü ilə Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev açaraq tədbirin əhəmiyyətindən danışdı: “Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf edən tədbir tələbə adını almış hər kəs üçün ikiqat əlamətdardır“. Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova tədbirin keçirilməsində təşəbbüsün R.Nəbiyev tərəfindən gəldiyini dilə gətirərək, ilk dəfə olaraq tələbə biletlərinin teatr müəssisəsində təqdim olunmasının İctimai-Siyasi Universitetin müəllim heyətinin tələbələrə olan diqqət və qayğısı kimi qiymətləndirdi. S.İsmayılova ölkə prezidentinin teatrlara olan diqqəti sayəsində bir sıra teatr müəssisələri, o cümlədən Gənc Tamaşaçılar Teatrının binasının yüksək səviyyədə təmir olunmasını təqdirəlayiq olduğunu diqqətə çatdırdı. Daha sonra universitetin professor heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim ediblər. Tədbirdə Azərbaycan İctimai-Siyasi Universitetinin prorektorları Zöhrə Nəbiyeva, Əvəz Şirəliyev, rektor köməkçisi Nazim Nəbiyev, dekan müavini Ağababa Rzayev və digərləri iştirak ediblər. Tədbirdən sonra universitetin müəllim və tələbə heyətinə dramaturq Əli Əmirlinin “M.S.S.-Mən səni sevirəm“ tamaşası nümayiş etdirlər.

Pərvin İsmayılova
Oxunma sayı 38