İlk dərs günü – FOTO

11:11 16.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 15-i Bilik Günü idi. Bazar gününə düşdüyündən ilk dərs günü sentyabrın 16-na təsadüf etdi. Yəni, bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.Əldə etdiyimiz məlumata görə, 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, onların 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Onu da qeyd edək ki, hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

Bu gün məktəblərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq", V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol", X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq.

Paytaxtın bir neçə məktəbində olduq. Birincilərin, on birincilərin dərsə, kitaba olan həvəsini gördük.

Bizim müşahidə etdiklərimizi siz də görmək istəyirsinizsə, o zaman hafta.az-ın obyektivindən baxın:

Bəri başdan deyək ki, bu gün Biləcəri qəsəbəsindəki 300 saylı məktəbin açılış günüdür. Əsaslı təmirdən sonra məktəb yenidən öz şagirdlərini ağuşuna alacaq. Qapıda duran şəxslər bildirdilər ki, onlar həyəcanlıdırlar. Ölkə başçısı bu gün buraya təşrif buyuracaq. Onun yolunu gözləyirlər.

Binəqədi rayonundakı 115 saylı məktəbdə birincilər həyəcanlı idilər. Onlar valideynlərindən ayrılıb müəllimlərin əllərindən tutaraq sinif otaqlarına üz tutdular. İlk dərs günü ilə bağlı keçirilən tədbirdə qeyd olundu ki, 1966-cı ildən fəaliyyət göstərən bu təhsil ocağı hazırda bütün ixtisas müəllimləri ilə təmin olunub. Valideynlər çıxış edərək təhsildəki inkişafın göz qabağında olduğunu söylədilər. Onlar təhsilimizin inkişafına ayırdığı böyük diqqət və qayğıya görə ölkə başçısına təşəkkür və ehtiramlarını çatdırdılar.

Bakıdakı 13 saylı məktəbdə də ilk dərs günü böyük izdiham hiss olunurdu. Qeyd edildi ki, bu il 121 nəfər şagird birinci sinifə qəbul edilib. Sonra ötən ilin naliyyətlərinə toxunuldu. Bildirildi ki, keçən tədris ili məktəb üçün uğurlu olub. Onlarla məzun tələbə adını qazanıb.

Valideynlərlə söhbətləşdik. İlk dəfə övladlarını birinci sinifə gətirən valideynlər həyəcanlı olduqlarını gizlətmirdilər.  167 saylı məktəbdə valideynlər bildirdilər ki, onlar övladlarının birinci sinifinə göndərməklə bu gündən məktəbli anası kimi məsuliyyətli vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar. Ləman Əliyeva adlı valideyn isə sevindiyindən kövrəlir: “Bu gün İlkinimi birinci sinifə gətirmişəm. Çox sevincliyəm. İlk uşaqdı. Gələn il bacısı birinci sinifdə oxuyacaq. Söz verib atasına ki, yaxşı oxuyacaq”.

İlkindən gələcəkdə hansı peşənin sahibi olacağını soruşuruq. Polis-deyə cavab verir. Birinci sinifə gedəcək uşaqların arzularını soruşduqda kimisi müəllim, kimisi həkim, bir başqası polis, bəziləri hərbçi olacağını deyir. Allah arzularına çatdırsın. Bu gün ölkəmizin savadlı və ixtisaslı kadrlara ehtiyacı var. Müəllimə də, həkimə də, polisə də, hərbçiyə də...

Bilik gününüz mübarək olsun, əziz müəllimlər və şagirdlər!

Sosial rubrikasından digər xəbərlər