“İnanıram ki, dövlət öz sözünü deyəcək” – Elxan Şahinoğlu

10:40 09.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Təhsil haqqı azaldılmalıdır və ya tamamilə ortadan qaldırılmalıdır” deyənlərə qatılıram. İstedadı olan, ancaq pulu olmayan gənc nə etməlidir? Niyə onlar təhsil almamalıdırlar? Bu hüququ onların əlindən niyə alırıq? Yalnız ona görəmi ki, kasıb ailələrdəndirlər və valideynlərinin övladlarının təhsil haqqını ödəmək imkanları yoxdur? Buna “dur” deməyin zamanıdır və inanıram ki, dövlət öz sözünü deyəcək.

Hafta.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki,  il yarım dərs dediyi universitetdə tələbələrin və onların ailələrinin necə əziyyət çəkdiyini görüb: “Dekanların tələbələrə “pulu gətirməsən imtahana buraxılmayacaqsan” - tələbindən isə dəhşətə gəlirdim. Tələbənin maaşa baxan valideyni də bu tələb qarşısında ya qohumundan, ya da bankdan borc götürmək məcburiyyətində qalırdı. Heç bir valideyn istəməz ki, övladı borca görə imtahana buraxılmasın. Elə bu səbəbdən dözməyərək tədris işindən ayrılmağa qərar verdim. İllik 2600-3000 manat təhsil haqqı üçün çoxdur. Axı onsuz da Azərbaycanda təhsilin səviyyəsi də o qədər yüksək səviyyədə deyil ki, sən tələbədən illik 1500-2000 dollar ödəniş tələb edəsən. Azərbaycan gənci bundan da az məbləğ pul ödəməklə təhsilin daha üstün olduğu Türkiyə Universitetlərində oxuya bilər”.