İndiyədək 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub - Millət vəkili

15:26 29.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman öz fəaliyyətlərində onlara böyük diqqət və qayğı ilə yanaşırlar. Bildiyiniz kimi, bütövlükdə Qobu qəsəbəsində reallaşdırılan 3 layihədə toplam 3 700 nəfərə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcək, 20 minə yaxın insan yaşayacaq. Bu da məcburi köçkünlərin yaşayış şəraitinin yaxılaşdırılması istiqamətidə atılan mühüm addımlardan biridir”. Bunu millət vəkili Afət Həsənova deyib. Millət vəkili bildirib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir:

“2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. İndiyədək ölkəmizin müxtəlif regionlarında bu kateqoriyadan olan vətəndaşlar üçün 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub. Eyni zamanda məcburi köçkünlərin məşğulluğun artırılması istiqamətində də xeyli işlər görülməkdədir. Yeni tikilən qəsəbələrdə onların işlə təmin olunması, istehsal və xidmət sahələrinin yaradılması da bu istiqamətdə görülən mühüm tədbirlərdən biridir”. Deputat əlavə edib ki, ən mühüm məsələlərdən biri odur ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə, o cümlədən məcburi köçkünlərlə bağlı heç bir proqram təxirə düşməyib: “Bildiyiniz kimi, bu gün koronavirus pandemiyası dünyanı cənginə alıb, neftin qiymətləri kəskin şəkildə aşağı düşüb, dünyanın inkişaf etmiş ölkələri belə ciddi sıxıntılar içərisindədir. Lakin belə bir vəziyyətdə ölkəmizdə nəzərdə tutulan sosial layihələr heç bir ləngimə olmadan uğurla həyata keçirilir”. Afət Həsənova onu da vurğulayıb ki, dövlət başçısı tək məcburi köçkünlərin deyil, əhalinin aztəminatlı təbəqələrinin də həyat şəraitinin yaxşılaşdırılması üçün kifayət qədər böyük işlər görür və bu gün inkişaf etmiş, iqtisadiyyatı möhkəmlənmiş Azərbaycan dövləti bu potensiala malikdir: “Bütün bunlar Cənab Prezidentin düşünülmüş və uğurlu siyasətinin nəticəsidir. Bu işlərin hamısı ölkəmizin öz imkanları hesabına, heç bir yerdən yardım almadan həyata keçirilir. Görülən işlər onu göstərir ki, dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsinə və onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət də xalq tərəfindən dəstəklənir".

 

Oxunma sayı 1530