İndoneziya mətbuatı Ermənistanın cəbhə xəttində son təxribatı barədə məlumatlar yayıb

10:45 14.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 12-də və 13-də Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycanla sərhəddə törədilən təxribat barədə İndoneziya KİV-ləri də məlumatlar yayıb.

İndoneziyanın “dunia.rmol.id”, “inews.id”, “respublika.co.id”, “news.demokrasi.id” və digər saytlarında Azərbaycan Müdafiə Nazirliyinə istinadla bazar günü Ermənistan silahlı qüvvələrinin artilleriya atəşindən istifadə etməklə hücuma keçdiyi bildirilir. Lakin düşmənin cavab atəşi ilə geri oturdulduğu qeyd edilir.

Məqalələrdə keçmiş SSRİ-nin iki respublikası arasında ərazi münaqişəsinin artıq 30 ilə yaxındır ki, davam etdiyi bildirilir. Qeyd edilir ki, 1990-cı illərin əvvəllərindən davam edən qanlı müharibə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ona bitişik yeddi rayonu işğal edib.

Eyni zamanda qeyd edilir ki, bazar günü baş verən döyüşlər Dağlıq Qarabağdan uzaqda, iki Qafqaz respublikasının birbaşa sərhədində baş verib.

Xatırladılır ki, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə edildikdən sonra Bakı ilə Yerevan arasında danışıqlar Fransa, Rusiya və ABŞ-dan olan diplomatların daxil olduğu Minsk qrupunun iştirakı ilə keçirilir.

Münaqişənin tarixinə ekskursiya edən müəlliflər qeyd edirlər ki, Qarabağın erməni separatçılarının 1990-cı illərin əvvəllərində başladığı işğal nəticəsində 30 mindən çox insan həyatını itirib. Həmin ərazi Ermənistan tərəfindən işğal olunsa da, bu torpaqlar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz parçası kimi qəbul olunur.

Məqalələrdə, həmçinin qeyd edilir ki, zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələyir. Buna görə də Azərbaycan dəfələrlə işğal olunmuş torpaqlarını güc yolu ilə qaytaracağını bəyan edib.

Oxunma sayı 2459
Siyasət rubrikasından digər xəbərlər