“İnsanlar anlamalıdır ki, amansız bir virusla üz-üzəyik” –Məlahət İsayeva

13:55 04.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Nazirlər kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın aldığı qərara əsasən iyunun 5-i günorta saatlarından başlayaraq şənbə və bazar günləri də daxil olmaqla ölkədə ciddi karantin rejimi tətbiq olunacaq. Son dövrlər koronavirusa yoluxma hallarının sayının artması belə bir qərarın alınmasını şərtləndirib.

Bəs iki günlük ciddi karantin rejimi COVİD-19 virusundan qurtulmağımıza səbəb olacaqmı? Bu müddət az deyil ki? Ciddi karantin rejimi yenidən uzunmüddətli formada tətbiq oluna bilərmi? 

Müsahibimiz 11 saylı klinikanın sahə həkimi Məlahət İsayevadır. Suallarımıza 3 aydan çoxdur ki, koronavirusla mübarizə aparan həkimlər briqadasında çalışan Məlahət xanımla aydınlıq gətirməyə çalışacağıq. O, hafta.az-a müsahibəsində deyib ki, hazırda səhiyyə ocaqlarında xəstələrin sayı çoxalıb. Onların böyük əksəriyyəti pnevmaniyadan əziyyət çəkənlərdir.

-Məlahət xanım indi müalicə alanların əsas şikayətləri nələrdir?

- Pnevmaniya xəstələri daha çoxdur. Yəqin ki, bunun da əsas səbəblərindən biri insanların bir-biri ilə yaxın təması ilə əlaqədardır. Karantin rejimi yüngülləşdirildi. İnsanlar bir-biri ilə daha çox təmasda oldular. Tibbi maskdadan istifadə eləmədilər. Çox yaxın məsafədən görüşürlər, danışırlar. İnsanların bir-biri ilə yaxın məsafə saxlaması bu xəstəliyin daha çox artmasına səbəb oldu. Mən belə başa düşürəm. Artıq üçüncü aydır ki, koronaviruslu xəstələrin müalicəsi və yenidən sağlam həyata qaytarılması üçün çalışıram. Xəstəxanalar demək olar ki, pnevmaniyalı xəstələrlə dolub. Ən çox müraciət edən bunlardır. Çox ağır vəziyyətdə gəlirlər. Tənəffüs çatışmazlığı və boğulma olur. Süni tənəffüs aparatına qoşulurlar. Bu saat xəstələrimiz bu vəziyyətdə - ağır formada gəlirlər.

-Bəs vəziyyət ağırlaşmamışdan əvvəl durum necə idi?

-Üç ay bundan əvvəl xəstələrimiz yüngül formada idi. Adi qrip əlamətləri ilə müraciət edirdilər. İndi xəstələrimiz o qədər çoxalıb ki, inanırsınız, palatalarımızda yer yoxdur. Reanimasiyalar doludur. Hamısı tənəffüs aparatına qoşulub. Bizim özümüzdə də qorxu, vahimə həyəcan əmələ gəlib. Özüm üçüncü aydır ki, işləyirəm, məndə də qorxu hissi var. Həkimlərimiz hətta kamuflaj formada yoluxurlar. Başa düşmürük ki, bu yoluxma hansı formada baş verir. Hamısı pnevmaniya, yüksək hərarət və boğulma... Bunların içərisində isə ən çox qeydə alınan boğulmadır – tənəffüs çatışmazlığı.

-Necə düşünürsünüz, şənbə və bazar günlərində ciddi karantin rejiminin yenidən tətbiq olunması yoluxma sayının azalmasına gətirib çıxara bilərmi?

- Heç nə deyə bilmərəm, iki gün ciddi karantin rejiminin tətbiqi ilə yoluxanların sayında azalma olacaq, ya yox... yəqin ki öz təsirini göstərəcək. Amma bu təsir mülayim formada olacaq. Mənə elə gəlir ki, karantin rejimi bir qədər uzadılsa, yaxşı olar. Mən bu cür fikirləşirəm. Biz belə düşünürdük ki, yayın gəlməsi, havaların istiləşməsi ilə virus öləcək, məhv olacaq. İndi belə başa düşürəm ki, getdikcə virus daha da çoxalır. Çox maraqlıdır ki, virus xarici ölkələrdə azalmağa doğru gedir. Yoluxanların sayında azalmaların olduğu bildirilir. Bizdə isə əksindədir, çoxalır. Gözümün şahidiyəm, burada xəstələrin müalicəsi ilə məşğulam və şokdayam. Gözlərimlə görürəm xəstələrin hansı ağır vəziyyətdə gəldiyini... Azalmaq əvəzinə çoxalır. İki gün ciddi karantin rejiminin tətbiqi ilə bu düzələcəkmi, yaxşı olacaqmı, bunu bilmirəm. Bir-iki günlə çətin ki, vəziyyət düzəlsin. 

-Mütəxəssis kimi deyə bilərsinizmi ki, ciddi rejim nə vaxta kimi tətbiq edilsə, virusdan tamamilə canımızı qurtara bilərik?

 -Bilirsiniz, bunu heç kim deyə bilməz. Sadəcə olaraq ciddi karantin rejimi davam etsə, daha yaxşı olar. Bir neçə ay davam etsin və mülayim şəkildə, yavaş-yavaş prosesi yumşaltmaq olar. Bunların hamısı birdən-birə oldu. Çox yüngülləşdirildi. İş yerləri açıldı. İnsanlar elə bil azadlığa çıxdı. Tibbi maskaları çıxarıb atdılar. İnsanlar 2 metrlik təmas məsafəsini yığışdırdılar. Ləğv etdilər. Görüşüb-öpüşdülər. İnsanlarda virusun varlığına inamsızlıq əmələ gəldi. Amma inanın ki, mən özüm də burada şokdayam, vəziyyət çox ağırdır. İnsanlar koronavirusun varlığına inanmalıdırlar. Başa düşsünlər ki, amansız bir virusla üz-üzəyik. Bilsinlər ki, doğrudan da belə bir virus var. Əvvəllər yüngül formada idi, insanlar inanmırdı. İndi çox ağır formadadır. Koronavirusla zarafat etmək lazım deyil. Şəxsən mən özüm qorxuram.

-Virus hazırkı durumda daha çox hansı orqanları zədələyir?

-Birbaşa ağciyər orqanlarını dağıdır. Ciddi şəkildə zədələyir.

-Belə başa düşdüm ki, dərmanlar da artıq bu virusa təsir göstərmir...

-Bəli, artıq dərmanlar təsir göstərmir. Bu virus dərmanlara davamlıdır. Müqavimət göstərir. Virus dərmanı qəbul etmir. Xəstələr 14-15 gün müalicə alırlar, bir də görürsən ki, elə sonuncu gün tənəffüs çatışmazlığına görə reanimasiyaya düşürlər. Reanimasiyada xeyli xəstələrimiz var. Ölüm sayı artıb. Ölüm səbəbinin də hamısı pnevmaniya və tənəffüs çatışmazlığıdır.

-Ən çox yoluxan kimlərdir?

-Ən çox yoluxanlar yanaşı xəstəlikləri olanlardır. İnsanlar gərək immunitetlərini gücləndirsinlər. İmmuniteti güclü olan insana heç bir xəstəlik yaxın durmur. Ən çox vitaminlərdən – vitamin “C”, vitamin “D” – istifadə etsinlər. Tibbi maska ilə təmiz havada gəzsinlər. Xəstə insanlardan uzaq olsunlar. İdmanla – üzgüçülüklə məşğul olsunlar. Sağlamlıqlarına və qidalarına riayət etsinlər. Bunlar çox vacibdir.

-Bu saat səhiyyə ocaqlarında hansı xəstələr müalicə alır?

-Şəkərli diabet, ürək-damar sistemində çatışmazlıqları olanlar, böyrək xəstələridir. Bunların immuniteti çox zəifdir. 80 yaşında insan xərçəng xəstəliyinə tutulur. Niyə? – çünki onların immuniteti yoxdur. Bədən xəstəliyə qarşı mübarizə aparmaq gücündə deyil. İmmuniteti zəif olan insanlar həmişə virusa birinci yoluxacaq. Bu insanları xəstəlikdən qorumalıyıq. Birinci növbədə vəzifəmiz budur. Yaşı 65-dən yuxarı olan insanlar bu virusa inanmırdılar. İndi burada müalicə alanların sayı yaşı 65-dən yuxarı olanlardır.

Oxunma sayı 6999