İqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır

18:35 04.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hesablamalara görə, dünyada yaşanan iqlim dəyişikliyi nəticəsində 2050-ci ildə planetimizdə 2 milyard insan sudan məhrum ola bilər. Ümumiyyətlə, 30 il sonra 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. Hazırda isə dünya əhalisinin 20 faizini təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıyadır. Ancaq 2025-ci ildə bu sayın 50-ə çatacağı və dünya əhalisinin 25 faizinin su çətinliyi ilə üz-üzə gələcəyi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan da su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Onun sözlərinə görə, ölkəmizin su ehtiyatları regiondakı su ehtiyatının 15 faizini təşkil edir.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək: "Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat getdikcə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir".

Şöbə müdiri bildirib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur: "Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir. Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərinin tətbiqini təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir. Bununla bağlı ETSN tərəfindən ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə və təbliğat işləri aparılır, respublikanın müxtəlif bölgələrində həyata keçirilən yaşıllaşdırma layihələrində damcılı suvarma sistemləri tətbiq olunur".

R.Səttarzadə deyib ki, bu işlərin davamı olaraq BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə bu yaxınlarda Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb: "Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir. Suya qənaəti tətbiq və təşviq edən bu cür layihələrin tədricən bütün ölkə ərazisini əhatə etməsi üçün tədbirlər davam etdirilir".

Yeri gəlmişkən, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Azərbaycanın yerüstü su ehtiyatlarının 19-20,6 kubkilometri transsərhəd çayların, 9,5-10 kubkilometri isə yerli çay axımı hesabına formalaşır. Samur çayı istisna olmaqla birbaşa Xəzər dənizinə tökülən çayların illik su ehtiyatı 2,2-2,5 kubkilometr təşkil edir ki, bunun da 1-1,1 kubkilometri Böyük Qafqazın şimal-şərq yamacından, 1,2-1,4 kubkilometri Lənkəran təbii vilayətindən axan çayların payına düşür. Kür çayının hövzəsinə daxil olan sağ və sol qolların ümumi su ehtiyatı isə 7,5-7,8 kubkilometr təşkil edir.

Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları ölkə ərazisinə daxil olana qədər müxtəlif kimyəvi element və birləşmələrlə, üzvi maddələrlə çirklənməyə məruz qalır. Sərhəd xətlərində bu çayların sularında neft məhsulları, fenollar, mis, bismut, titan, manqan və digər elementlər yol verilən qatılıq həddindən artıqdır. Ermənistan ərazisindən Azərbaycana daxil olan Araz çayında çirklənmdərəcəsi digər çaylardan daha çoxdur. Çay suları respublika ərazisində də müxtəlif mənşəli çirklənmələrə məruz qalır.

Respublika ərazisindəki irili-xırdalı 8359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 kilometrdən, 7861 çayın uzunluğu isə 10 kilometrdən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 kubkilometr təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 kilometr/kvadratkilometr), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 kilometr/kvadratkilometr) bölgələrinin payına düşür. Təbii şəraitdə respublikada çay suları şirin sulu olmaqla ümumi minerallaşma dərəcəsi 0,3-0,5 qram/litr səviyyəsindədir. Çay sularının kimyəvi tərkibində hidrokarbonat və kalsium ionları üstünlük təşkil edir. Ceyrançöl və Abşeron-Qobustan çaylarının suları isə 0,5-1,5 qram/litr və daha çox minerallaşma dərəcəsi ilə sulfatlı natriumlu kimyəvi tərkibə malikdir.

Azərbaycanda çayların yerüstü axını hidroloji ildən və mövsümlərdən asılı olaraq kəskin dəyişir. Bu dəyişkənlikdən asılılığı azaltmaq və il ərzində istifadə oluna biləcək etibarlı su mənbələrinə malik olmaq məqsədi ilə bir sıra çayların üzərində su anbarları yaradılıb. Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır.

Azərbaycan ərazisində ümumi sahəsi 394 kvadratkilometr olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,9 kubkilometrə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 kubkilometrə yaxındır. Azərbaycan ərazisində buzlaqlar əsasən Böyük Qafqaz dağlarının Baş Suayrıcında və Yan Silsilədə mütləq yüksəkliyi 3600-4000 metrdən artıq olan ərazilərdə formalaşıb. Son 70 ildə dağ zirvələrindəki buzlaqların sahəsi xeyli azalıb. Hazırda buzlaqların sahəsi təqribən 6,6 kvadratkilometr, su ehtiyatı isə 0,08 kubkilometr təşkil edir. Buzlaqlar Bazardüzü zirvəsində 3,6 kvadratkilometr, Bazaryurdda 1 kvadratkilometr, Tufandağda 0,5 kvadratkilometr, Şahdağda isə 1,1 kvadratkilometr sahəni əhatə edir. Kiçik Qafqazda yalnız Qapıcıq dağında sahəsi 0,15 kvadratkilometr olan buzlaq mövcuddur. Buzlaqlar çayların qidalanmasında və illik su ehtiyatlarının tənzimlənməsində mühüm rol oynayır.

Respublikanın istifadəyə yararlı yeraltı sularının illik istismar ehtiyatları isə 9 milyard kubmetrə yaxındır. Yeraltı suların əsas ehtiyatları Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl, Naxçıvan dağətəyi düzənliklərində toplanıb. Bu ehtiyatların 60 faizə yaxını Samur-Dəvəçi, Şəki-Zaqatala və Gəncə-Qazax dağətəyi düzənliklərinin ərazisində yerləşir. Geoloji kəsilişdə yüksək sukeçiricilik xüsusiyyətlərinə malik çaqıl-çınqıl və qumlu süxurların üstünlük təşkil etməsi, çay şəbəkəsinin yaxşı inkişaf etməsi, yağıntıların çoxluğu bu ərazilərdə yeraltı suların qidalanması üçün əlverişli şərait yaradır. Dağətəyi bölgələr içərisində Ceyrançöl və Acınohur düzənlikləri yeraltı suların ehtiyatlarının çox məhdudluğu və nisbətən yüksək minerallaşma dərəcələri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər müsbət şəraitlə fərqlənir.

Böyük və Kiçik Qafqazın, Talışın dağlıq hissələrində yüksək keyfıyyətli yeraltı sular əsasən tektonik çatlarla əlaqəli olaraq bulaqlar şəklində təzahür edir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən "Ruzigar" Ekoloji İctimai Birliyinin rəhbəri, professor İslam Mustafayevin sözlərinə görə, şəhərlərdə ilk növbədə texnki su ilə içməli su ayrılmalıdır: “İçməli su ilə maşın, xalça yuyulması, zavodlarda istifadə olunması kimi problemlər var. Çox böyük su tutumlu təsəsrrüfatlarda içməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. Ölkəmizin su ehtiyatları kifayət qədər olmasa da, adambaşına düşən su resurslarına görə Azərbaycan heç də geridə qalan ölkə deyil. Belə ki, Cənubi Qafaqazın aşağı yamacalarında kifayət qədər su resursları var. Su resursları keyfiyyətinə görə ayırılsa, istifadəyə ciddi nəzarət olunsa, hesablayıcı sistemlərə əməl olunsa, problemlər də azalar”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.