İqlim dəyişikliyini necə məhdudlaşdırmaq mümkündür?

18:36 24.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bununla bağlı “Missiya 1.5” adlı kampaniyaya start verilib

Ötən həftə BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni kampaniyaya başlanılıb. “Missiya 1.5” adlı kampaniya iqlim dəyişikliyi ilə mübarizə sahəsində qarşıya qoyulmuş yüksək hədəflərlə bağlı hökumətlərlə vətəndaşlar arasında olan kommunikasiya boşluğunu aradan qaldırmaq məqsədi daşıyır.

“Missiya 1.5” kampaniyasının məqsədi 20 milyon insana iqlim dəyişikliyinin məhdudlaşdırılması üçün hansı tədbirlərin görülməsi barədə öz mövqelərini hökumət rəhbərlərinə bildirməsi üçün imkan yaradır. BMT-nin İnkişaf Proqramının (BMTİP) rəhbərlik etdiyi kampaniya dünyanın hər yerində vətəndaşlarla hökumətlər arasındakı kommunikasiya çatışmazlığının aradan qaldırılmasına yönəlib. Bu çatışmazlıq dünyanın müxtəlif yerlərində vətəndaşlar tərəfindən ictimai rəyin məktəb tətilləri, kütləvi etiraz kimi kəskin formalarda ifadə olunmasına gətirib çıxarıb.

Kampaniya BMTİP və oyun hazırlanması, iqlimşünaslıq və ictimai sorğuların keçirilməsi üzrə ekspertlərlə birgə hazırlanmış internet və mobil əsaslı videooyun üzərində qurulub. Bu oyunda oyunçular iqlim siyasəti üzrə məsul şəxslərin vəzifələrini icra edir və qlobal istiləşməni 1.5°C aşağı temperaturda saxlamaq məqsədilə qərarlar verirlər.

Oyundan sonra, oyunçulardan iqlim dəyişikliyi ilə mübarizə sahəsində görülməsini istədikləri əsas tədbirlərlə bağlı səs vermələri xahiş olunur. Bu məlumatlar təhlil edilir və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ictimai rəylə bağlı etibarlı məlumatlara çıxışı olmayan hökumətlərə təqdim edilir.

Bundan əvvəl iqlim dəyişikliyi ilə bağlı ən böyük beynəlxalq ictimai rəy sorğusu 76 ölkədə 10 min nəfəri əhatə edib və 2015-ci ildə Parisdə keçirilən iqlim dəyişikləri ilə bağlı danışıqlardan öncə həyata keçirilib.

“Mission 1.5” oyununa www.mission1point5.org saytından daxil olmaq və dünyanın istənilən nöqtəsindən oynamaq mümkündür.

BMTİP-in rəhbəri Akim Ştayner bildiribib ki, bu kampaniya vasitəsilə biz, özəl və dövlət sektorundan olan tərəfdaşlarla birlikdə, milyonlarla insanı öz hökumətləri ilə iqlim böhranının həlli yolları barədə ikitərəfli innovativ müzakirələrdə bir araya gətirmək və bu il Qlazqoda keçiriləcək “COP26” iqlim danışıqları ərəfəsində hədəfləri yüksəltmək imkanı əldə edirik.”

BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti bildirib ki, təmsil etdiyi təşkilat iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin yumşaldılması üzrə düşünülmüş siyasətlərin qəbulu, enerjidən səmərəli istifadənin təşviqi, CO2 tullantılarının azaldılması və iqlim dəyişikliyinin səbəb olduğu ekstremal meteoroloji hadisələrə hazırlıq istiqamətində Azərbaycan hökuməti və milli tərəfdaşlarla 20 ildən artıqdır ki, yaxından əməkdaşlıq edir: “Azərbaycanda BMTİP hökumətin Paris Sazişinə uyğun olaraq, 2030-cu ilədək istixana effekti yaradan qazların tullantılarını 35 faiz azaltmaqla bağlı öhdəliklərini yerinə yetirməsinə dəstək göstərir. Buna nail olmaq üçün enerjidən səmərəli istifadə, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar kimi alternativ vasitələrə dəstəyin artırılması çox vacibdir, çünki bu alternativ vasitələr, öz növbəsində, minlərlə yeni “yaşıl” iş yerinin açılmasına imkan verərək, iqtisadiyyatın şaxələndirilməsinə kömək edə bilər”.

Qeyd edək ki, bu gün iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Anomal hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. Bütün bunları nəzərə alan Azərbaycan hökuməti iqlim dəyişmələri üzrə milli səviyyədə fəaliyyətləri daha da genişləndirib. Belə ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüş və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya edib. Bundan başqa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb.

Yeri gəlmişkən, son illərdir ki, Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirib. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma strategiyaları uzunmüddətli Dövlət Proqramlarında da öz əksini tapır. Məsələn, bu problem Alternativ və Bərpa olunan Enerji mənbələrindən İstifadə olunması üzrə Dövlət Proqramında(2004), 2008-2015-ci illərdə Azərbaycan Respublikasinda Əhalinin Ərzaq Məhsullari Ilə Etibarli Təminatina Dair Dövlət Proqramında (2008-2015), Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramında (2004, 2009,2014), 2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramında (2008-2015), Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair dair strateji yol xəritəsi” ində öz əksini tapıb. Bundan başqa, Davamlı İnkişaf məqsədlərinə nail olmaq üçün Respublika Prezidentinin 6 Oktyabr 2016 –cı il tarixli Sərəncamı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası(NCCSD) yaradılıb.

Məlumat üçün bildirək ki, dünya miqyasında mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlayıb. Layihə bu altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində “2020-ci il üçün 20 Nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən (xüsusən də iqlimlə bağlı tədbirlərə dair 13-cü Dayanıqlı İnkişaf Məqsədindən) irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. EU4Climate layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb

Oxunma sayı 201