İqlim dəyişmələrinə qarşı yeni layihə

19:24 27.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın ərazisinin fiziki və coğrafi xarakteristikası onu iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qoyur. Ən son qiymətləndirmələrə əsasən Azərbaycanda kənd təsərrüfatı, su və meşəçilik iqlim dəyişikliyinə ən həssas sektorlardandır. Ölkədə iqlim dəyişikliyinin mənfi təsirləri artıq hiss olunmaqdadır və bu, özünü daşqınlar, quraqlıqlar, bürkü və eləcə də yazın əvvəlindən başlayaraq havanın temperaturunun kəskin artması şəklində büruzə verir”.  Bu fikirləri  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair keçirilən seminarda deyib.

Onun sözlərinə görə, ən həssas sektorlarda iqlim texnologiyası üzrə həllərin hərtərəfli qiymətləndirilməsi, adaptasiya üzrə milli strategiya və fəaliyyət planlarının hazırlanması və onların milli sektorlara inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas prioritetlər arasındadır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev də hesab edir ki,  qlobal iqlim dəyişikliyinin təsirləri əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir: "Bu baxımdan ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir. Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib. Bunun bariz nümunəsidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyaya qoşulub. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və 2016-cı ildə həmin Konvensiyaya əlavə olan Paris Sazişini imzalayıb və ratifikasiya edib. Paris Sazişinə əsasən inkişaf etməkdə olan ölkələr də qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında aktiv iştirak edərək atmosferə atılmaların azaldılması üzrə “Milli Səviyyədə Müəyyən Edilən Töhfələr” sənədini Konvensiya Katibliyinə təqdim etməyə dəvət ediliblər. Azərbaycan da “Milli Səviyyədə Müəyyən Edilən Töhfələr” barədə sənədi təqdim edərək qarşıya istixana effekti yaradan qaz emissiyalarını 1990-cı illə müqayisədə 35 faiz azaltmaq məqsədini qoyub".

R.Hacıyev əlavə edib ki, hazırda prioritet olaraq müəyyən edilən energetika, sənaye, kənd təsərrüfatı, torpaqlardan istifadə, meşəçilik və tullantıların idarə olunması sektorları üzrə bəzi öhdəliklərin yerinə yetirilməsinə başlanılıb.

Qeyd edək ki, FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə yeni layihəyə start verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin icra edəcəyi və 18 ay davam edəcək layihə Yaşıl İqlim Fonduna birbaşa çıxışı olacaq qurumların müəyyən edilməsini və bu istiqamətdə müvafiq təşkilatların potensialının artırılmasını hədəfləyir.

Yeri gəlmişkən, bir neçə gün öncə BMT-nin mənzil-qərargahında keçirilən iqlim sammitində hökumət başçıları, biznesmenlər və vətəndaş cəmiyyətinin üzvləri qlobal istiləşmənin qarşısını almaq üçün konkret milli öhdəliklər götürüblər. Məsələn, Qətər əmiri Tamim ben Həmad Al Tani vəd edib ki, onun ölkəsi futbol üzrə ekoloji cəhətdən təmiz dünya çempionatı keçirəcək: “2022-ci il futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Biz ekoloji cəhətdən təmiz yarışlar keçirəcəyik. Bu, karbon qazı emissiyasının olmadığı ilk çempionat olacaq. Biz stadionda matçları günəş batareyaları ilə təchiz olunmuş texnologiyalar, o cümlədən soyutma və işıqlandırma sistemi ilə, enerjiyə və suya qənaət edilməsi şərti ilə keçirəcəyik”.

Qətər Əmiri kiçik ada dövlətlərinə və daha az inkişaf etmiş ölkələrə iqlim dəyişiklikləri ilə mübarizə və təbii fəlakətlərə qarşı mübarizə məqsədilə 100 milyon dollar vəsait ayrılacağını da vəd edib.

Almaniyanın Kansleri Angela Merkel sammit iştirakçılarını təcili tədbirlər görməyə və gənclərin çağırışına səs verməyə dəvət edib. O vurğulayıb ki, qlobal problemləri yalnız birgə səylərlə həll etmək olar və Almaniya bu sahədə dərin inqilabi dəyişikliklər ərəfəsindədir. Merkel əlavə edib ki, onun ölkəsi bu yaxınlarda qlobal istiləşmə ilə mübarizə layihəsinə 54 milyard avro ayrılmasına dair sərmayə paketini razılaşdırıb.

Almaniya Kansleri BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, onun ölkəsi 2030-cu ilədək parnik qazlarının atmosferə buraxılmasını 1990-cı illə müqayisədə 55 faiz azaldacaq, 2050-ci ildə isə onu sıfır səviyyəsinə endirəcək. Niderlandın Baş Naziri Mark Rütte də bu cür vədlə çıxış edərək bildirib ki, onun ölkəsi də 2030-cu ilədək parnik qazlarının emissiyasını 49 faiz azaldacaq və 2050-ci ildə bu rəqəmi 95 faizə çatdıracaq.

Yeni Zelandiyanın Baş Naziri Casinda Ardern isə xatırladıb ki, onun ölkəsinin payına qlobal atmosfer tullantısının cəmi 0,17 faizi düşür. Lakin bu o demək deyil ki, həmin ölkənin əhalisi bu sahədə heç bir tədbir görməyəcək. Yeni Zelandiyada hökumət əhaliyə elektrik və ekoloji təmiz avtomobillərdən istifadə etməyi tövsiyə edir. Burada artıq elektrik enerjisinin 80 faizi bərpa olunan mənbələr hesabına istehsal edilir.

Yeni Zelandiyanın Baş Naziri ölkədə 2028-ci ilədək 1 milyard ağac əkilməsi planından da danışıb. Onun sözlərinə görə, artıq 150 milyon ağac əkilib. 2035-ci ildə Yeni Zelandiya istehsal olunan elektrik enerjisinin hamısını bərpa olunan mənbələr hesabına əldə edəcək: “Biz neft və qaz kəşfiyyatı üçün icazə verilməsini dayandırmışıq. Bunun əvəzinə hökumətimiz “yaşıl” hidrogen və bioyanacaq istehsalına sərmayə qoyacaq. Məqsədimiz 2035-ci ildə elektrik enerjisinin tamamilə bərpa olunan mənbələrdən istehsalıdır”.

Maldiv Prezidenti İbrahim Məhəmməd Solih adaların xilas edilməsi planını təqdim edib. Bu sənəddə həmin adalarda təbiəti mühafizə zonalarının yaradılması, yeni texnologiyaların tətbiqi, yaşıl turizmin inkişafı və bərpa olunan enerji mənbələrinə keçidlə bağlı 11 istiqamət göstərilib: “Lakin bu təşəbbüsün həyata keçirilməsi üçün maliyyə resursları lazımdır. 2010-cu ildə qəbul edilmiş planda göstərilir ki, 2020-ci ildə sənaye cəhətdən inkişaf etmiş ölkələr iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün az gəlirli dövlətlərə 100 milyard dollar vəsait ayıracaq. Artıq 2019-cu ilin sentyabr ayıdır və tezliklə 2020-ci il gələcək. Mən böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin məqsədlərə gözlədiyimizdən daha az vəsait ayrılıb”.

Roma Papası Fransiskin sammit iştirakçılarına videomüraciəti yayılıb. Pontifik bəyan edib ki, iqlim dəyişiklikləri bəşəriyyətin ən başlıca problemlərindən biridir və onun həlli üçün “dürüstlük, məsuliyyət və cəsarət” tələb olunur.

Parnik qazlarının atmosferə qlobal emissiyası rekord səviyyəyə çatıb və getdikcə artır. Son dörd ildə dünyada ən isti hava qeydə alınıb, Arktikada qış temperaturu isə 1990-cı ildən etibarən 3 dərəcədə Selsi artıb. Dəniz səviyyəsi yüksəlir və Mərcan qayaları məhv olur.

BMT-nin Baş Katibi sammit iştirakçılarına xəbərdarlıq edib ki, əgər təxirəsalmaq tədbirlər görülməzsə, onda bizim həyatımız təhlükə altında qalacaq: “Təbiət qəzəblənib. Əgər onu aldatmaq mümkün olduğunu düşünürüksə, çox yanılırıq, çünki təbiət bizdən qisas alacaq”.

Baş katib xatırladıb ki, təbiətin qəzəblənməsinin təzahürlərini artıq bu gün hər yerdə görmək olar: “Bir neçə gün bundan əvvəl mən Baham adalarında oldum. İki gün ərzində Dorian qasırğası orada qarşısına çıxanı məhv edirdi. Mənim orada gördüyüm dağıntılar apokalipsisə oxşayırdı. Bunlar sadəcə dağıntı deyil, bizim gələcəyimiz barədə xəbərdarlıqdır. Yəni, biz öz qazdığımız quyuya düşmüşük. Həmin quyudan çıxmaq üçün əvvəlcə onun qazılmasını dayandırmaq lazımdır. Bəli, hər şey pul ilə başa gəlir, lakin fəaliyyətsizlik bizə hər şeydən baha başa gələcək”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.