“İqtisadiyyatın şəffaflaşması istiqamətində aparılan islahatlar mübət nəticəsini verir” - Ekspert

16:26 07.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan dünyanın bir parçasıdır. Ona görə də pandemiyanın təsirlərindən yan keçə bilmərik. Pandemiya digər dünya ölkələrində olduğu kimi Azərbaycanda da bütün sahələrə mənfi təsirlərini göstərib. Məsələn, bu ilin 5 ayında iqtisadiyyatımız 1,7 faiz azalıb. Mənin proqnozlarıma görə, ilin sonuna kimi bu rəqəm 2-3 faiz civarında dəyişəcək. Bunu hafta.az-a açıqlamasında UNEC-in professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev bildirib.

Ekspert onu da vurğulayıb ki, umumi iqtisadiyyatda azalma olmasına baxmayaraq bu çətin dövrdə qeyri- neft sahəsində artım müşahidə olunub: “Məsələn, kənd təsərrüfatımız 3 faiz, qeyri-neft sənayemiz 16 faiz artıb. Təbii ki, bu çətin dövrdə belə müsbət nəticələrin əldə olunmasını sevindiricidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. Digər tərəfdən koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri əlavə xarclər tələb etdiyini, gəlirlərin azalması fonunda valyuta ehtiyatlarımızdan da sərf olunduğunu və bu günə statistikaya əsasən cəmi 98 milyon dollar valyuta ehtiyatımızın azaldığını nəzərə alsaq, bunu yaxşı hal hesab etmək olar. Əslində, bu daha çox ola bilərdi. Amma İqtisadiyyatın şəffaflaşması, korrupsiyanın aradan qaldırılması istiqamətində aparılan islahatlar öz mübət nəticəsini verməkdədir və statistikaya görə son 6 ayda dövlət büdcəsinə proqnozdan əlavə 423 milyon manat daxil olub. Təbii ki, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizənin aparılması da buna öz tövhəsini verib. Yəni, ötən müddət ərzində yüz mindən çox əmək müqaviləsi imzalandı və dövlət rəsmilərinin də dediyi kimi qeyri-formal məşğulluq ağardıldı”.
Professor həmçinin qeyd edib ki, indiki şəraitdə Mərkəzi Bankın ehtiyatlarının azalmaq əvəzinə çoxalması da müsbət haldır: “Bu onu göstərir ki, Azərbaycan dövləti maliyyə rezervlərini qorumaq üçün düşünülmüş siyasət aparır. Bu çətin vaxtda çalışmaq lazımdır ki, bütün sahələrdə ehtiyat vəsaitlər artsın. Çünki gəlirlərin azaldığı bir vaxtda maliyyə ehtiyatlarının qorunması olduqca vacibdir. Digər tərəfdən, risklər artdığına görə investorların maliyyə vəsaitlərinə tələbi azalıb. Hazırkı vaxtda harasa sərmayə qoymağı riskli hesab edirlər. Fikrimcə, bu amilin də maliyyə vəsaitlərinin qorunmasında rolu var. Ümumilikdə isə Azərbaycanda həyata keçirilən düşünülmüş maliyyə siyasəti ehtiyatların qorunmasında öz töhfəsini verir və hesab edirəm ki, bu sahədə islahatlar aparıldıqca, daha düzgün mexanizlər tətbiq olunduqca nəticələr daha da yaxşılaşacaq” .

Oxunma sayı 2610