İran Xəzərdə araşdırmalara başlayıb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
İran Xəzər dənizinin cənub sahillərində dəniz dibinin öyrənilməsi, seysmologiya və neft marşrutlarının müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlayıb. Bu barədə “Mehr“ informasiya agentliyi bildirib ki, layihəni İranın Geologiya Xidməti Okean və atmosfer araşdırmaları elmi mərkəzi ilə birgə elmi araşdırma gəmisi vasitəsilə həyata keçirir.

Araşdırma 1000 kvadrat metr və 500 metr dərinliyi əhatə edəcək. Layihə bu ilin sonunadək aparılacaq. Bu arada “Mehr“ xəbər agentliyi məlumat yayıb ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi Qazaxıstanda həmkarı Yerjan Kazıxanovla danışıqlar aparıb. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər bəyanat verməyi də unutmayıblar. İranın XİN başçısı bildirib ki, Xəzər dənizi 5 hövzəətrafı dövlətə məxsusdur və burada digər ölkələrin kök salmasına izin verilməməlidir. O xüsusi olaraq vurğulayıb ki, Xəzər bölgəsinə aid olmayan dövlətlərin bura müdaxiləsinə və hərbi mövcudluğuna imkan verilməməlidir. Nazir Xəzərin hüquqi statusu məsələsinə də toxunaraq dedi ki, yekun razılaşma yalnız güzəşt əsasında əldə olunmalıdır: “Statusla bağlı ekspertlər səviyyəsində yaxın zamanlarda növbəti görüşün Astanada keçirilməsi nəzərdə tutulub və biz ümid edirik ki, konvensiyaya dair təmaslar faydalı olacaq“. Salehi həmçinin qeyd edib ki, İran Xəzərin ekologiyasına xüsusi önəm verir.
Vüsal