“Təəssüflər olsun ki, hələ də bu səviyyəyə enən məmurlarımız var“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
“Turan“ İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mətbuata bildirib ki, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqovun Mətbuat Şurasına əlavə səlahiyyətlər istəməsi dünya praktikasında yoxdur. Onun sözlərinə görə, yalnız totalitar rejimlərdə bu tipli addımlar atıla bilər. “Azərbaycan“ qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə “Həftə içi“nə müsahibəsində bildirdi ki, o yalnız reket qəzetlərlə mübarizədə dəstək istəyib.
- Mehman Əliyevin cavabı ilə tanış oldum. Mən təəssüf edirəm. Bir vaxtlar mətbuatda çalışmış, hazırda digər informasiya agentlikləri ilə peşəkarlıq rəqabətində uğursuzluğa düçar olmuş “Turan“ın rəhbəri Mətbuat Şurası ilə reket Redaktorlar Birliyi arasında vurnuxur və bir sıra həqiqətləri unudur.
Əvvəla söhbət Mətbuat Şurasına verilən səlahiyyətlərdən gedirsə, mən bildirmişəm ki, Mətbuat Şurası bu səlahiyyətləri qurultaydan istəyə bilər. Qurultay isə həmin səlahiyyətləri ona verə də bilər, verməyə də. Bu səlahiyyət isə hər hansı bir qəzetin bağlanması ilə bağlı məhkəməyə müraciət etməyin mümkünlüyüdür. Məhkəmə isə bu müraciəti müsbət də cavablandıra bilər, mənfi də. Onsuz da məhkəməyə edilən müraciətlə bağlı məsələni araşdıracaq. Mətbuat Şurası nə hansısa qəzeti bağlamaq fikrindədir, nə də məhkəmənin funksiyasını öz üzərinə götürmək istəyir. Bu barədə söhbət getməyib. Əgər dünyada qəzetin bağlanması praktikasından söhbət gedirsə dünyanın bir çox ölkələrində qəzetlər də bağlanır, jurnalistlər də həbsxanaya atılır. Hətta ötən il 100-ə yaxın jurnalist peşə borcunu yerin yetirərkən həlak olub. Dünyada olan bu reallıqlardan bəlkə də Mehman Əliyevin xəbəri yoxdur. Amma söhbət dünyada analoqu olmayan reket jurnalistikasından gedir. Bu reallıq hazırda təkcə Azərbaycanda mövcuddur. Yalnız bəzi azərbaycanlı “jurnalistlər“ “Ya mənə pul ver, yad da səni söyüb biabır edəcəm“ deməklə, qəzet nömrələrini kiməsə həsr etməklə dolanışıq yeri tapıblar. Dünyada belə bir praktika yoxdur. Çünki itənilən şəxsin şərəf və ləyaqətini təhqir edəndə, o məhkəməyə verilir və məhkəmə də həmin qəzeti elə bir səviyyədə cəzalandırır ki, qəzet bir də şər atmağı, insanların şərəf və ləyaqətini təhqir etməyi heç ağlına da gətirmir.
- Qanunları sərtləşdirməklə reket qəzetlərin fəaliyyətini dayandırmaq olar. Qəzetlərin təkrar qeydiyyatı aparılsa, hər redaksiyadan normal şərait, mütəmadi nəşr tələb olunsa, onda reket qəzetlər sıradan çıxacaqlarg
- Burada bir neçə məqam var. Biz, reket qəzetləri bağlatdırmaq niyyətində deyilik. Bu bizim funksiyamıza aid olan məsələ deyil. Biz çalışırıq ki, ictimai qınaqla, onun bir forması olan qara siyahı ilə həmin qəzetləri islah edək. O qəzetlər insanların şərəf və ləyaqətini təhqir etməkdən, şər atmaqdan, qəzet vasitəsilə yaşamaq, özünə sərvət toplamaq, maşın, mənzil, torpaq almaq fikirlərindən yayınsınlar. Qəzet bundan ötəri deyil. Digər tərəfdən, biz istəmirik ki, qanunları sərtləşdirək. Bu halda dünya bizi düzgün anlamaz. Azərbaycanda söz və mətbuat azadlığı bərqərar olunub. 1998-ci il avqustun 6-da mətbuata senzura nəzarəti aradan götürülüb. O vaxtdan indiyədək Azərbaycan mətbuatı uzun yol keçib və yeni qanun qəbul olunub. Azərbaycan mətbuatı istənilən obyektdən istədiyi formada yaza bilər, buna sərbəstlik verilib. Biz bunları məhdudlaşdırmaq fikrində deyilik. Qanunların sərtləşdirilməsi də düzgün yol deyil. Çünki bu, bizim üçün geriyə qayıtmaq olar. Amma məsələni belə qoymaq da istəmirik. Reket qəzetlər artıq cəmiyyət tərəfindən qəbul olunmur. Onlar elə bir yol tutublar ki, mənəviyyatsızlığın ən dərin dərəsinə yuvarlanıblar. Biz bunları qara siyahıya salandan, iradlarımızı bildirəndən sonra yenə də pis əməllərini davam etdirəcəklərsə, onda biz də bununla barışa bilmərik. Biz dediyimizi deyək, onlar da elədiklərini etsinlər? Biz bu tipli qəzetlərə qarşı mübarizə üsulu, təsirli metod tapmalıyıq. Biz, bu məsələ ilə bağlı Azərbaycan jurnalistlərindən, ziyalılarından, xalqından Mətbuat Şurasına dəstək istəyirik. Hər bir vətəndaşın haqqı var ki, hansısa qəzet ona müsahibə üçün müraciət edəndə, o reket qəzetlə əməkdaşlıq etmək istəmədiyini bildirsin. İstənilən yayım təşkilatı bildirsin ki, “sənin adın qara siyahıdadır, sənin yayımını təşkil etməklə imicimə ləkə gətirmk istəmirik“. İstənilən nəşriyyat həmin qəzetə deyə bilər ki, “get qara siyahıdan sıx, sonra səni çap edim. Qara siyahıda olan qəzeti çap etmək mənim adıma yaraşmır“. Vətəndaşların tam ixtiyarı var ki, istədiyi qəzetlə əməkdaşlıq etsin və ya etməsin. Mətbuat Şurası heç vaxt göstəriş vermir, əmr etmir ki, onlarla əməkdaşlıq dayandırılsın. Biz, bu mübarizədə Mətbuat Şurasına dəstək verin deyəndə bunları nəzərdə tuturuq. İctimaiyyət bunu etməlidir. Onda heç bir təzə qanunun qəbuluna, qanuna dəyişiklik etməyə, Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsinə ehtyiac qalmaz.
- Reket qəzetlərin arxasında müəyyən qüvvələrin, hətta bəzi məmurların dayandığı da bildirilir. Bu nə dərəcədə həqiqətəuyğundur?
- Bu da tamamilə düzdür. Hazırda mətbuat bazarında vəziyyət elədir ki, təkcə qəzet satışı ilə redaksiya saxlamaq mümkün deyil. Yəni qəzetin tirajı o qədər böyük deyil və qəzetdə o qədər reklam getmir ki, redaksiya saxlayasan, işçilərə maaş verəsən, mətbəə xərclərini ödəyəsən. Çıxan qəzetlər ya beynəlxalq qurumlarla gizli və ya aşkar şəkildə qrantlar alır, məsələn, müxalifət qəzetləri qrant alsalar da, onu gizli saxlayırlar. Yaxud da arxalarında sponsorlar durur. Onların içərisində dövlət məmurları, dövlət qurumları da var. Onlara pul verib saxlayırlar və bundan öz məqsədləri üçün istifadə edirlər. Bundan başqa, müəyyən sifarişlər də verirlər ki, təqibedici və ya nüfuzdan salan materiallar da çap etsinlər. Kimsə deyirsə ki, mən 1500 tirajla qəzet saxlayıram, o yalan deyir, sponsorunu gizlədir. Sponsor da qorxur və qəzetin arxasında gizlənir. Cəsarəti çatmır ki, öz düşmənləri ilə özü mübarizə apasın. Ona görə də reket qəzetlərdən istifadə edir. Təəssüflər olsun ki, belə səviyyəyə enən məmurlarımız var.
Əli Zülfüqaroğlu
Oxunma sayı 106