İraqda etiraz aksiyalarının gedişində 12 nəfər həlak olub, 650 nəfər yaralanıb

16:10 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqda etiraz aksiyaları zamanı baş verən iğtişaşların gedişində azı 12 nəfər həlak olub, 650 nəfər, o cümlədən 87 polis əməkdaşı yaralanıb.

Bu barədə İnsan Hüquqları üzrə Ali Komissiya məlumat yayıb. Məlumata əsasən həlak olanlardan 11 nümayişçi, biri isə təhlükəsizlik xidmətinin əməkdaşıdır. Hüquq-mühafizə orqanları aksiyalarda iştirak edən 122 fəalı saxlayıb. Onların əksəriyyəti artıq azadlığa buraxılıb.

Bir qədər əvvəl İraqın Baş Naziri Adil Əbd əl-Mehdi etirazlar fonunda ölkənin paytaxtı Bağdadda və bəzi əyalətlərdə bu gün səhər saat 5-dən komendant saatı tətbiq olunduğunu elan edib.

Oktyabrın 1-də Bağdadda etiraz aksiyasının dağıdılması nəticəsində iki nəfər həlak olmuş, 200-dən artıq insan isə yaralanmışdı. Növbəti gün etirazlar təkcə Bağdadı deyil, Zi-Kar, Vasit, Nəcəf, Divaniyə, Babil də daxil olmaqla, bir neçə digər əyaləti də əhatə etmişdi. Aksiya iştirakçıları həyat şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həllini tələb edirlər.