İrəvan Azərbaycanı yeni müharibəyə təhrik edir - rusiyalı ekspertlər

17:31 22.09.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara son müsahibəsində bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxundu. Dövlət başçısı bildirdi ki,  danışıqlar faktiki olaraq getmir:

"Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır".

Hafta.az-ın məlumatına görə, cəbhə xəttindəki son durum və münaqişə ətrafındakı vəziyyəti rusiyalı ekspertlər də şərh ediblər.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun qənaətincə, Ermənistan Dağlıq Qarabağ məsələsi ilə bağlı taktikasını dəyişib. Bu taktika müharibəyə hazırlıqdır:

«Azərbaycan gözləməkdən yorulub. Bakıda heç bir irəliləyişin olmadığını görürlər. Bu nəqədər davam edə bilər? Sonsuz illər qədər. Ermənistan bəyan edir ki, danışıqlara hazırdır. Lakin bu bəyanatlar yenə də hiylədir. Əgər proses başlasa bu danışıqlar yox, yenə də imitasiya olacaq. Ermənistan tərəfdən yenidən danışıqlar naminə danışıqlara nail olmaq cəhdi. Aydındır ki, erməni tərəfi danışıqlar prosesinin on illiklər, yüz il davam etməsinə nail olmaq istəyir. Son anda isə prosesdən Azərbaycanın imtina etdiyini söyləməyə bəhanə əldə etməyə çalışır. Aydındır ki, Azərbaycan haqlıdır. 

Digər tərəfdən, biz sərt bəyanatlar eşidirik. Bunlar haqlıdır. Bu gün baş verənlərə nəzər salmaq lazımdır. Görürük ki, tək Dağlıq Qarabağ münaqişəsi bölgəsində yox, Azərbaycan Ermənistan sərhəddində də gərginlik artır. 

Ermənistan Qarabağ ətrafındakı boş rayonların mənimsənilməsi prosesini də sürətləndirib. Oraya Livandan ermənilər məskunlaşdırılır. Əvvəllər bu rayonlara geri qaytarılması fonunda Azərbaycandan hansısa güzəşt əldə etmək vasitəsi kimi baxılırdı. İndi isə İrəvan düünür ki, artıq həmin ərazilərdə demoqrafik məskunlaşma həyata keçirtmək olar. Ermənistan tərəfdən Yaxın Şərqdən silahlı qruplaşmaların da dəvət edildiyini görürük. Bu faktlar açıq şəkildə Ermənistanın hərbi əməliyyatlara hazırlıq gördüyünü nümayiş etdirir. 

Bəzən hərbi əməliyyatlar danışıqlar prosesində tətikləyici rol oynayır. Bakının da bəyan etdiyi kimi, danışıqlar heç bir nəticə vermir. Çünki Ermənistan buna tamamilə hazır deyil".  

Digər rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Ermənistana Rusiya və Azərbaycanı çətin durumda qoymaq üçün müharibə lazımdır:

"Ermənistan 2016-cı ildə ortaya çıxmış Sankt-Peterburq və Vyana planlarını rədd etdiyi andan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət dalana dirənib. Heç bir həll planı yoxdur, hər hansı irəliləyiş müşahidə edilmir. Ermənistan hər zaman danışıqlar prosesinin təkərinə çomaq soxmaqla məşğuldur. 

Ermənistan mövcud status-kvonu əraziləri məskunlaşdırmaqla möhkəmləndirmək istəyir. 2016-cı ildə həll planlarının iflası və iyul gərginliyindən sonra Minsk Qrupunun münaqişənin həllində hansı rolu olduğu, onun funksiyaları, mövcudluğunun məqsədi ilə bağlı suallar çoxalıb. Ermənistan Rusiyanın sərhəddinə yaxın münaqişə həlqələri yaratmağa çalışır. Cənubi Qafqazda gərginliyin artması ona sərf edir".

Oxunma sayı 2147
Siyasət rubrikasından digər xəbərlər