İşədüzəltmə müqabilində bir aylıq məvacibin tutulması cinayətdir - Açıqlama

11:52 09.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda vətəndaşların üzləşdiyi problemlərdən biri də, işədüzəltmə mərkəzlərinin onların cibinə girməsidir. Yəqin çoxunuz işədüzlətmə mərkəzlərinin reklamlarını yol kənarında, dirəklərdə görmüsünüz. Onlara müraciət etdikdə qeydiyyat üçün 10-20 manat arası, işlə təmin olunduqda isə bir aylıq maaşı götürəcəklərini deyirlər. Əslində bu barədə çox yazılıb.Lakin problem hələ də qalmaqdadır. Vətəndaşları əsas narazı salan məqam isə bir aylıq məvaciblərinin bəri başdan haqq olaraq tutulmasıdır. Bəs bu problemin qanuni tərəfi varmı, vətəndaşlara qarşı bu halların baş verməməsinin qarşısını necə almaq olar?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hafta.az-a açıqlamasında  dedi ki, belə dırnaq arası şirkətlərin "toruna" bir çox şəxslər düşür. O mənada ki, onlar nisbətən kiçik məbləğ ödəməklə anket doldururlar, şəxsiyyət vəsiqələrinin surətini verirlər:

"Anketi doldurduqda xidmət haqqı adı ilə nisbətən kiçik məbləğ 5, 10 və 20 manat ödəniş alırlar. Pulu verən şəxs üçün böyük məbləğ olmasa belə, ay ərzində aldatdıqları insanların sayına görə, böyük məbləğ əldə etmiş olurlar. Sonra qeydiyyata yazdıqları adamlar zəng vurub iş olub-olmadıqlarını soruşurlar. Bunlar isə "arxayın olun, iş olan kimi xəbər edəcəyik" deyirlər. Bu proses iş axtaran şəxsin bezib, mərkəzə müraciət etməməsi ilə nəticələnir. Onlar isə yeni-yeni adamları iş adı ilə cəlb etməyə çalışırlar. Bu cür mərkəzlərdə aldadılanların şikayət etməməsinin əsas səbəbi onlardan alınan pulun elə də böyük məbləğdə olmamasıdır. Müqavilə üçün ödənilən məbləğ məhkəməyə müraciət etmək, uzun proseslərdən keçmək üçün azdır. Ona görə də aldadılan insanlar şikayət etməkdən boyun qaçırırlar. Bu səbədən işədüzəltmə mərkəzlərinin bu cür "fəaliyyəti"ndən şikayətlər tək-tək olur. Belə olan halda onları məsuliyyətə cəlb etmək çətindir. Belə işə düzəltmə büroları bir neçə aydan bir başqa məkanda bir otaq kirayələyirlər, telefonu dəyişirlər və s. Ona görə, də onları tapmaq olmur. Bu təhlükəli bir məqamdır. Bununla dələduzluq etmək olar".

S.Məmmədovun sözlərinə görə, işədüzəltmə adı ilə vətəndaşların şəxsiyyət vəsiqələrini alıb, aylıq maaşlarının müəyyən hissəsini tələb etmək cinayətdir:

"Adamlar tapıb şəxsiyyət vəsiqələrini girov saxlayırlar, aylıq qazanclarının 50%-ni verəndən sonra onun şəxsiyyət vəsiqəsi qaytarılır. Bəzən də onlar bir neçə aylıq əmək haqqını verməyə məcbur qalırlar. İxtisaslı, peşəkar işədüzəltmə mərkəzlərinin iş prinsipi dünya təcrübəsində tamam başqa cürdür. Beynəlxalq Əmək təşkilatının tövsiyəsinə əsasən, dünya təcrübəsində belə iş büroların çoxu iş axtaranla yox, ayrı-ayrı müəssisələrlə müqavilə bağlayırlar. Müqavilə əsasında mərkəzlər işçini nəinki tapırlar, hətta testən keçirirlər, müsahibələrə cəlb edirlər, yoxlanıldıqdan sonra hazır şəkildə müəssisələrə təhvil verirlər. Bunun müqabilində şirkətdən pul alırlar. Təəssüf ki, bizdə belə bir sistem inkişaf etməyib ki, işə götürənlər iş büroları ilə müqavilə bağlasın, onların vasitəsi ilə işçi cəlb edilsin. Bu məsələlərə meyilli deyillər".

Sahib Məmmədov çıxış yolu kimi insanların belə işədüzətmə mərkəzlərinə müraciət edərkən diqqətli olmamlarını tövsiyə etdi: "Əgər belə hal baş veribsə, vətəndaş aldanıbsa, mütləq şikayət etməlidir. Çox təəssüf ki, vətəndaş 10 manata görə şikayət etmək, məhkəmə davası açdırmaq da istəmir. Çünki məhkəməyə iddia verəcəksə, bu, daha böyük xərc tələb edir və işədüzəltmə firmaları bu vəziyyətdən sui-istifadə edirlər. Onlar bilirlər ki, heç kim 10 manatın arxasınca düşüb axıra qədər gedəsi deyil”.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bu kimi hallar hər bir halda qeyri-qanunidir:

“Bir dövlətin işə düzəltmə - məşğulluq idarələri var, bir də özəl işə düzəltmə büroları, mərkəzləri. Əgər məşğulluq idarələri işə düzəltdiyi vətəndaşdan haqq istəyirsə bu tamamilə qeyri-qanunidir. Hətta cinayətdir, korrupsiya hallarına yol açan bir məqamdır. Amma, özəl bürolarda olan bu problem qanunvericilikdə yaranan boşluqdan irəli gəlir. Özəl müəsissələrin də müqavilə öhdəlikləri  öncədən vətəndaşla bağlanılır. Müqavilə öhdəliklərinə əsasən işə düzəltdikləri halda onun maaşından bu və ya digər şəkildə müəyyən məbləğ alması normaldır. Bunu bir biznes təfəkkürü kimi qəbul etmək lazımdır.  Təkrar diqqətə çatdırmaq istəyirəm ki, bu ancaq özəl işədüzltmə agentlikləri üçün deyə bilərik. Özəl təşkilatların başqa problemi var. Çox zaman plank dolduran zaman, qeydiyyata alarkən 10-15 manat da vəsait istəyirlər. Bu normal hal sayılmır. Onlara müraciət edənlərin sayı çox olduqda, agentlik heç iş axtarmır. Ona görə ki, 10-20 manat arası pulu toplayıb ay ərzində öz maddi imkanlarını təmin edə bilirlər. Yəni bir nəfər müraciət edib onun maaşından pul tutacağına, yüzlərlə müraciətin qeydiyyat pulu ilə keçinə bilirlər”.