İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i heç bir şəkildə tanımayacağıq - Erkan Özoral

13:02 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikası olaraq bizim Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz tam bəllidir.

Hafta.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, Türkiyə bu bölgədə həyata keçirilən hər hansı bir siyasi fəaliyyəti qeyri-qanuni hesab edir:

"Buna uyğun olaraq, martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər"i Türkiyə olaraq heç bir şəkildə tanımayacağımızı açıqlamışıq. Bu mövzuda mövqeyimiz tam bəllidir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri də buna qarşı olduqlarını açıqladılar. Bizim bütün düşüncəmiz Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda öz həllini tapması və otuz ilə yaxın davam edən ədalətsizliyin, haqsızlığın ortadan qaldırılmasıdır. Tərəfləri müzakirələr yolu ilə həll yolu tapmağa təşviq etməyə çalışırıq. Bu münaqişənin Azərbaycanın torpaq bütünlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində qəbul edilən beynəlxalq aktlara uyğun olaraq ən qısa zamanda həllini arzu edirik".

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başladı. 1991-ci ilin sonlarında Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olundu.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 25 mindən çox insan hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub.

Siyasət rubrikasından digər xəbərlər