İşğal olunmuş ərazilərin turizm imkanlarının təbliğatı yolverilməzdir - Fuad Nağıyev

20:20 12.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 

İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm imkanlarının təbliğatı qətiyyən yolverilməzdir.

Hafta.az xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında söyləyib.

Turizmdə etik normaların vacibliyindən danışan agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.

Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir və bu halların qarşısı alınmalıdır.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb. 65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxsin iştirak etdiyi sessiyanın gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.