İşğaldan azad olunmuş ərazilərimizdə relyef pozulub

10:50 08.10.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün bundan əvvəl Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasa dünyanın 100-dən çox ölkəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi qatılıb. Tədbirin əsas mövzusu suyun mühafizəsi üzrə transsərhəd əməkdaşlığın gücləndirilməsi və suya bərabər çıxışın təmin edilməsi olub. Sözügedən tədbirdə ETSN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı çıxış edərək görüş iştirakçılarını Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında olmasından danışıb. O, hər kəsi Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarını qınamağa çağırıb.

Nazirliyin nümayəndəsi qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, onlar işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərirlər. Beynəlxalq ekoloji ictimaiyyətə müraciət olunaraq, Ermənistanın regiondakı işğalçı siyasətinə, bunun nəticəsində illərlə davam edən ekoloji terrora son qoyulması üçün qətiyyətli tədbirlərin görülməsinə çağırış edilib.

Qeyd edək ki, işğal olunmuş torpaqlarımızda ermənilər 30 ilə yaxındır ki, genişmiqyaslı ekoloji terror həyata keçirirlər. Belə ki, təbii ehtiyatlar vəhşicəsinə istismar olunur, meşələr məhv edilir, transsərhəd çaylar çirkləndirilir, regionun flora və faunasına bərpası mümkün olmayan ziyan vurulur. Eyni zamanda, işğal edilmiş ərazilərdəki su hövzələri də potensial ekoloji fəlakət mənbəyidir. Aran rayonlarda yaşayan 400 000-dən çox insan daim təhlükədədir, çünki işğal edilmiş ərazidə yerləşən Sərsəng su anbarına texniki xidmət göstərilmir. Mütəxəssislər bildirirlər ki, orada baş verə biləcək hər hansı təbii fəlakət bəndin uçmasına, bu isə öz növbəsində humanitar və ekoloji fəlakətə gətirib çıxara bilər. Qış fəslində Sərsəng su anbarından alınan suyun həcmində rayonun mövsümi tələbatı nəzərə alınmır, nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı təyinatlı torpaqlar və rabitə xətləri su altında qalır. İlin qızmar dövründə isə, əks vəziyyət yaranır – illik norma ilə müqayisədə xeyli az su ayrılır, nəticədə kəskin su qıtlığı əmələ gəlir, suvarma ilə bağlı problemlər yaranır. Ümumilikdə isə Qarabağda 24 su anbarı var və bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si, həmçinin balıqçılıq məqsədləri üçün istifadə edilir. Meliorasiya təyinatlı su anbarları qondarma qurumun "kənd təsərrüfatı qurumu”nun tabeliyindədir. 1976-cı ildə Tərtərçayın üzərində, keçmiş Ağdərə, indiki Tərtər rayonu ərazisində inşa edilmiş Sərsəng su anbarının ümumi su tutumu isə 565 mln m³-dir. Onun istifadəyə yararlı olan tutumu 495 mln m3, bəndinin hündürlüyü 126 m və uzunluğu 550 m-dir. Sərsəng su anbarı bəndinin hündürlüyünə görə, ən hündür bəndli su anbarlarından biridir. Sərsəng su anbarından buraxma sistemi ilə "Sərsəng” HES istiqamətinə saniyədə 70 m3 su buraxıla bilər. Bundan başqa su anbarının suvarma kilidləri də var. Zərurət olduğu halda meliorasiya məqsədilə anbardan saniyədə 30 m3 su buraxıla bilər. Sərsəng su anbarından şərqə doğru Tərtərlə müqayisədə aşağı axın istiqamətində Suqovuşan, keçmiş Madagiz su anbarı yerləşir. Onunla yanaşı olan HES Sovet dönəmində inşa edilib. 2012-ci ildə "Madagiz-1” və "Madagiz-2” kiçik hidro elektrik stansiyaları istismara verilib. Madagiz su anbarının ümumi tutumu 5 mln m3 təşkil edir. Artıq keçmiş Madagiz, indiki Suqovuşan su anbarı ordumuz hazırda da davam etdirdiyi uğurlu əməliyyat nəticəsində düşmən işğalından azad olunub və oktyabrın 3-dən Azərbaycanın nəzarətinə keçib. Məlumat üçün onu da bildirək ki, Suqovuşan-1 su anbarı 4.8 mqvt və Suqovuşan-2 su anbarı 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar “Artsax SES” QSC tərəfindən istismar edilib. Bu qapalı səhmdar cəmiyyətin 48 faiz səhmləri qondarma quruma, qalan 52 faiz səhmləri isə daha kiçik özəl sahibkarlara aid olub.

Mövzu ilə bağlı fikirlərini hafta.az-a açıqlayan Radiasiya Problemləri İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü,“Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev bildirib ki, ümumiyyətlə təcavüzkar Ermənistan işğal etdiyi ərazilərimizdəki su ehtiyatlarından cəbhə xəttinə yaxın bölgələrdə yaşayan azərbaycanlı əhaliyə qarşı həmişə terror vasitəsi kimi istifadə edib: “Biz bilirik ki,

işğalçı Ermənistan su resurslarını təzyiq vasitəsi kimi istifadə edərək çayların aşağı axarlarında məskunlaşmış əhalinin təsərrüfatla məşğul olmasını faktiki mümkünsüz edib. Belə ki, qış aylarında xüsusilə Sərsəng su bəndinin qarşısı açılaraq, təsərrüfata yararlı torpaqlar süni sellə erroziyaya məruz qoyulub. Yay aylarında - təsərrüfat suyuna ehtiyacın ən çox olduğu dövrdə - təcavüzkar Ermənistan suyun qarşısını kəsərək süni quraqlıq yaradıb və beləliklə, kənd təsərrüfatına, eləcə də flora və faunaya ciddi zərbə vurub. Eyni zamanda, Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib. Yəni, biz bunları 30 ilə yaxın idi ki, dünya ölkələrinə çatdırırdıq. Amma nədənsə, ermənilərin bu terroruna göz yumulurdu. Amma indi vəziyyət tamamilə dəyişib və bizim rəşadətli ordumuz torpaqlarımızın işğaldan azad olunması istiqamətində əməliyyatlara başlayıb. Sevindirici haldır ki, artıq Azərbaycan ordusu tərəfindən torpaqlarımız bir hissəsi düşmən işğalından azad olunub. Biz inanınır ki, Azərbaycan ordusu bu mübarizədə tezliklə zəfər çalacaq. İndi biz işğaldan azad olunmuş torpaqlarda lentə alınan yeni kadrlara baxırıq. Təəssüflə qeyd etməliyəm ki, ermənilərin yaratdığı ekoloji terrorun miqyası olduqca genişdir. Demək olar ki, həmin ərazilərdə relyef pozulub, sürətli səhralaşma müşahidə olunur. Qiymətli ağacların kəsilərək məhv edildiyini görürük. Amma biz ümid edirik ki, həmin ərazilərdə yenidən ekoloji tarazlığı formalaşdıra biləcəyik”.

İ.Mustafayev söhbət əsnasında onu da vurğulayıb ki, artıq işğaldan azad edilmiş ərazilərimizin ekoloji reablitasiyası məqsədilə mütəxəssislərdən ibarət müvafiq işçi qrup yaradılıb: “Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə işğaldan azad edilmiş ərazilərimizin monitorinqi ilə bağlı ilk görüşümüz oldu. Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev və digər alimlərin iştirak etdiyi görüşdə qüdrətli Azərbaycan ordusunun erməni işğalından azad etdiyi ərazilərimizin ekoloji və radioekoloji, həmçinin sözügedən ərazilərdə yerləşən tarixi abidələrimizin monitorinqi üzrə müzakirələr aparıldı. Həmin görüşdə qərara alındı ki, işğaldan azad olunmuş ərazilərdə 3 mərhələdən ibarət reabilitasiya prosesi həyata keçirilsin. Belə ki, ərazilər ilk növbədə ətraflı monitorinq ediləcək. Daha sonra monitorinqə uyğun olaraq ərazilərin çirklənmə səviyyəsi və əsas qaynar nöqtələri müəyyənləşdiriləcək. Üçuncu mərhələdə isə ekoloji reabilitasiya üzrə fəaliyyət planı işləniləcək. Demək olar ki, biz dünənki görüşdə bu istiqamətdə konsepsiyanın bütün detallarını razılaşdırmşıq. Yəni, biz işğaldan azad olunmuş torpaqlarımıza ekoloji ekspedisiya təşkil etməyə və həmin ərazilərdə ekoloji reabilitasiya prosesinə dəstək verməyə hazırıq”.

Oxunma sayı 4764
Sosial rubrikasından digər xəbərlər