İşıqpullarının çox yazılması iddiasına  “Azərişıq”dan CAVAB

13:25 13.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə əksər insanlar işıqpulunun çox yazılmasından şikayətçidir. Məsələ sosial şəbəkələrə də ayağ açıb, müzakirələr aparılır. "İşıq çeklərində gələn rəqəmlər həqiqəti əks etdirmir" iddiası ilə danışanlara “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev cavab verib. O, hafta.az-a açıqlamasında dedi ki, bir neçə gündür ki, bizə çoxlu müraciətlər olur, işıq çeklərində yazılan qiymətlərin həqiqətə uyğun olmadığını deyirlər:

"İnsanlarda bir qədər inamsızlıq var. Hər bir mənzilin fərdi sayğacı var və abonentlərə göstəriş əsasında bildiriş verilib. Ay ərzində nə qədər elektrik enerjisi istifadə ediblərsə, ona uyğun hesablanıb. Yəni, abonent çox istifadə edibsə çox, az istifadə edibsə az qeydə alınır. Burada bir məqamı da qeyd edim ki, elektrikdən 300 kilovat- saata qədər istifadə 7 qəpikdən ödənilir. 300 kilovatdan artıq olarsa, bu zaman 11 qəpikdən hesablanır. May, iyun ayları sərin keçdiyinə görə, sərfiyyat aşağı olub. Lakin iyul ayının həddindən artıq isti olması səbəbindən evlərdə kondisionerdən istifadə olunub. Maddi durumu aşağı olan insanlar belə kondisioner alıb. Bildiyiniz kimi, kondisionerdən istifadə edərkən elektrik enerjisinin istehlakı artır. İnsanlar ayın sonunda birdən-birə bildirişdəki rəqəmləri görəndə narahat olurlar. Tutaq ki, abonent keçən ay 10 manat ödəmişdi, bu ay isə 20 manat bildiriş gəlir. Dediyim kimi, abonentlər 300 kilovat-saatı keçdiyindən 11 qəpikdən ödəyirlər. Kiminsə şübhəsi varsa, bizim əməkdaşları dəvət eləsin, fərdi qaydada abonentin sayğacı yoxlanılsın, baxış keçirilsin".

Oxunma sayı 1157