İsmayıl Qurbanı varlıların kasıblara əl tutması deməkdir - İlahiyyatçı

18:47 29.07.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Müqəddəs dini bayramlardan biri də  Qurban bayramıdır. Hər il xalqımız bu bayramı təntənəli şəkildə qeyd edir. 

Tanınmış ilahiyyatçi alim Hacı Arif Şirinovla müsahibəmiz elə bu  səpkidə keçdi.

- Arif müəllim, ilk öncə Qurban bayramı ilə məlumat verməyinizi istərdik...

- İsmayıl Peyğəmbər İbrahim peyğəmbərin kənizi Həcərdən olan oğludur. İbrahim peyğəmbərin birinci həyat yoldaşı Sara olub. Saradan övladı yox idi. Sara görür ki, İbrahim peyğəmbər övlad dərdindən nigarandır. Özü razı olur ki, kənizi Hacərlə evlənsin. İbrahim peyğəmbər kənizi Həcər ilə ailə həyatı qurur və ondan bir övladı – İsmayıl olur. Məhəmməd peyğəmbər İsmayıl peyğəmbərin nəslindəndir. Məhəmməd peyğəmbər iki qurban kəsilən nəsildəndir. Bir nəsil İsmayıl peyğəmbərdir ki, atası gecə gördüyü yuxunun təsirindən oğlu İsmayılı qurban kəsir.  Onu Mina dağına aparıb oğluna deyir ki, Allahdan gələn əmrdir ki, mən səni Allah yolunda qurban kəsməliyəm. Oğlu İsmayıl deyir ki, ata, Allahın əmrinə  gecikmək olmaz, onun hüzuruna getmək lazımdır. Allah nə əmr edirsə, onu yerinə yetirək. İbrahim peyğəmbər oğlu İsmayılı Mina dağına qurban kəsməyə aparır. Belə rəvayət var ki, şeytan yolda İsmayıl peyğəmbərin qabağına çıxıb, soruşur ki, atan səni hara aparır? İsmayıl peyğəmbər atasının  gördüyü yuxunu həyata keçirmək üçün onu Mina dağına qurban kəsməyə apardığını söyləyir. Şeytan orada ona mane olmaq istəyir. Və İsmayıl peyğəmbərə deyir ki, sən getmə, atan sənin başını kəsəcək. İsmayıl peyğəmbər yerdən bir daş götürüb şeytana atır. Daş şeytanın gözünə dəyib onu kor edir. O vaxtdan bu günə kimi xalqın dilində belə bir ifadə işlənir: ”Lənət kor şeytana”. İbrahim peyğəmbər qurban kəsmək üçün oğlunu Mina dağına aparır.  İsmayıl peyğəmbər artıq atasının qarşısında uzanıb dedi ki, ata, gözlərimi bağla. Birdən gözün gözümə sataşar əlın əsər,  başımı kəsməzsən. İbrahim peyğəmbər İsmayılın başını kəsmək istəyəndə mələk Cəbrayıl vəyh gətirib deyir: ”Ya Peyğəmbər, əlini saxla.  Allah səndən çox razı qaldı.  “İbrahim xəlillulah” Alahın dostu İbrahim deməkdir.

 Bir  gün İbrahim peyğəmbəri Məmrud padşahın dövründə oda atırlar, od İbrahimi yandırmır. İndi də Allah İbrahimi sınağa çəkirdi, görək Allahın dostu İbrahim onun əmrlərini necə yerinə yetirir. Mələk Cəbrayıl vəyh gətirdi: ”Ya Peyğənbər əlini saxla, Allah səndən razıdır. Onun yerinə Allah-Təala sənə bir ağrəngli, gözləri qara, sağlam, ayaqları qara səkilli  bir qoç göndərir. O qoçu oğlun İsmayılın yerinə qurban kəsə bilərsən. O gündən bu günə hər zilhiccə ayının 10-da İsmayıl qurbanı qeyd olunur.

- Qurban bayramını indinin özündə keçirməkdə əsas məqsəd nədən ibarətdir?

-  İsmayıl qurbanı varlıların kasıblara əl tutması deməkdir. Bayramın mahiyyəti ondan ibarətdir ki, halallıq olsun. Bütün evlərdə şənlik, firavanlıq, insanlar arasında mehribançılıq olsun. İslam dininin bizə bəxş etdiyi humanist hissiyyatların ətrafında cəm olub, müsəlman dünyasını bütün dünyaya tanıtdırmaqdır. İslam dini humanist din olduğundan bütün xalqları bir araya gəlməyə dəvət edir. Milli ayrı-seçkiliyin əleyhinədir. Yeri gəlmişkən deyim ki, İslamın özündən əvvəlki dinlərdə İsmayıl qurbanı kimi böyük bir mahiyyətə malik heç bir din və xalq da olmayıb ki, belə bir humanistlik göstərib ehtiyacı olanlara kömək əli uzatsın. Əslində İsmayıl qurbanı təmənnasız verilməlidir. Ona görə ki, İslam ideologiyasında təmənna sözü yoxdur. Allah xatirinə təmənnasız olmalıdır. Həzrəti İmam Əli deyir: ”Rəbbim, mən Sənə ona görə ibadət etmirəm ki, mənə cənnəti verəsən, mən Sənə ona görə səcdə etmirəm ki, mənim günahımdan keçəsən, mən Sənə ona görə ibadət etmirəm ki, Sən o ibadətə layiqsən”.

Qurbanlıq Allah xatirinə olmalıdır. Ancaq bəzi adamlar, qəssablar əksinə, qurbanlıq heyvanın qiymətini qaldırırlar. Bu isə İsmayılda bəyənilmir. Əksinə, qurbanlıq heyvanın qiyməti əvvəlki satış qiymətindən ucuz olmalıdır. Qurbanlıq Allah xatirinədir, eləcə də Allahın yolunda kəsilməyə gedən İsmayılın xatiribə olan qurbanlıqdır.

- Hacı, sizcə qurbanlıqda hansı heyvanları kəsmək olar?

- Qurbanlıqda qoyun, dəvə, keçi, inək kəsilir. Bəzi adamlar deyirlər ki, qurbanlıqda  xoruz da kəsə bilərsiniz. Bu yalnış fikirdir.  Söz düşmüşkən deyim ki, qurban ətini çəkməzlər. Bəzi adamlar, xüsusilə də qəssablar inəyi kəsib qurban adı ilə tərəziyə qoyub satırlar. Bu ən böyük günahdır.

- Bəs qurbanlıq heyvan necə kəsilməlidir?

- Qurbanlıq duası oxuyub, qibləni düzgün dəqiqləşdirirsən, “Bismillah, Allahu Əkbər” deyib, bıçağı heyvanın boğazına elə çəkməlisən ki, iki şah damarının ikisini də birdən kəssin.  

-  Qurban əti necə bölünməlidir?

- Əvvəlcə qurbanlıq heyvanın dəyər qiyməti sahibinə verilməlidir. Sonra heyvanı kəsib onun ətindən ən azı 7 yerə pay qoyulmalıdır.  O paylar tərəzidə çəkilməməlidir. Elə bölünməlidir ki, heyvanın halal əza üzvlərinin hərəsindən bir tikə pay olsun.     

- Bir ilahiyyatçı alim kimi deyə bilərsinizmi, karantin dövründə Qurban bayramı necə qeyd ediləcək, kəsim necə olacaq?

- Xəstəlik dövründə heyvanlar qapalı yerlərdə, örtülü şəraitdə saxlanmalı, baytar həkim müayinəsindən keçməlidir. Təmiz yerlərdə kəsilməlidir ki, insanlara infeksion xəstəliklər keçməsin.  Qurbanı kəsən adamların ağzında maska olmalıdır. Əl-ayağını dezinfeksiya etməlidir. Heyvanı kəsib, əti paylayana qədər təhlükəsizlik qaydalarına tam əməl edilməlidir.

- Qurban bayramının özünəməxsus əməlləri barədə nə deyə bilərsiniz?

- Onun  birinci əməli qüsldür, bu  gün də qüsl etmək Əllamə məclisinin bəzilərində çox təkid olunmuş və savab əməllərdəndir, hətta bəzi alimlər bu gün də qüsl etməyi vacib bilir.

İkinci əməl bayram namazıdır, eyni ilə fitr bayramının namazı kimidir (bu namaz İmamın (ə) hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma o Həzrət qeybdə olduğu vaxt bu namaz müstəhəbdir və həm camaatla, həm də fərdi qılına bilər. Bayram namazlarının vaxtı Günəş doğandan günortayadəkdir. Müstəhəbdir ki, Qurban bayramının namazı Günəş qalxdıqdan sonra qurban ətindən yeyib qılınsın. Bayram namazı iki rükətdir. Birinci rükətdə Həmd və Surə oxunduqdan sonra beş dəfə təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır. Bu namazların qunutunda istənilən bir duanı oxumaq olar. Amma savab məqsədi ilə bu duanı oxumaq daha münasibdir: «Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbərut və əhləl-əfvi vər-rəhməh və əhlət-təqva vəl-məğfirəh əsəlukə bihəqqi hazəl-yəv, əlləzi cəəltəhu lil-musliminə iydən və limuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidə, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmmədin sələvatukə ələyi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun»).

Sadəcə bunun fərqi bundadır ki, Fitr bayramı günü iftar edib namaz qılmaq lazımdır, bu bayramda isə namaza qədər ac qalıb namazdan sonra qurban əti yemək savabdır.

Üçüncü, əməl səhifeyi səcadiyəyi kamilə kitabında bayram günü üçün qeyd olunan qırx səkkizinci duanı bayram namazından qabaq və sonra  oxumaqdır ki, belə başlayır: "Allahummə həzə yovmun mubarək”. Əgər qırx altıncı duanı da oxuyarsa bu da savabdır.

- Daha hansı qurban növləri var?

- Qurban bayramında kəsilən qurbanlardan başqa yenə də ibadət niyyəti ilə kəsilən başqa qurban növləri də vardır. Bunlardan biri nəzir qurbanıdır. Nəzir qurbanını kəsən kimsə və onun ailə üzvləri qurbanlıq ətdən yeyə bilməz. Əgər yesələr, bu halda yedikləri ətin miqdarına uyğun olan pulu sədəqə olaraq verməlidirlər. Uşagın doğulması səbəbi ilə Allaha şükür nişanəsi olaraq kəsilən qurbana əqiqə qurbanı deyilir. Əqiqə yeni doğulan uşağın başındakı sacın adıdır. Bu qurban uşağın doğulduğu gündən buluğ yaşına qədər kəsilə bilər. Amma doğumun yeddici günü kəsilməsi müstəhəbdır. Həmin gündə uşağa ad verilməsi və saçından kəsilərək ağırlığı qədərində gümüş və ya qızılın qiymətində sədəqə verilməsi tövsiyə edilmişdir. Kəsilən qurban ətindən qurban sahibi, ailə üzvləri, yaxın dostları da yeyə bilər. Hz. Muhəmməd nəvələri Hz. Həsən və Hz. Hüseyn üçün əqiqə qurbanı kəsmiş və yeni doğulan istər oğlan, istərsə də qız olsun, hər bir uşaq üçün əqiqə qurbanı kəsməyi tövsiyə etmişdir.  Bundan başqa Həcc zamanı zəvvarlar bəzi qaydalara riayət etmədikləri halda, cəza və kəfarət olaraq kəsilən qurbanlar da vardır.  Qurban üçün əlverişli olan şərtlər və hər bir heyvan nəzir, əqiqə qurbanı və cəza qurbanları üçün də əlverişlidir.

Oxunma sayı 13648