Prezident türkdilli ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Prezident İlham Əliyev dünən Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının konfransının 14-cü iclasının iştirakçılarını qəbul edib. Prezident İlham Əliyev bildirib: “Bilirəm ki, bu cür görüşlər müntəzəm keçirilir. Mən çox şadam ki, bildiyimə görə, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma var, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir.
Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür“. Prezident İlham Əliyev dost ölkələrin xüsusi xidmət orqanları arasındakı qarşılıqlı fəaliyyətin gələcək təhlükələrə qarşı birgə mübarizədə uğurlu olacağına əminliyini bildirib. Dövlət başçısı müasir dünyada terror təhlükələrinə qarşı birgə mübarizənin xüsusi önəm daşıdığını vurğulayıb. Prezident İlham Əliyev əlaqələndirmə, informasiya mübadiləsi, qarşılıqlı yardım və dəstəyin xüsusi xidmət orqanları qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün əsas şərtlərdən olduğunu qeyd edib: “Mən əminəm ki, Bakıda keçirilən görüş sizin əlaqələrinizi daha da möhkəmləndirəcək. Bizim regionumuzda sülhün möhkəmləndirilməsinə, vətəndaşlarımızın təhlükəsizliyinə, ölkələrimizin sabit inkişafına xidmət edəcək.
Sizi uğurlar, yaxşı iş və yaxşı nəticələr arzulayıram“. Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının Müstəşarı Hakan Fidan bu tədbirin yüksək səviyyədə keçirilməsinə görə, Azərbaycan tərəfinə minnətdarlıq edib. Bildirib ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir. Hakan Fidan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçına çatdırıb. Prezident İlham Əliyev onun da salamlarını Türkiyə hökumətinin başçısına çatdırmağı qonaqdan xahiş edib. Azərbaycan tərəfinə gözəl qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev bildirib ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib. Bir neçə il bundan əvvəl Bakıda olduğunu, ötən müddətdə paytaxtımızda böyük inkişafın yaşandığını, budəfəki səfəri zamanı bütün bunların şahidi olduğunu deyən Nurtay Abıkayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı Nursultan Nazarbayevin salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Qazaxıstanın dövlət başçısına çatdırmağı xahiş edib. Prezident İlham Əliyev bir daha ölkələrimizin xüsusi xidmət orqanları arasında səmərəli əməkdaşlığa toxunub. Dövlət başçısı mövcud əlaqələrin daha da möhkəmləndirilməsi üçün bütün səylərin səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb. Prezident İlham Əliyev bu məsələdə qarşılıqlı fəaliyyətin önəmini vurğulayıb və regiondakı təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyətinə toxunub.Dövlət başçısı bir daha Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının konfransının Bakıda keçirilən 14-cü iclasının işinə uğurlar arzulayıb

Azad