“İstərdim ki, küçə müxalifəti də parlamentə gəlsin” – Hafiz Hacıyev

10:51 09.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Budəfəki həmsöhbətimiz Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdir. Onunla növbədənkənar parlament seçkilərini, rəhbərlik etdiyi partiyanın bu seçkilərdə iştirak edib-etməyəcəyini müzakirə etmişik.

Hafiz müəllim hafta.az-a müsahibəsində deyib ki, cəmiyyətdə radikal müxalifət kimi tanınan qüvvələr küçələrdə ara qatıb asayişi pozmaqdansa, seçkilərə qatılıb sözlərini Milli Məclisdə desinlər. MMP sədri tarixə “dördillik parlament” kimi düşən beşinci çağırış Milli Məclisin müxalif deputatlarını da tənqid edib. Onları qeyri-aktivlikdə günahlandırıb.

-Hafiz müəllim, Müasir Müsavat Partiyası parlament seçkilərinə qatılacaqmı? Qərar verdinizmi?

-Mənim və rəhbərlik etdiyim partiyanın növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi ilə bağlı yekun və rəsmi qərar partiyanın siyasi şurasında veriləcək. Hazırda parlament seçkilərində iştirak etmək istəyən 40 nəfər namizədimiz var. Biz seçim edəcəyik. Bütün bu məsələlərlə bağlı gələn həftənin üçüncü günü partiyanın siyasi şurasında qərar çıxarılacaq. Mənim namizədliyimi də partiyanın siyasi şurası müəyyənləşdirəcək. Çünki mən də partiyanın qərarlarına tabe olan adamam. Özbaşına iş görməyim mümkün deyil. Partiyanın nizamnaməsi bizə təkbaşına qərar qəbul etmək imkanı vermir. Yaxın zamanlarda bütün qərarlara aydınlıq gətiriləcək. Siyasi şuranın iclasında hansı qərar çıxarılsa, mən ona tabe olacağam. Bir daha deyirəm, partiyanın siyahısında 40 nəfər var. Əgər qərar qəbul olunsa, onlar namizədliklərini irəli sürəcək.

-Həmin 40 nəfərin tərkibi kimlərdən təşkil olunub? Tanınmış simalar varmı?

-Həmin 40 nəfərin içərisində gənclər də, yaşlılar da, qadınlar da var. Parlament qanunverici orqandır. Bu o demək deyil ki, hamısı gənclər və ya qadınlar olmalıdır. Parlamentdə ağıllı başlara, təcrübəli adamlara ehtiyac duyulur. Əgər hamısı gənclər olsa, Milli Məclisdə normal qanunlar da qəbul olunmaz. Hər halda, normal, güclü, xalq arasında böyük nüfuza malik olan insanlarımız var. Əgər siyasi şura qərar verəcəksə, onlargələn həftənin 3-cü günündən sonra fəliyyətə başlaya biləcəklər.

-Beşinci çağırış parlamentin özü-özünü buraxması ilə bağlı Prezidentə müraciətinə münasibətinizi bilmək istərdik.  Parlament tariximizdə ilk yaşandı. Hakim partiyanı Milli Məclisdə təmsil edən çoxluq öz fəaliyyətindən razı qalmadı və vaxtından bir il əvvəl özü özünü buraxdı. Parlamentdə baş verənləri necə şərh edərdiniz?

-Bu barədə dəfələrlə fikirimi bildirmişəm. 5-ci çağırış parlament ölkə prezidentinin siyasi kursuna, onun yürütdüyü siyasətə uyğun addımlar ata bilmirdi. Onların bir hissəsi neçə illər idi ki, orada əyləşmişdi. Bəziləri deputat mandatını girov qoymuşdu. Bir hissəsi danışıqlarını bilməyən adamlar idi. Çünki ölkə prezidentinin apardığı siyasətdə parlament iştirak edə bilmirdi. Arzu edərdim ki, bu dəfə də çoxpartiyalı sistemə əsaslanmış parlament seçilsin. Dünyada qəbul edilmiş bir parlament olsun. Başqalarının əlinə fakt verməsinlər. Xaricdəki müəyyən qüvvələr deməsin ki, bu belə oldu, elə oldu... Burada əsasən xalq, dövlət udmalıdır. Dövlətçiliyimiz möhkəmlənməlidir. Bu yöndə ciddi işlər qurmalıyıq. Ölkə prezidentinə də bu işdə kömək edən, onun islahatlarına uyğun qərarlar qəbul edən çevik parlament lazımdır. Gənclər də, yaşlılar da parlamentdə təmsil olunmalıdır. Gənclər yaşlıların təcrübəsindən istifadə edə bilərlər. Onların sintezindən normal parlament heyəti qurmaq mümkündür. İstərdim ki, xalqın istədiyi bütün qüvvələr orada olsun”.

-Hafiz müəllim, parlamentdə təmsil olunan müxalifət partiyaları da bu dördillikdə süst göründü. Dövlətçilik və ictimai məzmunlu məsələlərdə fəallıq nümayiş etdirmədilər. Onlar parlamentdə təmsil olunmalarına baxmayaraq, nə bir dəfə piket, nə mitinq, nə də aksiya keçirdi. Buna münasibətinizi öyrənmək istərdik...

-Onların bəzilərinin fəaliyyətini çıxmaq şərti ilə bir çoxları o qədər də fəal deyildi. Asim Mollazadənin fəaliyyətini görə bilmədim. Tahir Kərimlinin fəaliyyəti hiss olunmadı. Qüdrət bəyin müəyyən qanunların qəbulunda fikirlərinin şahidi olduq. Onlar parlamentdə müxalifət fraksiyası funksiyasını yerinə yetirə bilmədilər. Bunu açıq demək lazımdır. Ona görə də parlament bu mənada həmişə qınaq obyektinə tuş gəlib. İstər xarici dövlətlərin, istərsə də daxildəki müəyyən qüvvələrin, eləcə də “müxalifət yoxdur” deyən insanların əlinə fakt verdilər. İstərdim ki, növbəti seçkilərdə bu boşluq doldurulsun. Parlamentdə xalqın səsini çatdırmaq istəyən qüvvələrin olmasını istərdim. Prezidentlə həmrəy olub ölkənin irəli aparılmasında birgə addımlar atılsın. Dağlıq Qarabağ məsələsində prezidentin yanında olsunlar.

-Növbəti çağırış parlamentdə müxalifət fraksiyasını hansı formada görmək istərdiniz?

-Növbəti parlamentdə müxalif qüvvələr daha da çoxluq təşkil etməlidirlər. Parlament seçkilərini boykot etməyə ehtiyac yoxdur. Seçkiləri boykot edənlərin də hərəkətləri yolverilməzdir. Xaricdən basqılar var. Düşmən qonşularımız bizi hədəfə alıb. Bunları təhlil edəndə görürük ki, bu gün bizə güclü sabitlik lazımdır. İstərdim ki, küçə müxalifəti də parlamentə gəlsin. Sözlərini parlamentdə desinlər. Küçə eyforiyasından çıxsınlar. Sözlərini parlamentdə desinlər. Dartışmalar, mübarizələr parlamentdə olsun. Kimin hansı platformada dayanmasını zaman göstərəcək. Xalqın seçimi bizim üçün daha böyük və əsas olacaq.