İsveçdə “Ağdam” kafesi açıldı – Günün təzadları

18:36 12.11.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İsveçin ikinci ən böyük şəhəri olan Göteborqda “Vitt Hem” (Ağdam – tərcüməsi) restoranının açılışı oldu. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “Ränndarch 1, 417 67 Güteborg” ünvanında yerləşən restoranın menyusu zəngindir. Hətta restoranın müştərilərinə təqdim etdiyi zəngin menyunun içərisində “Qarabağ” və “Xarıbülbül” adlı xüsusi pizzalar da var.

Restoranın sahibi, İçveçdə yaşayan həmyerlimiz Kənan Hacıəkbəroğlunun sözlərinə görə, menyular xüsusi olaraq tərtib olunub: “Menyumuzda Ağdam çay evinin şəkli var. İki pizzamız “Qarabağ” və “Xarıbülbül” adlanır. Evlərə çatdırılma xidməti göstəririk. Bu o deməkdir ki, biz hər evə Qarabağ olaraq gedirik. Bəzən müştərilərimiz həm restoranda olarkən, həm də evdən zəng vuraraq menyudakı Ağdam çay evinin şəkli ilə maraqlanırlar. Təbii ki, biz də sevə-sevə onlara məlumat veririk”.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, əfsanəvi döyüşçü Hacı Əkbər Rüstəmovun oğludur.

 

Bakıda iki fəhlə kanalizasiyaya düşüb öldü

Paytaxtda fəhlələr kanalizasiya quyusuna düşərək həlak oldu. Hafta.az yazır ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, noyabrın 11-i səhər saat 08 radələrində 1993-cü il təvəllüdlü Cavad İlyaslı və 1974-cü il təvəllüdlü Djamaladin Molayevin paytaxtın Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər”də çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş quyuya düşərək ölmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma; iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğuna tapşırılıb.

 

Bərdədə dələduz 3 qadını aldadıb bankomatdan pullarını oğurladı

Bərdə rayonunda dələduzluq etdiyinə görə tutulan şəxsin digər cinayətləri də məlum oldu. Hafta.az yazır ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, dələduzluq etdiyinə görə tutulan E.Qurbanovun ətrafında Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan üç qadını aldadıb bank kartlarından, ümumilikdə, 964 manatı çıxararaq oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

 

Qubada inək sahibinin qazdığı quyuya düşdü

Qubada 12 metr dərinlikdə quyuya inək düşdü.  Hafta.az-ın yazdığına görə, Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacıağalar kəndində baş verib.  Belə ki, kənd sakini Osmanova Zeynəb Süleyman qızının həyətində qazdırdığı 12 metirlik dərliyində su quyusuna öz inəyi düşüb.  FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.   Təhlükəsizlik qaydalarına riayət edilməklə boş su quyusundan iribuynuzlu heyvanı sağ çıxararaq sahibinə təhvil veriblər. 

 

Salyanda qoç yaşlı qadına xəsarət yetirdi

Salyan rayonunda qoç 63 yaşlı qadını vurdu. Hafta.az-ın yazdığına görə, "Report"un Aran bürosu xəbər verir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib. Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.