“Fransa Azərbaycanın dostudur“

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Nikola Sarkozi: “Siz həmişə bizə etibar edə bilərsiniz“

Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana birgünlük rəsmi səfəri reallaşıb. Dünən qonağın rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qaravul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Fransa prezidenti Nikola Sarkozini qarşılayıb. Fəxri qaravul dəstəsinin rəisi Fransa prezidenti Nikola Sarkoziyə raport verib. Fransa və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qaravul dəstəsinin önündən keçdilər.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Fransa prezidenti Nikola Sarkoziyə, Fransanın nümayəndə heyətinin üzvləri isə Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunub. Fəxri qaravul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycanın prezidenti İlham Əliyev və Fransa prezidenti Nikolya Sarkozi rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib. Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dünən Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Nikola Sarkozi və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasim iştirakçıları Azərbaycan və Fransa prezidentlərini hərarətlə qarşılayıblar. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Fransız Liseyinin yaradılması haqqında Saziş“ imzalanıb. Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri dö Renkur imzalayıblar. Azərbaycanın və Fransanın dövlət başçıları mərasimdə çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, N.Sarkozinin Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır. Çünki ilk dəfə olaraq Fransa prezidenti ölkəmizə gəlib. Dövlət başçısı vurğulayıb ki, səfər iki ölkə arasındakı əlaqələrin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcək: “Bizim əlaqələrimiz çoxşaxəlidir. Bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaq. Bizim siyasi əlaqələrimiz intensivdir“. Onun sözlərinə görə, siyasi əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda Azərbaycan-Avropa Birliyi əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır: “Bu yaxınlarda Şərq tərəfdaşlığı zirvə görüşünün keçirilməsi bir daha onu göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu var və bu əlaqələrin inkişafında əminəm ki, bundan sonra da öz dəstəyini göstərəcək. Regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir“. Dövlət başçısı bildirib ki, Fransa Minsk Qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli işində çox mühüm rol oynayır. Azərbaycan bunu yüksək qiymətləndirir və ümid edir ki, münaqişə bu səylər nəticəsində tezliklə beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək: “Uzun illərdir ki, Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon - Azərbaycan torpaqları işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və sizin də qeyd etdiyiniz kimi status-kvo dəyişdirilməlidir. Bunun üçün yaxşı imkanlar var. Status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır. Çünki bizim torpaqlarımız işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını veriblər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası və s. Yəni bu məsələnin həlli üçün hüquqi baza var. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq və münaqişəyə son qoyulacaq. Cənubi Qafqazda sülh, əməkdaşlıq mühiti yaranacaq“. Dövlət başçısı iki ölkə arasında iqtisadi əlaqələrdən də danışıb. Bildirib ki, bu il qarşılıqlı ticarət dövriyyəsi 3 milyard dollara çatıb. İlin sonuna kimi bu rəqəm 4 milyard dollar olacaq. Həmçinin Azərbaycanda bu gün 40 Fransa şirkəti fəaliyyət göstərir. Prezident təhsil və mədəniyyət sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini söyləyib.
Fransa prezidenti Nikola Sarkozi isə bildirib ki, Fransa Azərbaycanın dostudur, tərəfdaşıdır. Azərbaycan hər zaman Fransaya etibar edə bilər. Onun sözlərinə görə, Azərbaycan və Fransa təhsil və mədəniyyət sahəsində yaxşı əlaqələr qurulub. 1920-ci ildən sonra Azərbaycanın bir çox siyasi mühacirləri məhz Fransada sığınacaq tapıb. Bundan əlavə, 1944-cü ildə Moskvaya səfər edən Fransa prezidenti Şarl De Qoll birgünlük Bakıda olub: “Mən bunları unuda bilmərəm“. Sarkozi bildirib ki, bu gün ölkəsində Fransa hökuməti və Azərbaycan dövlətinin təsis etdiyi təqaüdlər hesabına azərbaycanlı tələbələr təhsil alırlar. Bundan əlavə, Bakıda açılan bu litsey Azərbaycanda yüksək fransız dilli elitanın formalaşmasına şərait yaradacaq. Buranı bitirən tələbələr Fransa universitetlərində təhsil almaq imkanı qazanacaqlar. Onlar sonradan yiyələndikləri bilikləri Azərbaycanın inkişafına tətbiq etmək üçün ölkəsinə dönəcəklər. Sarkozi bir daha prezident İlham Əliyevə səmimi dəvət üçün təşəkkür edib.
Azərbaycan və Fransa prezidentləri tikiləcək liseyin stendinə baxıblar. Sonra Fransız Liseyinin təməli qoyulub. Prezident İlham Əliyev və prezident Nikola Sarkozi gilizi təmələ buraxıblar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı töküblər. Daha sonra Fransa prezidenti Nikola Sarkozi “Bakı-Ağ şəhər“ layihəsinin maketinə baxıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa dövlətinin başçısına layihə haqqında məlumat verib. Prezident İlham Əliyev, prezident Nikola Sarkozi və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları ilə görüşüblər.
Azad