İtaliyada iki avroya ev almaq mümkün olacaq - Günün təzadları

14:10 21.08.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İtaliyada iki avroya (təxminən, dörd manat) mənzil almaq mümkündür. Sambuka di Siciliya bələdiyyəsi iki avrodan başlayan qiymətlərlə ev satışını həyata keçirməyi planlaşdırır.

Rəsmi qurumlar bununla həmin əraziyə insan axınını təmin etməyi düşünürlər. Alıcılar mənzilləri şəxsi vəsaiti hesabına təmir etməli olacaqlar.

Əlavə olaraq, Sambukaya köçən şəxslərdən yerli xəzinəyə beş min avro əmanət qoymaq tələb olunur. Evin təmiri bitəndən sonra vəsait geri qaytarılacaq. Qeyd edək ki, Sambukada 1968-ci ildə güclü zəlzələ olub. Bu hadisədən sonra əhalinin böyük əksəriyyəti şəhəri tərk edib.

 

Koronavirusa görə Fransada üzümün bir hissəsi məhv ediləcək

Koronavirus pandemiyası İkinci Dünya müharibəsindən bəri şampan şərabının tələbatının ən kəskin azalmasına səbəb oldu. Bununla əlaqədar istehsalçılar daha az üzüm yığmağa razılıq verib – məhsulun bir hissəsi isə məhv olunacaq. Bu barədə "The Times" nəşri yazır.

Şardone, pino-nüar və pino-menye üzüm növlərinin alışının 90%-ni təşkil edən 360 şərab istehsalçısı üzümçülüklə məşğul olan fermerlərlə müqavilə bağlayıb. Fermerlər hər hektardan 8 tondan çox üzüm yığılmayacağını öhdəsinə götürüb ki, bu da ötən illə müqayisədə 22% azdır.

Bu, məhsulun beşdə birinin çürüməsinə səbəb olacaq. "Moet&Chandon", "Krug", "Dom Perignon" və "Veuve Clicquot" kimi şampan markalarına sahib olan LVMH şirkətinin satışları koronavirus pandemiyası səbəbindən 30% azalıb.

 

Kim Çen In səlahiyyətlərinin bir hissəsini bacısına təhvil verib

Koreya Respublikası Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, KXDR lideri Kim Çen In səlahiyyətlərinin bir hissəsini kiçik bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin birinci müavini Kim Yo Çjona təhvil verib.

Hafta.az Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, buna baxmayaraq, KXDR lideri hələ də ali hakimiyyətin əsas təsir imkanlarını tam əlində saxlayır. O, həmçinin iqtisadi sahədə səlahiyyətlərinin bir hissəsini Nazirlər Kabinetinin yeni sədri Kim Dok Huna və Dövlət Şurasının sədr müavini Pak Bon Dyuya ötürüb.

Kəşfiyyat nümayəndələri qeyd edirlər ki, səlahiyyətlərin bu şəkildə bölgüsü KXDR liderinin varisinin müəyyən olunması mənasına gəlmir.

 

Zelenskinin oğlu koronavirusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenskinin oğlu koronavirusa yoluxub. Bu barədə Prezidentin özü məlumat yayıb.

“Əgər balacalar bu xəstəliyi adi uşaq xəstəliyi kimi keçirirsə, bu normaldır. Yalnız qızdırma olur və bütün valideynlər bundan narahatdırlar və təşvişdə olurlar. Böyüklər isə bu xəstəliyi çox çətin və ağır keçirirlər”, - Zelenski bildirib.

Prezident oğlu və həyat yoldaşının xəstəxanada birlikdə müalicə olunduqlarını da qeyd edib.

Oxunma sayı 12898