İtaliyada koronavirusdan qurtulmaq üçün Quran oxundu – Günün təzadları

19:54 20.04.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan İtaliyanın Karpi şəhərində “Epidemiyaya qarşı dua edirik” tədbiri təşkil olundu.

 Hafta.az Deyerler.org-a istinadla xəbər verir ki, Kapridə müxtəlif dinləri təmsil edən ruhanilər epidemiyadan qurtulmaq və insanların əhval-ruhiyyəsini artırmaq üçün bir yerə toplaşıblar. Şəhərin Şəhidlər meydanı kimi tanınan Martiri meydanında keçirilən dua mərasiminə şəhər meri Alberto Bellelli də qatılıb.

 Alberto Bellelli mərasimdə etdiyi çıxışında bunları deyib: “Bu gün epidemiyanın bizi məcbur etdiyi ağrılı təcrübələri yaşayırıq. Dini və mədəni həssaslığa sahib bir cəmiyyətlə dua edirik. Həftələrlə bu dəhşətli virusa qarşı əlindən gələni edən bütün işçilərə “tək deyilsiniz”- deyirik”.

 Virusdan dünyasını dəyişənləri anmaq və epidemiyanın ən qısa vaxtda dayandırılacağına ümid etmək üçün Karpi şəhərinin Martiri meydanında yerləşən Saat qülləsinin qarşısında keçirilən tədbirə qatılan məscid imamı Mourad Səlmi “Ali İmran” surəsini oxuyaraq, epidemiyanın aradan getməsi üçün dualar edib.

 “Biz müsəlmanlar bu sevimli diyarın ayrılmaz bir hissəsiyik, bu xəstəliklə bağlı Allaha dua edirik”, - deyə Moured Səlmi bildirib.

 

Xristian döyüş ustası karantində müsəlman oldu

Məlum pandemiya ilə bağlı özünütəcrid şəraitində yaşamağa məcbur olan məşhur Avstriya qarışıq döyüş növləri(“MMA”) döyüşçüsü Vilhelm Ott İslamı qəbul etdiyini açıqladı. 

Hafta.az-ın Rusiya saytlarına istinadla verdiyi xəbərə görə, idmançı Allaha şəhadət gətirməsinin evdə qeydə alınan video-yazısını internet şəbəkələrində paylaşıb.

"Bu, dərin düşüncə və İslam dini haqqında uzun axtarışlar nəticəsində baş verdi"- deyir Avstriya çempionu. 

"Müsəlman inancımla daha da güclənəcəyimi hiss edirəm. Oruc tutmaqdan ötrü səbirsizlənirəm... Tanıdığım müsəlmanların necə təmiz və əxlaqlı olduqlarını görürdüm… İslam dinini araşdırdım və müsəlman olmağa qərar verdim"- Avropalı döyüşçünün  karantin dövründə gəldiyi qənaət belə olub.

 

Türkiyə koronavirusa yoluxma sayına görə Çini ötdü

Qardaş Türkiyə yoluxanların sayına görə artıq Çini keçdi.

Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, hazırda Çində cəmi 82 min 735 nəfər koronavirusa yoluxan var. Bu gün Çində 16 yeni yoluxma qeydə alınıb, ölüm halı isə yoxdur. Türkiyədə isə ümumilikdə 86 min 306 yoluxma var. Qardaş ölkədə bu gün 3 min 977 yeni yoluxma, 127 yeni ölüm faktı qeydə alınıb. Siyahıda Çin 8-ci, Türkiyə isə 7-ci yerdədir. Çindən 1 pillə aşağıda isə digər qonşumuz İrandır. İranda bu gün 1343 nəfər yoluxub, 87 nəfər ölüb. Ümumilikdə bu ölkədə 82 min 211 yoluxma, 5 min 118 ölüm qeydə alınıb.

 

3 yaşlı qız Uhandan qayıdan həkim atasından “Sən kimsən?” soruşdu

Çinin Quyçjou əyalətində üç yaşlı qız Uhandan uzunmüddətli ezamiyyətdən qayıdan həkim atası Van Bensyueni tanımadı.

Hafta.az  xəbər verir ki, Oxu.az bu barədə “AsiaOne” nəşrinə istinadla yazıb.

Koronavirusla mübarizədə iştirak edən V.Bensyue fevral ayından evdə olmayıb. Uhanda 21 xəstə onun himayəsində olub. İki ay davam edən gərgin işdə 39 yaşlı tibb işçisinin saçları tamamilə ağarıb.

Quyçjouya qayıtdıqdan sonra o, qapının ağzından üç yaşlı qızını çağırıb. Qorxan qızı isə ona yaxınlaşmayıb və “Sən kimsən”- deyə soruşub.

Uşağın atasını tanıması üçün bir xeyli vaxt lazım olub.

Xatırladaq ki, “COVID-19”-a ilk yoluxma halı 2019-cu ilin dekabr ayında Uhanda qeydə alınıb.

 

30 nəfərin qatıldığı toyda 7 nəfər ölümcül virusa yoluxdu

Avstraliyalı cütlüyün toyu səs-küyə səbəb oldu.

Hafta.az xəbər verir ki, 20 martda Balidə baş tutan toyda 30 nəfərin iştirakı koronavirusa yoluxmaya yol açıb.

Bal ayından qayıdan evlilər 14 gün karantində saxlanılıb. Onlarda virus aşkarlanmayıb. Lakin toyda iştirak edənlərdən 7-nin koronaya yoluxduğu məlum olub.

Gəlinin toydan foto paylaşımı sosial şəbəkə istifadəçilərini özündən çıxarıb.

Paylaşıma "cəhalət, eqoist insanlar virusu Avstraliyaya geri gətirdi" -deyə şərhlər yazılıb.

 

Sumqayıt Dövlət Universiteti məhkəməyə verildi

Azərbaycanda təbii qaza olan borcunu ödəməyən universitet məhkəməyə verildi.

Hafta.az Musavat.com-a istinadla  xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt Dövlət Universitetini (SDU) məhkəməyə verib. Buna səbəb universitetin təbii qazdan istifadəyə görə yaranmış 1528 manat borcunu ödəməməsi olub.

“Azəriqaz” iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra universitet borcu tam olaraq ödəyib.

Bundan sonra “Azəriqaz”ın nümayəndəsi mülki iş üzrə iddia tələbindən imtina olunduğunu bildirib və məhkəmədən mülki iş üzrə icraata xitam verilməsini, məhkəməyə müraciət olunarkən ödənilmiş 30 manat rüsum və 40 qəpik xidmət haqqının universitetdən onların xeyrinə tutulmasını istəyib.

Sumqayıt Dövlət Universitetinin nümayəndəsi buna etiraz etməyib.

Məhkəmə “Azəriqaz” İctimai Birliyinin xeyrinə qərar çıxarıb.

Oxunma sayı 257