Azərbaycan Rusiyaya təzyiq göstərir

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Sabah“ qəzeti: “Bakı Kremlin Qarabağda qəti addım atması üçün “Nabucco“dan təzyiq vasitəsi kimi istifadə edir“

Rusiyanın Azərbaycanda yerləşən Qəbələ RLS bazasının icarə müddətinin uzadılmasına dair danışıqlar başlanıb. “Sabah“ qəzetinin yazdığına görə, keçən il Ermənistandakı Gümrü hərbi bazasını 49 il müddətinə icarəyə götürmək barədə müqavilə bağlayan Kreml eyni addımı Azərbaycanda da atmaq niyyətindədir.

Xatırladaq ki, Rusiya Qəbələ rayonu ərazisində yerləşən sözügedən RLS-i 2002-ci ildə 10 il müddətinə icarəyə götürmüşdü və bu tarix 2012-ci ildə tamamlanır.
Məqalədə göstərilir ki, Azərbaycan Rusiyadan icarə müddətinin uzadılması müqabilində ətraf mühütə dəyən ziyanların hesablanaraq maddi təzminatın ödənilməsi və ümumiyyətlə, çirklənmə prosesinin minimuma endirilməsi, RLS-də azərbaycanlı mütəxəssislərin də işə götürülməsi, ən əsası isə Dağlıq Qarabağ məsələsində Bakının xeyrinə qəti addımlar atmasını istəyir. Qəzetin iddiasına görə, əgər Moskva bu şərtlərlə razılaşmasa, Azərbaycan icarə müddətini uzatmayacaq və Rusiyanın “by-pass“ edilməsini təklif etdiyi “Nabucco“ təbii qaz layihəsinə daxil olacaq.
“Sabah“ bu yerdə Rusiya Kosmik Qüvvələrinin komandanı Oleq Ostapenkonun sözlərini sitat gətirir. Rusiyalı komandan bildirib ki, hazırda Kreml Azərbaycanın təkliflərini diqqətlə nəzərdən keçirməkdədir. Bu yerdə qəzet Rusiyanın mövcud razılaşma müqabilində Qəbələ RLS-ə görə Azərbaycana ildə 7 milyon dollar ödədiyini də qeyd edir.
“Dərhal məlumat və analiz mərkəzi kimi də tanınan və 1985-ci ildə inşa edilən Qəbələ RLS Rusiya raketdən müdafiə sisteminin bir hissəsidir. Bölgənin ən güclü RLS-i olan Qəbələ RLS konkret olaraq 6 min kilometr radiusda ərazini nəzarətdə saxlayır. Bu əraziyə əsasən Yaxın və Orta Şərq, eləcə də Asiyanın böyük hissəsini əhatə etməklə Hind okeanı bölgəsi, eləcə də Afrikanın ekvator xəttindən yuxarıda qalan hissəsi daxildir“.
Qəzetin yazdığına görə, “Rusiyanın səsi“ radiosuna açıqlama verən bir sıra mütəxəssislər Bakının RLS-in icarəyə verilməsi məsələsində qiymət baxımından yanaşmasını şərh etməyə çalışıblar. Onların fikrincə, Gümrü hərbi bazasını 49 il müddətinə icarəyə götürməklə Ermənistana tam təhlükəsizlik təminatı verən Moskvanı Dağlıq Qarabağ məsələsində addım atmağa məcbur edən Bakı “Nabucco“ layihəsində iştirak etmək istəyindən təzyiq vasitəsi kimi istifadə edir. Rusiyada tanınmış hərbi mütəxəssis Viktor Yeşin adıçəkilən radioya bildirib ki, əgər Bakı sözügedən sazişi imzalamasa, bu Rusiyaya zərər gətirəcək, amma onun mövqeyini heç də sarsıtmayacaq: “Rusiya Armavir vilayətində tikilən Voronej tipli yeni RLS-i əvvəlcədən xəbərdarlıq sistemləri ilə təchiz edərsə, Qəbələ RLS-in yoxluğu unudulacaq. Azərbaycanın isə təkbaşına Qəbələ RLS-i işlətmək imkanı yoxdur. Üstəlik, Bakı ildə 7 milyon dollar gəlirindən də məhrum olacaq“.
“Sabah“ qəzeti Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun mütəxəssislərindən olan Aleksandr Paseçnikdən də sitat gətirir. Yazır ki, A.Paseçnik Azərbaycanın “Nabucco“ya qoşulmaq istəyini Moskvaya təzyiq vasitəsi kimi yararlanmağa çalışması mümkün deyil. Onun fikri belədir ki, Azərbaycan heç vaxt Rusiya ilə münasibətlərinə zərər gətirəcək addımlar atmayacaq: “Azərbaycan Rusiyaya təzyiq etmək üçün inandırıcı olmayan faktlar seçməkdədir. Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində vasitəçilik edir. Bölgədə sülhün əsas təminatçısı olan bir ölkəyə isə təzyiqin göstərilə bilməsindən söhbət gedə bilməz“.
Vüsal Tağıbəyli
Oxunma sayı 182