İtinə görə Çindən gəlmək istəmədi - Günün təzadları

18:45 21.02.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Fevralın 20-də  koronavirusun geniş yayıldığı Çinin Uhan şəhərində yaşayan Ukrayna vətəndaşları Kiyevə təxliyyə olundu. Hafta.az yazır ki, “Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, 3 ildir Çində yaşayıb işləyən Anastasiya Zinçenko pomerianian cinsindən olan Mişa adlı itinə görə şəhəri tərk edə bilməyib. Belə ki, Çin hökuməti Anastasiyaya 6 ay öncə aldığı itini özü ilə Ukraynaya aparmağa icazə verməyib.

Ukraynanın Çindəki səfirliyi açıqlama yayaraq bildirib ki, Mişanın sahibi ilə Çindən çıxarılması üçün əllərindən gələni etsələr də, Çin səlahiyyətlilərindən icazə ala bilməyiblər.

“Səfirlik bir neçə dəfə Çinin dövlət orqanlarına müraciət etdi və Anastasiyaya iti ilə Uhandan uçmaq üçün fürsət vermələrini istədi. Ancaq karantin tədbirləri səbəbiylə Çin səlahiyyətliləri xanım Anastasiyanın ev heyvanını evakuasiya etməyə razılıq vermədilər. Buna səbəb Anastasiyanın iti xaricə aparmaq üçün lazımi sənədlərinin olmamasıdır”.

Səfirlikdən əlavə ediblər ki, Anastasiyaya ev heyvanını müvəqqəti olaraq heyvanlar üçün bir otelə yerləşdirməyi təklif ediblər, amma o, bundan imtina edib. Prezident Vladimir Zelenski Anastasiya Zinçenkoya zəng edib. O, vəziyyəti şəxsən nəzarətinə götürəcəyinə söz verib.

Öz növbəsində Zinçenko, yaxın zamanda iti ilə birlikdə vətəninə dönəcəyinə ümid etdiyini söyləyib. Prezident onun Ukraynaya evakuasiya prosesinin artıq hazırlandığını açıqlayıb.

 

İsraildə ilk hicablı polis peyda oldu və...

İsraildə ilk dəfə peyda olmuş hicablı bir polis məmuru  ictimaiyyətin bu gerçəyə son dərəcə ziddiyyətli reaksiyasına tuş gəldi.  Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, Fələstin əsilli  müsəlman qadın olan Sabrin Saadi İsraildə hicab geyən ilk polis məmurudur. Sabrin özü iddia edir ki, polis iş üçün əla yerdir və bu, ona özünü tam ifadə etməsinə şərait yaradır. Qadın müsəlman dini və hicabı ilə fəxr edir. İsrail polis formasında və tünd göy rəngli şalda olan bir müsəlman qadının fotosu sosial şəbəkələrdə şiddətli reaksiya doğurub:  İsrail istifadəçiləri islamofob və anti-ərəb  şərhlər yayımlamağa başlayıb,  müsəlmanlar isə Sabrini İslam dünyasına düşmən bir ölkəyə xidmət etməkdə qınayırlar.  Hicablı polis zabiti ərəb ictimaiyyətinin tənqidlərindən xəbərdardır. "Ancaq mən yalnız Allahdan qorxuram"- deyir Sabrin.

 

Prezident özü ilə həmyaşıd olan həmvətənlərini yubileyinə dəvət etdi

İsveçrə prezidenti Simonetta Sommaruqa onunla eyni gündə - 1960-cı ilin 14 mayında doğulmuş həmvətənlərini özünün 60 illik yubileyinə dəvət etdi. Hafta.az yazır ki, bu barədə “Report” TASS-a istinadən xəbər verir. Vurğulanır ki, bu il Sommaruqa özünün ad gününü İsveçrə vətəndaşlarının əhatəsində qeyd edəcək. Məlumata görə, 2020-ci ilin 14 mayında 60 yaşı tamam olanlar əyləncə mərasiminə dəvət olunub. Tədbir Bern ətrafında olacaq.

İştirakçıların sayı məhduddur. Buna görə təşkilati səbəblərlə əlaqədar iştirakla bağlı müvafiq sənədi doldurmaq və ona şəxsiyyət vəsiqəsinin fotosunu əlavə etmək lazımdır. İştiraka icazə verən sənəddə soyaddan, addan başqa, ünvan, telefon nömrəsi və elektron ünvanı da göstərmək tələb olunur.

 

Rus aparıcı Şahdağda saciçi bişirdi

Rusiyanın məşhur aparıcısı Mixail Şirvindt Azərbaycanın mətbəxinin ləziz təamının necə hazırlandığından bəhs edən video yayımladı. Hafta.az Musavat.com-a isinadla xəbər verir ki, Azərbaycana gəlişi zamanı aparıcı Şahdağda saciçi yeməyinin düzgün bişirmə qaydasını lentə alaraq, “YouTube” kanalında izləyicilərə təqdim edib. “Azərbaycanda insanlar belə dincəlirlər. Şahdağa gələrək xizək sürürlər və saciçi yeyirlər”, - deyə Şirvindt deyib. Qeyd edək ki, “Yeməli- yeməməli” layihəsi çərçivəsində Mixail Şirvindt müxtəlif ölkələrə səyahət edir və izləyicilərinə onlar haqqında maraqlı faktlar danışır.

 

Elektrik dirəyi kəndlilərin üzərinə aşdı

Rusiyada yağan qar nəticəsində kəndlərin birində elektrik dirəyi aşdı. Hafta.az Musavat.com-a istinadla məlumat verir ki, bir araya gələn sakinlər elektrik dirəyini qaldırmağa çalışıblar. Lakin kəndlilərin elektrik dirəyini qaldırmağa gücləri çatmayıb və elektrik dirəyi insanların üzərinə aşıb. Xoşbəxtlikdən ətrafdakılar zamanında kənara çəkilə biliblər.

 

Bakıda mühafizəçi qaçırdığı maşını pilləkənlərə çırpdı

Bakıda avtomobil qaçırıldı. Hafta.az-ın yazdığına görə, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Quliyev yanvarın 30-da yaşadığı evin qarşısından “BMW” markalı avtomobilinin mühafizəçi tərəfindən qaçırılaraq R.Behbudov küçəsində pilləkənlərə vurulmasını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Oxunma sayı 73